31 avqust 2026 19:36
105

Boyun və bel ağrılarından NECƏ QURTULMALI?

Kompüter qarşısında uzun müddət vaxt keçirmək və telefona baxarkən başı aşağı əymək düzgün olmayan bədən duruşuna, boyun və bel ağrılarına səbəb ola bilər. Mütəxəssislər bu problemlərin qarşısını almaq üçün gündəlik vərdişlərdə bir sıra sadə dəyişikliklər etməyi tövsiyə edirlər.

Kompüter qarşısında uzun müddət önə əyilərək oturmaq və smartfondan istifadə zamanı başı davamlı aşağı salmaq milyonlarla insanda duruş pozuntularının yaranmasına səbəb olur. Kompüter qarşısında uzun müddət önə əyilmək bədənin çiyinlərin önə düşdüyü və başın ekrana doğru əyildiyi vəziyyət almasına səbəb ola bilər. Smartfona davamlı olaraq aşağı istiqamətdə baxmaq isə “texnologiya boynu” adlandırılan vəziyyətin yaranmasına gətirib çıxara bilər.

Düzgün olmayan duruş onurğaya normadan artıq yük düşməsinə, boyun və bel ağrılarına, həmçinin əzələlərdə müxtəlif problemlərin yaranmasına yol aça bilər.

Cleveland Clinic-in həkimi Endryu Benq bildirib ki, baş hər 2,5 santimetr önə əyildikdə onurğaya düşən yük demək olar ki, iki dəfə artır. Mütəxəssisin fikrincə, düzgün olmayan duruşun səbəbini müəyyənləşdirmək problemin aradan qaldırılmasının vacib hissəsidir. Oturma və ayaqüstə dayanma vərdişlərində ediləcək bəzi sadə dəyişikliklər bədən duruşunun yaxşılaşdırılmasına kömək edə bilər. Bununla belə, bu dəyişikliklərin mümkün qədər erkən edilməsi vacibdir.

Mütəxəssis bu cür duruş pozuntusu uzun müddət davam etdikdə onu düzəltməyin çətinləşə biləcəyini bildirir: “Oturma və ayaqüstə dayanma formasının dəyişdirilməsi isə düzgün bədən duruşunun qorunmasına və bunun sağlamlıq baxımından faydalarından yararlanmağa imkan verə bilər.”

Duruşu düsəltmək üçün xüsusi məşqlər var

Bədənin önə əyilərək, çiyinlərin qabağa düşdüyü duruşu digər bəzi duruş pozuntuları ilə müqayisədə düzəltmək daha asan ola bilər. Fizioterapevtlərin fikrincə, bu vəziyyət adətən kürəyin orta hissəsindəki əzələlərin, boynun dərin bükücü əzələlərinin və bud-çanaq ətrafındakı əzələlərin zəifliyi ilə əlaqələndirilir.

Masanın həddindən artıq hündür olması və ya kompüter ekranının çox aşağıda yerləşməsi də bu duruşun yaranmasına səbəb ola bilər.

Bu vəziyyətdə çiyinlər qulaqlara doğru qalxaraq önə düşür, baş isə ekrana doğru əyilir. Bundan əlavə, büzdüm nahiyəsində ağrı və kürək sümükləri arasında gərginlik yarana bilər. Duruşu düzəltmək üçün müxtəlif məşqlərdən istifadə etmək mümkündür.

Fizioterapevt Sara Keş Kroufordun sözlərinə görə, əzələlərin gücləndirilməsi zamanla bədən duruşunun yaxşılaşmasına kömək edir. Çiyinlərin önə düşməsinin qarşısını almaq üçün dik oturmağı və əlləri kürəyin arxasında, ovuclar arxaya baxacaq şəkildə birləşdirməyi tövsiyə edən mütəxəssis əlləri bu vəziyyətdə yuxarı və aşağı hərəkət etdirməyin və 10 saniyə sabit saxlamağın da tövsiyə olunan məşqlərdən biri olduğunu bildirir: “Hətta qolları kürəyin arxasına aparmaq belə döş qəfəsi ətrafındakı əzələlərin dartılmasına kömək edə bilər. Qolları kürəyin arxasında birləşdirərək dirsəklərdən, buna imkan olmadıqda isə qollardan tutmaq və bu vəziyyəti saxlamaq tövsiyə olunur.”

“Texnologiya boynu” telefondan istifadə zamanı başın davamlı olaraq aşağı əyilməsi nəticəsində yarana bilən problemdir və önə əyilmiş bədən duruşunun bir hissəsi hesab olunur. Bu vərdişi azaltmaq üçün çənəni geriyə, onurğaya doğru çəkmək tövsiyə edilir. Bu hərəkət boynun ön hissəsindəki əzələlərin gücləndirilməsinə kömək edir.

Fizioterapevt Kristen Qasnikin sözlərinə görə, çənəni geriyə çəkmə məşqləri düzgün bədən duruşunu dəstəkləyən dərin boyun əzələlərini işlədir. Bu isə başın önə doğru əyilməsinin qarşısını almağa və “texnologiya boynu”nun yaratdığı boyun gərginliyini azaltmağa kömək edə bilər.

Ağır çanta da duruşu poza bilər

Hər gün ağır çanta daşımaq, xüsusilə çantanın daim eyni çiyində və ya bədənin eyni tərəfində daşınması yerişə və bədən duruşuna təsir göstərə bilər. Bu cür halların qarşısını almaq üçün mütəxəssislər daha kiçik və yüngül çantadan istifadə etməyi, çanta daşıyarkən isə çiyinləri növbəli şəkildə dəyişməyi tövsiyə edirlər. Bundan əlavə, bədənin yuxarı hissəsindəki əzələləri gücləndirən və dartılmasına kömək edən məşqlərin də düzgün duruşun qorunmasına dəstək ola biləcəyi vurğulanır.

Şahnigar Əhmədova, “İki sahil”