26 may 2026 21:56
98

SİMA dövlət xidmətlərində inklüzivliyi və kütləvi rəqəmsallaşmanı təmin edir

Həmçinin sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması və fiziki arxivləşdirmə ehtiyacının aradan qaldırılması ilə "kağızsız idarəetmə" modelinə keçidi həm dövlət, həm də özəl sektorda kəskin şəkildə sürətləndirir

SİMA rəqəmsal imza layihəsi Azərbaycan Respublikasının rəqəmsal transformasiya strategiyasının ən mühüm institusional və texnoloji dayaqlarından biri kimi çıxış edir. Bu təşəbbüsün əsas mahiyyəti dövlət idarəetməsində identifikasiya və təsdiqləmə proseslərinin ənənəvi, fiziki infrastrukturdan asılı modeldən çıxarılaraq tam rəqəmsal müstəviyə keçirilməsidir. Beləliklə, SİMA layihəsi dövlət xidmətlərinin göstərilməsində operativlik, şəffaflıq və əlçatanlıq kimi fundamental idarəetmə prinsiplərinin yeni texnoloji mühitdə reallaşdırılmasına xidmət edir və “kağızsız idarəetmə” modelinə keçidin strateji əsasını formalaşdırır.

Ənənəvi elektron imza sistemləri əsasən xüsusi sertifikat daşıyıcıları (token, smart kart və s.) və fiziki autentifikasiya vasitələri tələb etdiyi halda, SİMA-nın mobil əsaslı arxitekturası bu məhdudiyyətləri aradan qaldıraraq imzanı birbaşa mobil cihaz üzərindən istifadəyə imkan verir. Bu, təkcə texnoloji yenilik deyil, həm də xidmətlərin təqdim olunma fəlsəfəsində dəyişiklikdir: vətəndaş artıq xidmət məntəqəsinə müraciət etmədən, coğrafi və zaman məhdudiyyəti olmadan rəqəmsal identifikasiya həyata keçirə bilir. Nəticədə dövlət xidmətlərinin göstərilməsi daha çevik, resurs baxımından daha səmərəli və istifadəçi yönümlü xarakter alır.

Rəqəmsal imzanın tam mobil mühitə inteqrasiyası vətəndaş–dövlət münasibətlərində yeni idarəetmə mədəniyyəti formalaşdırır. Bu mədəniyyətin mərkəzində “prosedur yönümlü bürokratiya”dan “nəticə və xidmət yönümlü rəqəmsal idarəetmə”yə keçid dayanır. Vətəndaş dövlət xidmətlərini passiv qəbul edən tərəf deyil, rəqəmsal ekosistemin aktiv iştirakçısına çevrilir. Eyni zamanda, dövlət orqanları real vaxt rejimində daha dəqiq məlumat axını əldə edərək qərarvermə prosesini optimallaşdırır, bu isə idarəetmədə çeviklik və hesabatlılıq səviyyəsini yüksəldir.

 

SİMA-nın hüquqi etibarlılığı müvafiq milli qanunvericilik bazasına, elektron imza və elektron identifikasiya sahəsində qəbul olunmuş normativ aktlara əsaslanır. Texniki baxımdan sistem güclü kriptoqrafik alqoritmlər, rəqəmsal sertifikatlaşdırma infrastrukturu (PKI – Public Key Infrastructure), eləcə də çoxfaktorlu və biometrik autentifikasiya mexanizmləri üzərində qurulmuşdur. Bu yanaşma imzanın unikal, təkrarlana bilməyən və hüquqi baxımdan məcburi qüvvəyə malik olmasını təmin edir. Beləliklə, SİMA vasitəsilə yaradılan elektron imza hüquqi cəhətdən əl yazısı imza ilə eyni statusa malik olur və dövlət sənəd dövriyyəsində tam legitimlik daşıyır.

SİMA-nın tətbiqi Azərbaycanda “kağızsız idarəetmə” modelinə keçidi sürətləndirən əsas infrastruktur elementlərindən biridir. Sənəd dövriyyəsinin tam elektronlaşdırılması inzibati prosedurların sadələşdirilməsinə, insan faktorundan asılılığın azalmasına və vaxt-resurs itkilərinin minimuma endirilməsinə şərait yaradır. Strateji baxımdan bu transformasiya dövlət idarəetməsində institusional səmərəliliyi artırır, korrupsiya risklərini azaldır və rəqəmsal iqtisadiyyatın inkişafı üçün əlverişli ekosistem formalaşdırır.

Nəticə etibarilə, “AZCON Holding”in tərkibində fəaliyyət göstərən “AzInTelecom” tərəfindən yaradılmış SİMA layihəsi təkcə texnoloji həll deyil, həm də dövlət idarəetməsində yeni paradiqma dəyişiminin ifadəsidir. Artıq SİMA-nın 6,5 milyondan çox istifadəçiyə malik olması onun sosial qəbul səviyyəsinin və praktiki effektivliyinin göstəricisidir. Bu sistem Azərbaycanın rəqəmsal dövlət modelinə keçidində strateji rol oynayaraq idarəetmənin daha çevik, şəffaf və innovativ əsaslar üzərində qurulmasına xidmət edir.

