04 may 2026 19:18
111

Hörmüz boğazında boğulanlar

Yaxın Şərqdəki müharibə dünya iqtisadiyyatına 700 milyard dollar zərər vurub

İsrail, ABŞ-İran müharibəsi artıq regional miqyasdan çıxaraq beynəlxalq münaqişəyə çevrilib. Xüsusilə müharibənin yaratdığı qlobal  problem İranın Hörmüz boğazını bağlaması ilə daha da qabarıb. Bundan başqa, ABŞ-ın İranı dəniz blokadasına alması isə vəziyyəti daha da mürəkkəbləşdirib. Belə ki, boğazdan keçən gəmilərin qarşısı alınmaqla qitələrarası neft və maye qaz daşınmaları gngəllənib. Nəticədə neft və qaz daşınmalarının xərci artmaqla yanaşı, dünya bazarlarında qiymətlər də ciddi şəkildə yüksəlib.

Hələ də Hörmüz boğazının bağlı qalması və Yaxın Şərqdəki münaqişənin davamı dünya bazarında təkcə neftin və qazın deyil, digər istehlak mallarının da bahalaşmasına səbəb olub. Belə ki, indi neftlə yanaşı, dünya bazarında alüminium, polad, ammiak, xurma, müxtəlif növ çərəzlər, düyü və başqa mallar da bahalaşmaqda davam edir. Həmçinin dünya bazarında neftin qiymətinin artması kimyəvi gübrələrin qiymətinin 5, təbii qazın qiymətinin isə 7 faiz artmasına səbəb olub.

Ekspertlərin fikrincə, Yaxın Şərq ölkələri ilə idxal-ixrac əməliyyatlarının pozulması dünya iqtisadiyyatına 700 milyard dollar zərər vurub. Hərbi əməliyyatlar başlayandan bu günə kimi neftin qiyməti 65 faiz artıb ki, bu da zəncirvari reaksiya kimi nəqliyyat, logistika, ticarət, daşınmaz əmlak, xidmət və digər sahələrdə bahalaşma tendensiyası yaradıb.

Yaxın Şərqdə davam edən müharibə nəticəsində ən çox zərər görən Avropa dövlətləridir. Bir tərəfdən Ukrayna-Rusiya müharibəsinin təhlükəsi, digər tərəfdən isə neftin və qazın bahalaşması, enerji böhranı Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına hələ də zərbə vurmaqda davam edir.

Dünya Bankı isə bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar başa çatsa da neftin qiyməti ilin sonunadək 100 dollardan aşağı düşməyəcək. Çünki dağıdılmış nəqliyyat, hasilat, terminal və digər infrastrukturun bərpası xeyli zaman aparacaq.

Hazırda Hörmüz boğazında qəza və hücum xəbərdarlıqları nəticəsində tanker sahibləri öz gəmilərini limanlardan çıxarmır. Eyni zamanda,  sığorta şirkətləri neft daşıyan gəmilərin təhlükədə olacağından riskə getmək istəmirlər. Dünya mediasında yer alan məlumatlara əsasən, bu gün  200 –dən çox tanker Hörmüz boğazına çatmadan açıq sularda lövbər salıblar. Mütəxəssislərin fikrincə, əgər blokada daha bir ay davam edərsə neft idxal edən ölkələrin ehtiyatları tükənə bilər.  Bu isə o deməkdir ki, İranın Hörmüz boğazına təsir imkanları qlobal enerji bazarına daha geniş miqyasda təsir göstərəcəkdir.

Düzdür, ölkəmiz neft ixracını əsasən Bakı–Tbilisi–Ceyhan kəməri ilə Qara dənizə çatdırır. Bu marşrut Hörmüzə tam bağlı deyil. Buna baxmayaraq, dünya bazarındakı qiymət artımı neft öllkəsi olaraq Azərbaycana da əlavə gəlir gətirir. Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel xam neftin qiyməti 65 dollardan hesablanmışdı.

Elçin Zaman, «İki sahil»