31 avqust 2026 19:15
108

ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün formal üzvlük statusundan daha çox, Avrasiya məkanının iqtisadi, logistik və enerji xəritəsini formalaşdıran vacib strateji tərəfdaşdır

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkilatın yaranmasının 25 illik yubileyinə həsr olunan zirvə görüşü başlayıb. Qırğızıstanın 2025–2026-cı illər üzrə sədriyi çərçivəsində təşkil edilən bu yüksək səviyyəli sammit regionun liderlərini və tərəfdaş dövlətləri bir araya gətirib. Sammitin əsas şüarı belədir: "ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə" ("25 Years of the SCO: Together for Sustainable Peace, Development, and Prosperity").

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üçün coğrafi baxımdan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında körpü rolu oynayan strateji logistika və enerji qovşağıdır. Azərbaycanın ŞƏT-lə institusional münasibətləri 2015-ci ildə rəsmiləşib. İyulun 10-da Rusiyanın Ufa şəhərində keçirilən Dövlət Başçıları Şurasının iclasında Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul edilib. Ölkəmizin davamlı inkişafı, regional gücə çevrilməsi, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi böyük layihələr ŞƏT-lə münasibətlərə müsbət təsir göstərir. Xüsusilə də Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə verdiyi dəstək, Transxəzər nəqliyyat marşrutunun – Orta Dəhlizin üstünlükləri, bu ölkəni təşkilat üçün əhəmiyyətli tərəfdaşa çevirir. İlham Əliyev ŞƏT sammitində ilk dəfə 15–16 sentyabr 2022-ci ildə Özbəkistanın Səmərqənd şəhərində iştirak edib. Azərbaycan Prezidenti həmin vaxt təşkilata sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində sammitə qatılmışdı. Səmərqənddəki çıxışın əsas mövzusu Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika qovşağına çevrilməsi idi. İlham Əliyev Şərq–Qərb və Şimal–Cənub dəhlizlərini, Ələt limanını, Xəzərdəki mülki yük donanmasını, Bakı Gəmiqayırma Zavodunu və ölkənin dəmir yolu infrastrukturunu təqdim edib. Ələt limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması planı, Azərbaycandan keçən tranzit daşımaların artması və Zəngəzur dəhlizinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan Prezidentinin ikinci ŞƏT sammiti 3-4 iyul 2024-cü ildə Astanada keçirilib. İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə “ŞƏT plus” toplantısında iştirak edib. Astana  sammitində Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin 1 milyon tondan 5 milyon tona yüksəldilməsi, Orta Dəhlizin rəqəmsallaşdırılması, Ələt limanının genişləndirilməsi və Şimal-Cənub dəhlizi ilə yükdaşımaların artırılması imkanları təqdim olunub. Sammit çərçivəsində Rusiya, Qazaxıstan və Çin liderləri ilə görüşlər keçirilib. Dövlətimizin başçısı Astana Sammitindəki çıxışında da bu məsələyə toxunaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil etdiyini, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələrin ölkəmizə Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verdiyini deyib. Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə qəbul edilib. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun yüksəldilməsini dəstəklədiyini bildirib.

31 avqust–1 sentyabr 2025-ci ildə Çinin Tiencin şəhərində keçirilən sammit İlham Əliyevin ŞƏT zirvələrində üçüncü iştirakı idi. Azərbaycan Prezidenti Si Cinpinin dəvəti ilə “ŞƏT plus” formatında çıxış edib. Tiencin çıxışında Çinlə hərtərəfli strateji tərəfdaşlıq, “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz ön plana çıxarıldı. 2022-ci illə müqayisədə Orta Dəhliz üzrə Azərbaycan ərazisindən yükdaşımaların təxminən 90 faiz artdığı bildirilib. Ələt limanının genişləndirilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantıları və Zəngəzur dəhlizinin gələcəkdə Orta Dəhliz və Şimal–Cənub marşrutunun tərkib hissəsinə çevrilməsi imkanları vurğulanıb. Təşkilatın aparıcı aparıcı qüvvəsi olan Çin, Azərbaycanın ŞƏT çərçivəsindəki fəallığını və institusional statusunun yüksəldilməsi təşəbbüslərini açıq şəkildə dəstəkləyir. Bu dəstək Bakının təşkilat daxilində "Dialoq tərəfdaşı" statusundan daha üstün mexanizmlərə keçidi üçün sağlam zəmin yaradır.

Bu nüfuzlu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan statusunu yüksəltmək niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regional gücə çevrilən Azərbaycan Çin üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanır. Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, dünyada özünü mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin ötən il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir.

Xatırladaq ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatı özündə 10 üzv ölkəni birləşdirir. Bu ölkələrin ümumi əhalisi təxminən 3,5 milyard nəfərdir ki, bu da dünya əhalisinin təxminən 42 faizini təşkil edir. ŞƏT ölkələrinin ümumi ərazisi 36 milyon kvadratkilometrə yaxındır və bu, dünyanın quru ərazisinin təxminən 24 faizinə bərabərdir. İqtisadi göstəricilər də kifayət qədər böyükdür. ŞƏT ölkələrinin iqtisadiyyatı nominal ifadədə təxminən 27 trilyon dollar təşkil edir ki, bu da qlobal iqtisadiyyatın təxminən 23 faizidir. Alıcılıq qabiliyyəti pariteti ilə hesablandıqda isə onların dünya ÜDM-də payı 36 faizə çatır. Bu rəqəmlər bir daha göstərir ki, Şanxay Əməkdaşlıq Təşkilatı böyük iqtisadi, demoqrafik və coğrafi potensiala malik mühüm beynəlxalq platformadır. Belə bir platformada Azərbaycanın dialoq tərəfdaşı kimi iştirakı ölkəmiz üçün ciddi iqtisadi imkanlar yaradır. Xüsusilə nəqliyyat, enerji, logistika, rəqəmsal texnologiyalar, süni intellekt, investisiya və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi maraqlarına tam uyğundur.

Sevinc Azadi, “İki sahil”