26 may 2026 22:15
88

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin zirvəsidir

Bu il 108-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın zəngin dövlətçilik tarixində bənzərsiz bir mərhələ, milli qürur mənbəyimiz və müasir suverenliyimizin fundamental hüquqi bünövrəsi olmuşdur. I Dünya müharibəsinin başa çatması, çar Rusiyasının süqutu, yerində dünyanın ilk sosialist dövlətinin yaranması, regional xaosun hökm sürməsi kimi hadisələrlə səciyyələnən mürəkkəb geosiyasi şəraitdə Cümhuriyyəti yaradan dövlət xadimlərimiz – M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov və b. o dövr üçün müasir dövlət aparatını formalaşdırdılar. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsi xalqın suverenliyini, vətəndaşların siyasi və mülki hüquqlarını təsbit edən milli dövlətçiliyimizin ilk rəsmi hüquqi-konstitusional akt idi. Həmin il dekabrın 7-də fəaliyyətə başlayan, azərbaycanlılarla yanaşı, bütün milli azlıqlara və siyasi partiyaların nümayəndələrinə yer ayrılan Azərbaycan Parlamenti tam demokratik əsaslarla formalaşmışdı. Xalq Cümhuriyyəti irqindən, dinindən, sinfindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar tanıdı. ABŞ, Fransa və İtaliya kimi bir çox Qərb dövlətlərindən xeyli əvvəl qadınlara seçki hüququ verildi.

Cümhuriyyət fəaliyyəti dövründə gələcək milli intellektual mülki cəmiyyətin və milli təhlükəsizliyin əsas rəmzlərini təsbit etdi. 1918-ci il iyunun 26-da ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı, noyabrın 9-da isə dövlətimizin bu gün də fəxrlə dalğalanan üçrəngli bayrağı qəbul edildi. Azərbaycan dili rəsmi dövlət dili elan edildi, məktəblərin milliləşdirilməsinə başlanıldı. 1919-cu ildə Şərqin ilk müasir tipli ali təhsil ocağı olan Bakı Dövlət Universiteti təsis edildi. Yüzlərlə azərbaycanlı gənc dövlət təqaüdü ilə Avropanın aparıcı universitetlərinə təhsil almağa göndərildi. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə böyük çətinliklərlə Paris Sülh Konfransına qatılan Cümhuriyyət xadimləri yalnız daxildə deyil, xarici siyasətdə də proaktiv fəaliyyət göstərdilər. Gərgin diplomatik səylərin məntiqi nəticəsi olaraq 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Qısa müddətdə Bakıda ondan çox xarici dövlətin rəsmi nümayəndəliyi və konsulluğu fəaliyyətə başladı.

Lakin mövcud gərgin beynəlxalq və ağır regional reallıqlar şəraitində bu dəfə sovet Rusiyasının imperiya ambisiyaları və onun təhriki ilə daxili bolşevik təxribatları Cümhuriyyətin süqutunu yaxınlaşdırdı. 1920-ci il aprelin 27-dən 28-ə keçən gecə XI Qırmızı Ordunun hərbi müdaxiləsi və Bakını işğal etməsi ilə Xalq Cümhuriyyəti süqut etsə də, xalqın şüurundan müstəqillik fəlsəfəsi silinmədi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edərkən özünü Azərbaycan SSR-in deyil, məhz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etdi və bu gün dövlət himnimiz, gerbimiz və bayrağımız Cümhuriyyətdən miras qalmış müqəddəs rəmzlərdir.

XX əsrin sonunda keçmiş SSRİ-nin tənəzzülü və süqutu mərhələsində Azərbaycanda Cümhuriyyət dəyərlərinin bərpası prosesi Naxçıvandan başladı. 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı muxtar respublikadan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı. Həmin il noyabrın 17-də Naxçıvanda yeni seçilmiş parlamentin ilk sessiyasının birinci iclasında o zaman muxtar respublika parlamentinə seçilmiş Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi, Azərbaycan parlamenti qarşısında Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, yeni milli dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması məsələsi qaldırıldı.

Bundan yalnız 9 ay sonra, keçmiş sovetlər ittifaqına daxil olan respublikalarda mərkəzdənqaçma, müstəqilliyə qovuşmaq istəyi qarşısıalınmaz həddə çatdıqda, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsindən təxminən 11 ay sonra Ali Sovet “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

          Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra müstəqil dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq ideologiyasının əsaslarına uyğun olaraq demokratik, hüquqi dövlətə keçid yoluna qədəm qoyuldu. Məhz böyük lider öz dühası ilə Azərbaycan tarixinin yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, hakimiyyət böhranı aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi, nizami silahlı qüvvələr yaradıldı. Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi, islahatlar nətisəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı.

