26 may 2026 21:24
73

23 aylıq Cümhuriyyətdən güclü və qalib Azərbaycana

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycan tarixinin deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi tarixində yeni mərhələnin əsasını qoydu. Azərbaycan xalqı həmin gün ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını quraraq milli dövlətçilik iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə təkcə bir dövlətin yaranması deyildi; o, milli özünüdərkin, azadlıq ideyasının və müasir dövlətçilik düşüncəsinin siyasi təcəssümü idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, qısa müddətdə həyata keçirdiyi fundamental islahatlar dövlətçilik tariximizdə silinməz iz qoydu. Məhz həmin dövrdə parlament formalaşdırıldı, hökumət təsis edildi, dövlət atributları qəbul olundu, milli ordu yaradıldı, diplomatik fəaliyyətə başlanıldı və Azərbaycan beynəlxalq münasibətlər sisteminə daxil oldu. Şərqdə ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququnun verilməsi isə Cümhuriyyətin demokratik mahiyyətini və mütərəqqi xarakterini açıq şəkildə nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın müstəqil dövlət olduğunu bəyan etməklə yanaşı, xalq hakimiyyəti, hüquq bərabərliyi və demokratik idarəçilik prinsiplərini də təsbit etdi.

Bu sənəd Azərbaycanın gələcək dövlətçilik konsepsiyasının siyasi və hüquqi əsasını formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Milli ordu formalaşdırıldı, dövlət bayrağı qəbul edildi, vətəndaşlıq institutu təsis olundu, təhsil və məhkəmə-hüquq sistemində mühüm islahatlar həyata keçirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə milli kadr hazırlığı və intellektual inkişaf baxımından strateji əhəmiyyət daşıyan qərar idi. Cümhuriyyət hökumətinin əsas prioritetlərindən biri də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında iştirak və aparıcı dövlətlərlə diplomatik əlaqələrin qurulması istiqamətində görülən işlər nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanındı. Bu amil 1920-ci il bolşevik işğalından sonra belə Azərbaycanın siyasi xəritədən tam silinməsinin qarşısını alan mühüm hüquqi əsaslardan biri oldu. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkə ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü, daxili qarşıdurmalar və idarəetmə böhranı dövlət müstəqilliyini ciddi təhlükə altına salmışdı. 

Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Onun siyasi iradəsi və uzaqgörən strategiyası nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət institutları möhkəmləndirildi, hüquqi dövlət quruculuğunun əsası yaradıldı və Azərbaycanın beynəlxalq mövqeləri gücləndirildi. Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri müasir Azərbaycan dövlətçiliyinin əsas siyasi fəlsəfəsinə çevrildi. Məhz onun rəhbərliyi ilə Azərbaycan öz geosiyasi və iqtisadi potensialını reallaşdırmağa başladı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağın dövlət bayrağı kimi qaldırılması isə müstəqilliyə gedən yolun siyasi başlanğıcı oldu. Bu addım sovet sisteminin mövcud olduğu bir dövrdə milli iradənin və dövlətçilik əzminin nümayişi idi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu dövlətçilik ənənələri daha da gücləndirilir. Müasir Azərbaycan siyasi sabitliyi, iqtisadi inkişafı, güclü ordusu və müstəqil xarici siyasəti ilə regionun aparıcı dövlətinə çevrilib. Cənab Prezidentin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan yalnız iqtisadi baxımdan deyil, həm də diplomatik və geosiyasi müstəvidə mühüm güc mərkəzi kimi mövqeyini möhkəmləndirib. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat layihələri, regional əməkdaşlıq platformaları və çoxşaxəli diplomatik siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər isə müasir dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu qələbə həm də Azərbaycan Xalq Cümhuriyyətinin yarımçıq qalmış milli dövlətçilik missiyasının tamamlanması kimi qiymətləndirilir. Bu gün üçrəngli Azərbaycan bayrağının Şuşada, Qubadlıda, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər azad edilmiş torpaqlarda dalğalanması dövlətçilik tariximizin ən böyük siyasi və mənəvi nailiyyətlərindən biridir. Prezident cənab  İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik yalnız siyasi status deyil, həm də milli iradə, güclü dövlət və qalib xalq deməkdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan balanslaşdırılmış xarici siyasət ənənəsi bu gün də uğurla davam etdirilir. Azərbaycan həm türk dünyasında, həm İslam aləmində, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal və etibarlı tərəfdaş kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a ev sahibliyi və qlobal enerji təhlükəsizliyində oynadığı rol ölkəmizin beynəlxalq mövqelərinin gücləndiyini göstərir. Müasir Azərbaycanın uğurları bir daha sübut edir ki, 1918-ci ildə əsası qoyulan dövlətçilik ideyası yaşayır və inkişaf edir. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi bu gün müstəqil, güclü və qalib Azərbaycanın timsalında yeni mərhələyə qədəm qoyub. 2021-ci ildə qəbul edilən “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması dövlətçilik tariximizə verilən yüksək siyasi qiymətin ifadəsidir. Bu qərar Azərbaycanın məhz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan xalqı Müstəqillik Gününü artıq fərqli tarixi şəraitdə ərazi bütövlüyünü təmin etmiş, regional liderə çevrilmiş və beynəlxalq nüfuzu artmış qalib dövlət kimi qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən əsası qoyulan milli dövlətçilik ideyası bu gün cənab Prezidentin rəhbərliyi ilə daha da güclənir. Müasir Azərbaycan həm siyasi, həm iqtisadi, həm də diplomatik müstəvidə müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir güclü dövlətdir.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!”

Tahir Mirkişili,

Milli Məclisin deputatı