04 may 2026 18:32
109

Cənubi Qafqazda sülh prosesinə zərbə

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı formatındakı çıxışında bildirib ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sabotaj etməyə çalışır

Azərbaycana qarşı qərəzli mövqe tutan, əsassız iddialar səsləndirən, davamlı olaraq qeyri-obyektiv yanaşma nümayiş etdirən Avropa Parlamenti (AP) hələ də öz çirkin xislətindən əl çəkə bilmir. Təşkilat məkrli, qərəzli və ikili standartlara əsaslanan fəaliyyətini davam etdirir.  Avropa Parlamentində Azərbaycanla bağlı təşkil edilən dinləmələr bir daha göstərir ki, bu qurum ölkəmizə qarşı məkrli niyyətlərini ikili standartlar, əsassız iddialar, yalan məlumatlar üzərində qurulmuş arqumentlərlə ört-basdır etməyə cəhd edir.

Avropa Parlamentinin Azərbaycanla bağlı 2026-cı il 30 aprel tarixli qətnaməsi növbəti dəfə qərəzli kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir. “Ermənistanın Demokratik Davamlılığına Dəstək” adlı 24 maddəlik qətnamə layihəsinin14, 15, 16, 18, 19, 20 və 21-ci bəndləri Azərbaycana qarşı qondarma ittihamlardan ibarətdir. Məsələn, 15-ci bənddə iddia olunur: “Ermənistana qarşı əsassız ərazi iddiaları irəli sürməklə və Cənubi Qafqazda sülhü, sabitliyi və dialoqu pozmaqla hibrid təhdid forması təşkil edən “Qərbi Azərbaycan” və “Zəngəzur dəhlizi” ritorikasını qətiyyətlə pisləyirik”.

Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qaldı. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizinə yaxını işğal altına düşdü və 1 milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovuldu. Azərbaycan qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfəri ilə ərazi bütövlüyünü, daha sonra birgünlük lokal antiterror tədbirləri ilədə tam suvrenliyini bərpa etdi. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi qırx dörd gün ərzində öz məğlubiyyəti ilə barışmalı oldu.

Avropa Parlamentinin qərəzli fəaliyyəti, bir çox hallarda ikili standartlardan çıxış etməsi heç kimə sirr deyil. Ötən illərin təcrübəsi göstərir ki, bu gün AP-da olan bir sıra deputatlar açıq şəkildə kənar sifarişləri yerinə yetirir və Azərbaycana münasibətdə ikili standartlar əsasında davranırlar. Bu qurum daim çox sadə şəkildə yalan və qərəz nümayiş etdirir. AP-nin Azərbaycana qərəzli münasibətinə dair kifayət qədər nümunələr var. Elə buna görə də Avropa Parlamentinə bütün dünyada inam və etibar sarsılıb. Bu qurum COP29 kimi mötəbər tədbirin keçirilməsi ərəfəsində və keçirildiyi dövrdə kənar qüvvələrin təsiri ilə Azərbaycana qarşı hibrid hücumların fəal iştirakçısı olmuşdur. Qurumun erməni diasporunun və Fransanın təşviqi ilə Azərbaycanı qarşı qətnaməsi Cənubi Qafqazda, eləcə də Bakı ilə İrəvan arasında sülh gündəliyinə zərbə vurur.

Avropa Parlamentinin Azərbaycan əleyhinə məqsədyönlü fəaliyyəti ikitərəfli münasibətlərdə etimad mühitini pozmuş, eyni zamanda, konstruktiv dialoq və əməkdaşlıq perspektivlərinə sarsıdıcı zərbə vurmuşdur. Mayın 1-də Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur. Eyni zamanda, Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılması və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması qərara alınıb.

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı formatındakı çıxışında bildirib ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sabotaj etməyə çalışır: “Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövqeyinə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istərdim. Bütün Avropa institutları eyni yanaşmanı nümayiş etdirmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür.Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti də sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönəlir. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra-2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib. Təsəvvür edin, beş il ərzində 14 qətnamə- bu, bir növ obsesiyadır.”

Zahid Rza, “İki sahil”