“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”, – söyləyən Ulu Öndər Heydər Əliyev bununla Cümhuriyyətin yaranmasını təsadüfi bir tarixi hadisə və ya sadəcə geosiyasi şəraitin gətirdiyi bir nəticə deyil, XIX əsrin sonu və XX əsrin əvvəllərində mütəfəkkir ziyalılarımızın apardığı maarifçilik hərəkatının nəticəsində Azərbaycan xalqının intellektual və mənəvi təkamülünün məntiqi yekunu kimi qiymətləndirirdi.

Ümummilli Liderimiz qurucusu olduğu müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında yalnız hüquqi deyil, həm də dərin bir mənəvi-siyasi bağ quraraq deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Sovet hakimiyyəti illərində 28 May tarixi və Cümhuriyyət qurucularının adları qadağan edilmiş, onlara “burjua millətçiləri” damğası vurulmuşdu. Cümhuriyyətin üçrəngli bayrağının ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olunması, “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”, Heydər Əliyevin imzaladığı Prezident Fərmanı ilə 28 Mayın milli bayram kimi təsbit olunması Azərbaycanın dövlətçilik yaddaşının qorunması strategiyasının tərkib hissəsi olmaqla yanaşı, dünyaya verilən bir ismarış idi: Azərbaycan müstəqilliyi sıfırdan başlamayıb, onun respublika tarixi sovet işğalı ilə başlamayıb – daha köklü və şərəfli milli-demokratik keçmişi var.

“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”, – Ümummilli Liderimizin bu məşhur sözlərini onun dövlətçilik fəlsəfəsinin və siyasi realizminin kulminasiya nöqtəsi hesab etmək olar. Böyük dövlət xadimi burada bilavasitə 1993-cü ildə Azərbaycanın üzləşdiyi geosiyasi böhranın aradan qaldırılmasını nəzərdə tutsa da, Cümhuriyyətin süqutundan çıxarılan nəticə, ibrət dərslərinin təhlili də yada düşür. Belə ki, mürəkkəb geosiyasi şəraitdə Cümhuriyyəti qorumaq üçün hərbi, iqtisadi və diplomatik güc yetərli olmadı. 1991-1993-cü illərdə müasir Azərbaycan da eyni aqibəti – müstəqilliyin itirilməsi və parçalanma təhlükəsini yaşayırdı. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdaraq sübut etdi ki, müstəqilliyin daimi olması üçün güclü ordu, çevik diplomatiya, daxili sabitlik və iqtisadi müstəqillik əsas şərtdir. O, 1920-ci ilin aprel işğalının acı təcrübəsindən çıxış edərək müstəqilliyimizi əbədiyyət yoluna çıxarmağı bacardı.

Bu baxımdan, müasir mərhələdə məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyası Cümhuriyyət irsinin yaşadılması və davam etdirilməsi özülündə Azərbaycanın müstəqil milli dövlət kimi inkişaf modelinin fundamental sütununu təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 15-də imzalanan “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bunadək ölkəmizdə Respublika Günü kimi qeyd edilən 28 May tarixinin Müstəqillik Günü, 18 oktyabr Müstəqillik Gününün isə – Müstəqilliyin Bərpası Günü elan edilməsi milli dövlətçilik və respublika ənənələrinin ən uca zirvəyə çatdırılmasının əyani sübutu, xalqımızın intellektinin, hüquqi təfəkkürünün və sarsılmaz dövlətçilik iradəsinin rəmzidir. Ümumiyyətlə, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin müasir geosiyasi reallıqlar və tarixi varislik kontekstində birbaşa və fundamental davamıdır.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”, – sözləri ilə Prezident İlham Əliyev Cümhuriyyətin bəşəriyyət tarixindəki unikal yerini, onun qısamüddətli dövlətçilik fəaliyyətini və müstəqilliyin tarixi-geosiyasi kontekstini dəqiq formulə edir. Dövlət başçımız bu tezisində Cümhuriyyəti sadəcə regional bir hadisə kimi deyil, qlobal miqyaslı bir sivilizasiya sıçrayışı kimi qiymətləndirir. Bu yanaşmanın əsas fəlsəfi-siyasi aspekti özünü onda göstərir ki, Azərbaycan xalqı Qərbdə formalaşmış “respublika” və “demokratiya” institutlarını kor-koranə təqlid etməmiş, onu Şərq mədəniyyəti və mənəviyyatı ilə sintez edərək tamamilə yeni, dövrü üçün unikal bir dövlət modeli ortaya qoymuşdur. XX əsrin əvvəllərində bütün müsəlman coğrafiyası monarxiya və ya müstəmləkə idarəçiliyi altında ikən, Azərbaycanda qadınlara seçki hüququ verən, çoxpartiyalı parlament quran, selektiv yanaşmanı tamamilə rədd edərək, hamını bərabər elan edən bir sistem qurulmuşdur. Prezident bu mənada Azərbaycan Xalq Cümhuriyyətini xalqımızın bəşəriyyət tarixinə bəxş etdiyi böyük siyasi-mədəni töhfə və milli fəxarət mənbəyi kimi təsbit edir.

