İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycanı Tanımaq” proqramı çərçivəsində Türkiyədən ölkəmizə səfər edən akademik heyətlə görüş keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi proqramda Türkiyənin Çanakkale Onsekiz Mart, Sakarya, Erciyes, Ankara Hacı Bayram Veli, Hacettepe və Sivas Cumhuriyyət universitetləri, eləcə də Asiya Çalışmaları İnstitutu, Ankara Humanitar Elmlər İnstitutu, Türkiyat Araşdırmaları İnstitutu və Orta Doğu Strateji Araşdırmalar Mərkəzindən (ORSAM) nümayəndələr iştirak edib.
“İki sahil” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn qonaqları salamlayaraq Mərkəzin əsas fəaliyyət istiqamətləri və iş prinsipi haqqında məlumat verib. O bildirib ki, İİTKM fəaliyyət göstərdiyi 10 il ərzində 40-dan çox dövlət proqramının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirərək “böyük verilənlər bazası” formalaşdırıb və data-əsaslı idarəetmə modelinin tətbiqinə mühüm töhfə verib. Ramil Hüseyn vurğulayıb ki, İİTKM Cənubi Qafqazın ən böyük iqtisadiyönümlü beyin mərkəzidir, Azərbaycan Beyin Mərkəzləri Platformasının təsisçilərindəndir. Mərkəz son illər "Türk Dövlətləri İqtisadiyyatı", “Orta dəhliz”, “İslam ölkələrinin iqtisadi potensialı” kimi mühüm mövzuları əhatə edən kitablar çap etdirib, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində rüblük "Türk İqtisadi İcmalı"nı hazırlayır.
İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov ölkəmizin investisiya iqlimi və müxtəlif ölkələrlə ticarət əlaqələri haqqında proqram iştirakçılarına məlumat verib.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli “Böyük Qayıdış” proqramının icrası üzrə monitorinq və qiymətləndirmə fəaliyyəti çərçivəsində yaradılmış portal və bu sahədə görülən işlər haqqında geniş təqdimatla çıxış edib.
İİTKM-nin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbərinin rəhbəri İlyas Hüseynov Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birlikdə 8 dildə nəşr olunan Türk İqtisadi İcmalı buraxılışı haqqında məlumat verib, universitetlər, eləcə də beyin mərkəzləri arasında əməkdaşlığın geniş perspektivləri olduğunu diqqətə çatdırıb.
Görüş zamanı iştirakçılara Azərbaycanın yaşıl enerji siyasəti, nəqliyyat infrastrukturu, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun inkişafı prioritetləri, dəyişən geoiqtisadi reallıqlar fonunda ölkənin rolu barədə geniş məlumat verilib.
Proqram çərçivəsində aparılan müzakirələr sual-cavab bölməsi və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub
“Caspian Agro Week” sərgisində “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu keçirilib