04 may 2026 18:47
94

Milyoların qəlbini fəth etmiş dahi

Hər il may ayının 10-u yaxınlaşdıqca gözlərimiz önündə dünya şöhrətli siyasətçi və böyük dövlət adamı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parlaq obrazı canlanır. Onu azərbaycanlılarla bərabər türklər, ukraynalılar, ruslar, dağıstanlılar və digər xalqların böyük əksəriyyəti sevir, şəxsiyyətini yüksək qiymətləndirirdilər. Əlbəttə, Ulu Öndər xalqların bu məhəbbətini və hörmətinin özünün şəxsi keyfiyyətləri ilə qazanmışdı. Diplomatik məharəti, ağıllı siyasəti, insanlara humanist yanaşması, onların hüquq və azadlıqlarının dönməz müdafiəçisi, şəxsi erudisiyası ilə kütlələrin qəlbini ələ almaq bacarığı vardı. Möhkəm iradəyə malik olan Heydər Əliyevin fenomen yaddaşı vardı. Gur səsi, sarsılmaz məntiqi və gözəl nitqi hamını heyran qoyurdu. Onunla razılaşmamaq, fikirlərinə etiraz etmək mümkün deyildi, çünki güclü məntiqə əsaslanırdı.

Tərtər Rayon Partiya Komitəsinin katibi olmuş Qədir Allahverdiyev söyləyirdi ki, Moskvada rayon katiblərinin yığıncağı keçirilirdi. Orada keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov. İKP Mərkəzi Komitəs Siyasi Bürosunun üzvü Heydər Əliyevə çıxış üçün söz verildi. Tribunadan salonu titrədən səsi zaldakılarda qibtə hissi oyadırdı. Yanımda əyləşən katiblərdən biri həsədlə dinləyirdi. Birdən o, heyrət içində mənə tərəf çevrilib dedi:

-Görürsünüzmü, Sovet İttifaqında ikinci belə natiqlik qabiliyyətinə malik olan vəzifəli şəxs yoxdur. Bu, sanki Allahın bir möcüzəsidir.  Heydər Əliyeviç rus dilini biz ruslardan yaxşı bilir. O, əsl tribundur.

O zaman bu qənaətdə olanların sayı-hesabı yox idi. Heydər Əliyevin hörmət və nüfuzu hökumətdə yüksək vəzifə tutan daşnak ermənilərdə qısqanclıq və düşmənçilik hisslərini gücləndirirdi. Ermənilər öz aralarında Heydər Əliyevi gözügötürməzliklə  “Kremldə türk paşası” adlandırırdılar. 1988-ci ildə Ermənistan rəhbərliyi Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. İrəvandakı Teatr meydanında izdihamlı mitinqlərdən birində Ermənistanın keçmiş başçısı Karen Dəmirçiyan çıxış edərək xəbərdarlıq etdi ki, “miatsum” ideyasının reallaşdırılması zamanı deyil, heç nə alınmayacaq. Nə qədər ki, Heydər Əliyev həyatdadır, Azərbaycandan heç nə ala bilməyəcəksiniz. Mən onun aradan götürülməsi üçün bütün imkanlarımı səfərbər etdim, nə qədər gücüm varsa hamısını sərf etdim, ancaq heç nə alınmadı, çünki çox güclü, tədbirli və uzaqgörən bir insandır. Yadda saxlayın, Heydər Əliyev yenilməz dövlət xadimidir. Mitinqləri dayandırın, əlverişli məqamı gözləyin. Bunu etməsəniz sonra hər gec olacaq, istədiyinizdən daha böyük şeylər itirəcəksiniz.

Çox keçmədi həyat Dəmirçiyanın dediklərini təsdiq etdi.

Türkçülüyə böyük təəssübkeşliyi və dönməz məhəbbəti olan Ümummilli Liderimiz Kremldə yüksək dövlət postunda çalışarkən Bolqarıstandan bəd xəbərlər gəlməyə başladı. O zaman Bolqarıstanı SSRİ-nin 16-cı respublikası adlandırırdılar. Rəsmi Sofiya türklərə və müsəlmanlara olmazın zülmlər edirdi. Acı hadisələr 1984-1985-ci illərdə pik həddə çatdırılmışdı. Pərdə arxasındakı bu zülmün başlanmasında və illərlə davam etməsində İosif Stalinin “göz muncuğu” Anastas Mikoyanın barmağı vardı. Mikoyan erməniləri Sofiyada vahid mərkəzdə birləşdirərək türklərin əleyhinə işləməyə şərait yaratmışdı. Məlum oldu ki, orada türk millətindən olanları dövlət səviyyəsində təqib edir, milli aşınmaya və diskriminasiyaya məruz qoyurlar. Türkləri cəmiyyətin içərisində “əridib” yox etmək üçün adlarını, soyadlarını və milli mənsubiyyətini dəyişdirməyə məcbur qoyur, nahaq yerdən həbs edir və incidirdilər.  Həmin bu ərəfədə Bolqarıstan Kommunist Partiyası Mərkəsi Komitəsinin birinci katibi Todor Jivkov Moskvaya gəlmişdi. O, özü də türklərə ermənilərdən az nifrət bəsləmirdi. Heydər Əliyev bunların hamısını bilirdi və odur ki, Kremldə Jivkovla rastlaşanda barmağını ona silkələyərək qəzəblə: Todor, sən türlərə və Afrika müsəlmanlarına etdiklərinə görə cavab verəcəksən- demişdi. Todor Jivkov Bolqarıstana qayıdandan sonra tutulan türklər azad edilmiş, diskriminasiya dayandırılmışdı.

Heydər Əliyevə rus xalqının sevgisi o qədər güclü idi ki, dövləti Ona etibar edir, hakimiyyətə yalnız Onun gəlməsini tələb arzulayırdılar. Milyonlarla sadə ruslar Qorbaçovun dağıdıcı yenidənqurmasından narazılıqlarını açıq ifadə edir, ölkəni düşdüyü vəziyyətdən yalnız Heydər Əliyevin çıxara biləcəyini bildirirdilər. Ancaq korrupsiyaya bulaşmış ermənipərəst rəhbər vəzifəli şəxslər buna imkan vermədilər.

Əsrin ən böyük layihəsi olan Baykal-Amur dəmir yol xətti Məhz Heydər Əliyevin rəhbərliyi ilə tikiləndə inşaat işlərinin gedişatı ilə tanış olarkən etdiyi jestlər, relsi çəkiclə vurub möhkəmlətməsi şirin xatirə kimi indi də xatırlanır. Təsadüfi deyil ki, hələ o zaman dəmir yol magistralındakı stansiyalardan birinə Heydər Əliyevin adı verilib. Bu, o deməkdir ki, Ulu Öndər həm özünün, həm də Azərbaycanın şərəfini daha da yüksəldir, onu dünyaya tanıdırdı. Dahi rəhbərimizin ömür yolu və cildlərlə kitablara sığmayan qurucu fəaliyyəti, işıqlı əməlləri gələcək nəsillər üçün əsl örnəkdir. Bu gün biz Ümummilli Liderimizin əziz ruhunu münnətdarlıqla yad edirik.

Vəli İlyasov, “İki sahil”