01 iyun 2026 15:50
147

"SoftBank" süni intellekt investisiyaları sayəsində Yaponiyanın ən dəyərli şirkəti oldu

Yaponiyanın texnologiya nəhəngi "SoftBank Group" süni intellekt (AI) sahəsindəki aktiv investisiyaları fonunda bu ölkənin ən bahalı şirkəti olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Şirkətin səhmləri 14% artdıqdan sonra onun bazar dəyəri təxminən 48,8 trilyon yenə (300 milyard dollardan çox) yüksəlib. Bununla da "SoftBank" uzun illər lider olan "Toyota" şirkətini geridə qoyub. "Toyota"nın bazar dəyəri təxminən 288 milyard dollar səviyyəsində qiymətləndirilir.

Son bir il ərzində "SoftBank"ın səhmləri təxminən 365% bahalaşıb. Bu artım əsasən qlobal süni intellekt dalğası və şirkətin bu sahəyə geniş sərmayələri ilə izah olunur.

"SoftBank" həm OpenAI, həm də çip istehsalçısı Arm Holdings kimi layihələrə investisiya edib. Şirkət həmçinin Avropada böyük bir məlumat mərkəzinin yaradılmasına 75 milyard avroya qədər investisiya planlaşdırdığını açıqlayıb.

İnvestisiya şirkəti "Jefferies" analitiklərinin fikrincə, süni intellekt sahəsindəki bu artım yüksək gəlirlər hesabına dəstəklənsə də, bazarda konsentrasiya riski və yüksək dəyişkənlik qalmaqdadır.