İsveç hökuməti beynəlxalq övladlığagötürmə sistemində uşaq alveri və sui-istifadə halları ilə bağlı araşdırmalardan sonra övladlığa götürülmüş insanlar üçün milli dəstək mərkəzi yaratmaq qərarına gəlib. Mərkəzin gələn ilin yanvar ayına qədər açılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, müvafiq qərar beş il əvvəl qanunsuz beynəlxalq övladlığagötürmələrlə bağlı jurnalist araşdırmalarına cavab olaraq yaradılmış xüsusi komissiyanın işindən sonra verilib. Komissiyanın qərarına görə, İsveç hazırda beynəlxalq övladlığagötürmələrin qanuniliyinə və təhlükəsizliyinə tam zəmanət verə bilmir.
Ekspertlər, həmçinin beynəlxalq övladlığagötürmələrə tədricən son qoymağı, habelə bu qəbildən olan insanlara və onların ailələrinə rəsmi üzr istəməyi tövsiyə ediblər. Lakin hökumət bu məsələləri indiyə qədər təxirə salıb.
Məsələ siyasi cəhətdən həssas olaraq qalır, çünki Baş nazir Ulf Kristersson əvvəllər - beynəlxalq övladlığagötürmə ilə bağlı sui-istifadə hallarının baş verdiyi dövrdə Övladlığagötürmə Mərkəzinə rəhbərlik edib. Sosial işlər naziri Kamilla Valtersson Qrönvalın sözlərinə görə, rəsmi üzr istəmək və övladlığagötürmənin mümkün dayandırılması məsələləri əlavə müzakirə tələb edir. İsveç mediasının məlumatına görə, bu məsələlərlə bağlı qərarın payızda keçiriləcək parlament seçkilərindən əvvəl verilməsi ehtimalı azdır.