10 may 2026 19:19
115

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Moldovanın paytaxtı Kişineu şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, anım tədbirində Azərbaycanın Kişineudakı səfirliyinin vəv Moldovadakı Azərbaycanlılar Konqresinin rəhbərliyi, diaspor fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini anıblar.

Sonra səfirlikdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan foto sərgiyə baxış keçirilib. Ulu Öndər haqqında sənədli filmə baxılıb.

Daha sonra çıxış edən ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında misilsiz rolu və xidmətləri haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarıdır.

“Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqının gələcəyi, inkişafı və birliyi barədə düşünıb. Ölkəmizin bugünkü tərəqqisi, diaspor təşkilatlarımızın birliyi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Onun dünya azərbaycanlılarının birinci qurultayını Bakıda keçirməsi diaspor təskilatlarının daha sıx birləşməsinin və inkişafının əsasını qoyub. Ümummilli liderimiz xarici ölkələrə səfər edərkən oradakı soydaşlarımızla daim maraqlanması həmin ölkələrin rəsmi dairələrində azərbaycanlılara qarşı rəğbətin yaranmasına, soydaşlarımızın vəziyyətinə müsbət təsir göstərib”, - deyə səfir əlavə edib

Ülvi Baxşəliyev qeyd edib ki, Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir.

Tədbirdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə bildirib ki, Ulu Öndər Heydər Əliyev milli birlik və tərəqqi rəmzi idi.

“Ulu Öndərin irsi bu gün də öz aktuallığını qoruyub saxlayır, bizi özümüzdən daha yaxşı olmağa ruhlandırmaqda davam edir. Ümummilli Lider Heydər Əliyevin doğum günü Azərbaycan xalqı üçün mühüm tarixdir. Onun qeyd olunması ölkənin inkişafına və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə verdiyi töhfəyə hörmətin simvoludur. Bu tarixə həsr olunmuş tədbirlər Azərbaycan diasporunun fəal olduğu bir çox ölkələrdə hər il keçirilir və xaricdə nəsillər arasında əlaqəni gücləndirmək və mədəni kimliyi qoruyub saxlamaq üçün fürsətə çevrilir”, - deyə diaspor rəhbəri vurğulayıb.

Tədbirdə çıxış edən digər diaspor fəalları Ümumilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.