29 may 2026 20:27
110

BMT rəsmisi: Azərbaycan kimliyi qitələrin və sivilizasiyaların qovşağında formalaşıb

Azərbaycanın kimliyi qitələrin və sivilizasiyaların qovşağında - ideyaların, mədəniyyətlərin və ənənələrin əsrlər boyu bir-birinə qarışdığı məkanda formalaşıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş qərargahında təşkil olunan rəsmi qəbulda çıxış edən BMT Baş katibinin Kabinet rəhbəri Kortni Ratrey deyib.

Bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Tədbirə digər ölkələrin BMT-dəki daimi nümayəndələri, diplomatlar və yüksək vəzifəli rəsmilər qatılıb.

Qəbulda çıxış edən BMT Baş katibinin Kabinet rəhbəri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Qonaqlara müraciət edən Azərbaycanın daimi nümayəndəsi, səfir Tofiq Musayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini vurğulayıb. O, Azərbaycanın BMT-nin əsas sütunları üzrə - Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsindən və insan hüquqlarının təşviqindən tutmuş, beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə qədər olan sahələrdə fəal töhfələrini diqqətə çatdırıb.