Bu layihənin dövlət idarəetməsində yaratdığı yenilikləri və vətəndaş–dövlət münasibətlərinə təsirini daha dərindən öyrənmək məqsədilə “AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom”a sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, SİMA dövlətin rəqəmsal transformasiya strategiyasında vətəndaşların, biznes subyektlərinin və dövlət qurumlarının vahid, məsafədən və sürətli autentifikasiya ehtiyacını qarşılayır:”Bu təşəbbüs idarəetmə sistemində bürokratik maneələri minimuma endirərək, xidmətlərin göstərilməsini mərkəzləşdirilmiş formaya salır. Bununla da sənədləşmə məsələlərində fiziki mövcudluq tələbi aradan qalxır və proseslərin gedişi əhəmiyyətli dərəcədə sürətlənir.”

Bununla yanaşı, qurumdan verilən məlumatda  xüsusi olaraq vurğulanır ki, ənənəvi elektron imza sistemlərindən fərqli olaraq SİMA tamamilə mobil və bulud əsaslı texnoloji arxitekturaya malikdir:”Ənənəvi elektron imzalar fiziki daşıyıcılar tələb etdiyi halda, SİMA tamamilə bulud və mobil əsaslı platforma təqdim edir. İstifadəçilər smartfon vasitəsilə, istənilən məkanda və zaman məhdudiyyəti olmadan biometrik eyniləşmə, yəni üztanıma ilə saniyələr içində prosesləri icra edə bilirlər. Bu model dövlət xidmətlərinə çıxış maneələrini aşağı salaraq inklüzivliyi və kütləvi rəqəmsallaşmanı təmin edir.”

 

Bu texnoloji üstünlük sistemin funksional imkanlarını daha da genişləndirərək dövlət xidmətlərinin təqdim olunma modelində əsaslı yeniliklərə yol açır. Məhz bu kontekstdə “AzInTelecom”dan diqqətə çatdırıldı ki, rəqəmsal imzanın mobil tətbiqə inteqrasiya edilməsi vətəndaş-dövlət münasibətlərində ənənəvi bürokratiyanı əvəzləyən insanmərkəzli və çevik idarəetmə mədəniyyəti formalaşdırır: “Bu keçid, xidmətləri zaman və məkan əngəllərindən azad edərək, vətəndaşlara 7/24 kəsintisiz rəqəmsal imkanlar qazandırır. Fiziki təmasların və sənəd yığınlarının sıfırlanması proseslərdə şəffaflığı artırır və riskləri aradan qaldırır. Eyni zamanda, paytaxtda və ən uzaq bölgədə yaşayan şəxslərin xidmətlərə bərabər çıxışı təmin olunması cəmiyyətdə sosial ədalət prinsipi dərinləşir.”

Hüquqi tənzimləmə, elektron sənəd dövriyyəsinin normativ əsasları və rəqəmsal imzanın dövlət səviyyəsində tanınması kontekstində qeyd etmək lazımdır ki, müvafiq qanunvericilik bazası “SİMA İmza” vasitəsilə təsdiqlənən sənədlərin hüquqi qüvvəsini tam şəkildə təmin edir və onları əl imzası ilə eyni hüquqi statusda qəbul edir. “SİMA İmza” ilə imzalanan sənəd Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununa əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Qurumdan  verilən məlumatda o da bildirilir ki, elektron imza istifadə edilərkən vətəndaş (və ya sahibkar), imzanı verən mərkəz və dövlət qurumları arasındakı münasibətlər Azərbaycan qanunlarına və tərəflərin bir-biri ilə bağladığı rəsmi müqaviləyə əsasən tənzimlənir. Yəni, rəqəmsal imza prosesindəki bütün tərəflərin hüquq və vəzifələri birbaşa qanunvericiliklə və imzalanan müqavilə şərtləri ilə qorunur və idarə olunur.

Bu hüquqi mexanizmlər elektron imzanın etibarlılığını və hüquqi qüvvəsini təmin etməklə yanaşı, rəqəmsal idarəetmə mühitində sənəd dövriyyəsinin dayanıqlığını da möhkəmləndirir. Bu kontekstdə SİMA sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması və fiziki arxivləşdirmə ehtiyacının aradan qaldırılması ilə həm dövlət, həm də özəl sektorda “kağızsız idarəetmə” modelinə keçidi sürətləndirir. Qurumdan bildirildi  ki, bu prosesin strateji təsiri dövlət büdcəsinə, logistikaya və kargüzarlıq xərclərinə qənaət edilməsinə, eləcə də ekoloji dayanıqlığın təmin olunmasına müsbət təsir göstərir. Eyni zamanda, kağız sənədlərin itməsi və saxtalaşdırılması riskləri sıfıra enir, bu da ölkənin qlobal rəqəmsal rəqabətədavamlılıq indekslərində mövqeyini gücləndirir.

Yaqut Ağaşahqızı, “İki sahil”