Avropa İttifaqı (Aİ) deportasiyaların sayını artırmaq məqsədilə üçüncü ölkələrdə deportasiya mərkəzlərinin yaradılması və sığınacaq qaydalarının sərtləşdirilməsi barədə razılığa gəlib.
“İki sahil” Almaniya mediasına istinadla xəbər verir ki, razılaşma Avropa Parlamenti və üzv dövlətlərin hökumətlərinin nümayəndələri arasında aparılan müzakirələr nəticəsində əldə olunub. Qaydalar əsasən sığınacaq müraciəti rədd edilən və Aİ ərazisini könüllü tərk etməyən şəxslərin gələcəkdə İttifaq məkanından kənarda yerləşən xüsusi mərkəzlərə göndərilməsini nəzərdə tutur. Həmin mərkəzlərdə onların mənşə ölkələrinə deportasiyası təşkil olunacaq. Razılaşmaya görə, müşayiətsiz azyaşlılar bu tədbirdən kənarda saxlanılacaq. Lakin uşaqlı ailələr üçün istisna olmayacaq. Deportasiya mərkəzlərinə ev sahibliyi edən tərəfdaş ölkələrə maliyyə dəstəyi və ya viza sahəsində güzəştlər təqdim edilə bilər.
Yeni qaydalar deportasiya qərarlarının icrasından yayınan şəxslərə qarşı sanksiyaların da sərtləşdirilməsini nəzərdə tutur. Belə hallarda sosial ödənişlərin dayandırılması, səyahət sənədlərinin müsadirəsi və deportasiya məqsədilə saxlanılma tədbirləri tətbiq oluna bilər. Saxlanma müddəti adi hallarda 24 aya, xüsusi hallarda isə 30 aya qədər uzadıla bilər.
Məlumata görə, Almaniya da daxil olmaqla bir sıra Aİ ölkələri artıq potensial tərəfdaş dövlətlərlə danışıqlara başlayıb. Deportasiya mərkəzlərinin hansı ölkələrdə yaradılacağı hələlik açıqlanmayıb.
Yeni qaydaların qüvvəyə minməsi üçün sənədin Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməsi tələb olunur. Bu prosedur isə adətən formal xarakter daşıyır.
Qeyd edək ki, son illərdə Aİ-yə qeyri-qanuni miqrasiya axınında və sığınacaq müraciətlərinin sayında azalma müşahidə olunur. Statistikaya əsasən, 2025-ci ildə Aİ-də ölkəni tərk etməli olan miqrantların təxminən 28 faizi faktiki olaraq geri qaytarılıb.