08 may 2026 16:23
93

“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Aprelin 7-də Dövlət Turizm Agentliyinin inzibati binasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “İmkanlar hər kəs üçün” sosial layihəsi üzrə turizm sahəsində təcrübə proqramı keçmiş iştirakçılara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, BMT-nin Məskunlaşma Proqramının baş məsləhətçisi Məleykə Tağızadə çıxış ediblər.

Onlar inklüzivliyin təşviqi, əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onların peşəkar bacarıqlarının inkişafı sahəsində aparılan işlərin əhəmiyyəti barədə fikirlərini bölüşüblər, həmçinin “İmkanlar hər kəs üçün” sosial layihəsinin bu istiqamətdə mühüm dəstək rolu oynadığını vurğulayıblar.  

Bildirilib ki, layihə üzrə 18-35 yaş aralığında əlilliyi olan 25 şəxs 10 gün ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və Qoruqları İdarəetmə Mərkəzində gündəlik iş prosesinə cəlb olunaraq praktiki təcrübə qazanıblar.

Tədbirin sonunda layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edilən layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq tədbirləri çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunub. 

Məqsəd əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasına, inklüziv iş mühitinə, iştirakçıların sosial-peşəkar bacarıqlarının inkişafına dəstək göstərməkdir.