31 avqust 2026 15:30
107

İsrail Yunanıstanda çoxsəviyyəli HHM sistemi quracaq

İsrail və Yunanıstan təxminən 3 milyard avro məbləğində irimiqyaslı müdafiə sazişi bağlayıblar.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Müqavilə İsrail tərəfinin Afinanın ehtiyacları üçün qabaqcıl çoxsəviyyəli hava və raketdən müdafiə sisteminin qurulmasını nəzərdə tutur.

Sənədə İsrail Müdafiə Nazirliyinin baş direktoru, ehtiyatda olan general-mayor Amir Baram və onun yunanıstanlı həmkarı İoannis Buras imza atıblar. "Bu sazişə əsasən, İsrail Yunanıstanda tamamilə İsrail istehsalı olan sistemlərdən ibarət və müharibə zamanı İsrailin müdafiə strukturlarının topladığı zəngin döyüş təcrübəsinə söykənən kompleks çoxsəviyyəli hava hücumundan müdafiə sistemi quracaq", — deyə nazirlikdən bildirilib.

Proqram Yunanıstanda "Axilles qalxanı" adını alıb. Müqaviləyə əsasən, İsrail Yunanıstan tərəfinə "David’s Sling" ("Davudun sapandı") RƏM sistemləri, mobil "Barak MX" hava və raketdən müdafiə sistemləri, "Spyder" yaxınmənzilli zenit-raket kompleksi, mobil "MMR" radiolokasiya stansiyaları tədarük edəcək, eləcə də bütün hava və raketdən müdafiə vasitələrini birləşdirəcək yeni milli qoşun idarəetmə sistemini hazırlayacaq.

İsrail Müdafiə Nazirliyindən qeyd olunub ki, bu, İsrail-Yunanıstan hərbi əməkdaşlığı tarixində ən böyük sövdələşmə və ümumilikdə İsrail hərbi sənayesi üçün ən iri layihələrdən biridir.