03 noyabr 2026 19:35
119

İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır - Ermənistanın Baş naziri

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə "Euronews" telekanalı tərəfindən təşkil olunmuş "Avropanın gələcəyi" sammitində çıxışı zamanı bildirib.

Paşinyan vurğulayıb ki, İrəvan və Bakı arasında münaqişənin sülh yolu ilə həllinə dair Vaşinqton razılaşmaları artıq real məzmun kəsb edib. Bununla belə, indi əsas məsələ həmin razılaşmaların institusional əsaslarını formalaşdırmaqdır. O, iki ölkənin xarici işlər nazirləri tərəfindən 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh müqaviləsinin imzalanmasının və ratifikasiyasının vacibliyini qeyd edib.

Regional əməkdaşlıqdan danışan Baş nazir bildirib ki, o, Cənubi Qafqazı fərqliliklərə baxmayaraq, inkişaf üçün birgə yanaşma və strategiya formalaşdırmağa imkan verən ümumi maraqların mövcud olduğu vahid bir region kimi nəzərdən keçirir.

"Gürcüstanla artıq çox yaxşı əməkdaşlığımız qurulub. Ənənəvi olaraq, münasibətlərimiz sıx və dostluq xarakteri daşıyır. Hazırda biz ikitərəfli ticarət əlaqələrimiz olan Azərbaycanla da münasibətlər qururuq. İndi isə regional infrastruktur əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaq TRIPP layihəsini həyata keçirmək niyyətindəyik", - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında sülh, TRIPP layihəsinin həyata keçirilməsi və Gürcüstan, Ermənistan və Azərbaycanın xüsusilə logistika sahəsindəki əməkdaşlığı qlobal tədarük zəncirləri böhranının aradan qaldırılması üçün imkanlar yaradır.

"Bütün bu proses Cənubi Qafqaza beynəlxalq arenada tamamilə yeni bir mövqe tutmağa imkan verəcək", - o bildirib.

Paşinyan Mərkəzi Asiyanın regiona yaxınlığına və bütövlükdə bölgənin qlobal əhəmiyyətinin artmasına da diqqət çəkib. Onun sözlərinə görə, yeni beynəlxalq ticarət marşrutunun formalaşması Avropa İttifaqı, Çin, Yaxın Şərq, Şimali Afrika və digər regionlar üçün əhəmiyyət kəsb edəcək.