Prezident İlham Əliyev Cümhuriyyətin idarəçilik keyfiyyətini və onun zamanla məhdudlaşmayan institusional uğurlarını nəzərə alaraq vurğulayır ki, dövlətin böyüklüyü və əhəmiyyəti onun təqvim ömrü ilə deyil, gördüyü işlərin strateji miqyası ilə ölçülür: “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir”. Azərbaycan Xalq Cümhuriyyəti o zaman dövlətçiliyin genetik kodunu xalqımızın yaddaşına elə bir möhkəm təməllə yazdı ki, hətta 70 illik sovet imperiyası dövründə belə o kodları silmək mümkün olmadı.

Tarixi təcrübə göstərir ki, dövlətlərin yaranmasında milli elitanın imperiyaların dağılması və qlobal güc balansının dəyişməsi kimi tarixi fürsətlərdən necə istifadə etməsi məsələsi ön plana çıxır. İstər I Dünya müharibəsi fonunda Çar Rusiyasının çökməsindən, istərsə də 1990-cı illərin əvvəllərində SSRİ-nin süqutundan sonra bu imperiyaların qalıqları üzərində müstəqilliyi elan etmək və onu hüquqi bir müstəviyə keçirmək yalnız güclü siyasi iradə və dövlətçilik təfəkkürü ilə mümkün idi. “Bizim müstəqillik təcrübəmiz XX əsrin əvvəlində də olmuşdur. O vaxt Rusiya imperiyasının dağılması nəticəsində Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Demokratik Respublikası yaradıldı”, – söyləyən Prezident İlham Əliyev bu fikri ilə 1918-ci il təcrübəsi ilə 1991-ci il təcrübəsi arasında birbaşa tarixi paralellik qurur. Hər iki halda Azərbaycan nəhəng imperiyaların süqutu fonunda müstəqillik əldə etmişdir. Fərq ondadır ki, XX əsrin əvvəlində geosiyasi təlatümlərə tab gətirmək mümkün olmasa da, XX əsrin sonundakı ikinci şans Heydər Əliyev dühası və Prezident İlham Əliyevin rəhbərliyi ilə əbədi, dönməz və sarsılmaz bir güçlü dövlətçiliyə çevrildi.

Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirlərini vahid bir dövlətçilik doktrinası kimi birləşdirsək, ortaya belə bir tarixi-siyasi nəticə çıxır: Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın daxili oyanışının məhsuludur, müstəqillik kənardan gətirilməyib, XIX-XX əsr ziyalılarımızın və mülki cəmiyyətimizin yetişdirdiyi milli şüurun məntiqi nəticəsidir. Müsəlman Şərqində ilk respublikanın yaradılması Azərbaycan xalqının intellektual müəllifliyini və fərqliliyini sübut edir, Azərbaycanı sivilizasiya lideri mövqeyinə çıxarır. Cümhuriyyətlə qoyulmuş fundamental təməllər bu gün xarici siyasətdə tam suveren, daxildə rəqəmsal və innovativ inkişaf modelini tətbiq edən, ən əsası isə, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük lokal antiterror əməliyyatı ilə möhtəşəm Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müasir Azərbaycanda özünün ən ali təcəssümünü tapmışdır. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin zirvəsidir. Müstəqilliyi elan etmək Rusiya imperiyasının dağılması ilə yaranan tarixi fürsət idisə, bu gün onu qorumaq və tam ərazi bütövlüyü ilə gələcək nəsillərə ötürmək Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən tarixi missiyadır.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent