06 noyabr 2026 23:37
95

Müstəqilliyimizin, suverenliyimizin, hüquqlarımızın təminatı

XX yüzilliyin sonunda baş verən tarixi hadisələr nəticəsində xalqımız müstəqil, suveren Azərbaycan dövlətini yaratmağa nail oldu. Bu baxımdan milli müstəqilliyimizin əsas atributu olan Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) qəbul olunması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu Konstitusiya vasitəsilə varlığımız,  müstəqilliyimiz,  suverenliyimiz, hüquqlarımız bir daha təsdiq olunmuş, dünya birliyinə bəyan edilmişdir. Ölkəmizin Konstitusiyası dünyada mövcud olan ən demokratik Konstitusiyalardan biridir.

Konstitusiyamızın dərin məna və məzmuna malik olması, əvvəldən sonadək hazırlanması, ərsəyə gətirilməsi Azərbaycan xalqının dahi oğlu ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Konstitusiyamızın hər bir maddəsində Heydər Əliyev zəkası, təfəkkürü, müdrik fikir və ideyaları aydın  hiss olunur.

1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Qanunu qəbul etdi. Lakin bu qanun ölkə vətəndaşlarının hüquq və vəzifələrini heç də tam əks etdirmirdi.

Ona görə də təxirə salınmadan respublikamızın ilk Milli Konstitusiyasını yaratmaq zərurəti yaranmışdır. 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması  istiqamətində  fəaliyyətə başladı. Yeni, müstəqil  Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlər həyata keçirildi.

Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq  tərəfindən   qəbul  edilən  yeni Konstitusiyaya  ehtiyac  vardır. Dahi rəhbərimiz Heydər Əliyev deyirdi: “ Biz elə bir layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsipləri əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də  çox çətindir”...

Nəhayət, Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi vasitəsilə həyata keçirildi. Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış 1 noyabr 1996-cı il tarixli fərmana əsasən hər il noyabrın 12-i ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış milli Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla  yanaşı  özündə  tarixi ənənələrimizi, Azərbaycan  xalqının milli-mənəvi dəyərlərini ehtiva edir.

Dahi rəhbərimiz Heydər Əliyev Konstitusiya komissiyasının iclasında demişdir: “Komissiyanın sədri kimi, şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyirəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün  mənasını  dəfələrlə  araşdırmışam, onun bu gün üçün , gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahat hiss ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm”.

Konstitusiyamızda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəvi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunmuşdur. Müdrik siyasətçi Heydər Əliyevin təklifi ilə Konstitusiyamıza Azərbaycan dilinin Azərbaycan Respublikasında dövlət dili olmasını təsbit edən 21-ci maddəyə daxil edildi.

Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanunun qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapmışdır.

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və Konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilmiş, Konstitusiyaya əlavə dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bu mənada 24 avqust 2002-ci il, 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı il tarixlərdə Konstitusiyamıza edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının, hüquq sisteminin və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmişdir. Cənab Prezidentimiz İlham Əliyev demişdir: “Keçən illər ərzində Konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir”.

Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmış, əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Dövlət bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.Hazırda Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir.

Bu il – “Şəhərsalma və Memarlıq ili”ndə ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaq, qüdrətli Azərbaycanın dünya ölkələri birliyində özünə layiqli yer tutmasında, müstəqilliyimizin əbədi və dönməz olmasında əvəzsiz rol oynayacaqdır. Ölkəmizdə  həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaqdır.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri