30 aprel 2026 16:53
654

Bakı Biznes Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib

Aprelin 29-da Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatları akademik Ziyad Səmədzadə, cənab Tahir Rzayev, cənab Vüqar Rəhimzadə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini cənab Yaşar Əməşov, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi cənab Azər Əhədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri cənab Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının I müavini cənab Hüseyn Əfəndiyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri cənab Nicat Məmmədli, Dövlət İmtahan Mərkəzinin səlahiyyətli nümayəndəsi Azər Bağırov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinin müşaviri cənab Süleyman Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin İnzibati və təşkilati məsələlər üzrə prorektoru cənab Şaiq Əsgərov, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının müdiri cənab Əvəz Ələkbərov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini cənab Ramil Hüseyn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini cənab Elçin Süleymanov, Marsol Group-un direktoru Bilal Qasımlı və digər dövlət qurumlarının rəsmiləri, eyni zamanda 6 xarici ölkənin - Türkiyənin, Özbəkistanın, Rumıniyanın, Moldovanın, Litvanın, Hindistanın aparıcı ali təhsil müəssisələrinin tədqiqatçıları iştirak ediblər.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Bakı Biznes Universitetindəki büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov bildirib ki, bu konfrans müasir dövrdə elmin, təhsilin və sənaye sektorunun inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Qloballaşma şəraitində dayanıqlı inkişafın təmin olunması üçün dövlət, universitet və sənaye arasında səmərəli əməkdaşlıq vacib şərtlərdən biridir. Rektor diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı, innovasiyaların tətbiqi və ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsidir.

“Bakı Biznes Universiteti olaraq biz daim çalışırıq ki, elmi tədqiqatların nəticələri praktik sahədə tətbiq olunsun, biznes və sənaye strukturları ilə əməkdaşlıq genişləndirilsin və müasir çağırışlara cavab verən mütəxəssislər formalaşdırılsın”- deyə rektor əlavə edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə qeyd edib ki, qlobal iqtisadi transformasiyalar, texnoloji yeniliklərin sürətli yayılması və rəqabət mühitinin kəskinləşməsi inkişafda olan ölkələr qarşısında yeni çağırışlar qoyur və bu çağırışlara adekvat cavab olaraq bilik və innovasiya əsaslı inkişaf modelinin tətbiqini zəruri edir.

Akademik vurğulayıb ki, bu kontekstdə dövlət–universitet–sənaye əməkdaşlığı iqtisadiyyatın modernləşdirilməsinin, elmi nəticələrin praktik tətbiqinin və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının əsas mexanizmlərindən biri kimi çıxış edir. Dövlət bu sistemdə strateji istiqamətləri müəyyən edən, normativ-hüquqi bazanı formalaşdıran və təşviqedici alətlər tətbiq edən aparıcı subyektdir. Universitetlər elmi biliklərin istehsalı və innovativ ideyaların formalaşdırılması baxımından mühüm rol oynayır, sənaye sektoru isə bu biliklərin iqtisadi dəyərə çevrilməsini təmin edir. Ziyad Səmədzadənin sözlərinə görə, əməkdaşlığın səmərəliliyinin artırılması üçün ilk növbədə institusional mexanizmlərin təkmilləşdirilməsi, tətbiqi tədqiqatların genişləndirilməsi və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması zəruridir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, müasir dövrdə süni intellektin inkişafı təhsil sistemində yeni yanaşmaların formalaşmasını zəruri edir və bu proses təhsilin məzmunu, idarəetmə mexanizmləri və öyrənmə modellərinə təsirsiz ötüşmür. O qeyd edib ki, dövlət, özəl sektor və texnoloji mühit arasında qarşılıqlı əməkdaşlıq təhsilin inkişafında mühüm rol oynayır və bu əməkdaşlıq daha çevik, innovativ və dayanıqlı təhsil sisteminin qurulmasına şərait yaradır. Nicat Məmmədli vurğulayıb ki, gələcək təhsil modeli rəqəmsallaşma, fərdiləşdirilmiş öyrənmə və müasir texnologiyaların imkanlarına əsaslanacaq, lakin əsas məqsəd hər zaman keyfiyyətli insan kapitalının formalaşdırılması olaraq qalacaq. O əlavə edib ki, təhsilin inkişafı yalnız texnoloji yeniliklərlə deyil, eyni zamanda sistemli yanaşma, düzgün idarəetmə və davamlı inkişaf prinsipləri ilə təmin olunmalıdır.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədrinin Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə müavini Qoşqar Əhmədov bildirib ki, müasir dövrdə rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətli inkişafı mühasibat uçotu və audit sahəsində mövcud yanaşmaların yenilənməsini zəruri edir. Bu proses həmin sahənin mahiyyətini genişləndirərək onu yalnız uçot fəaliyyəti ilə məhdudlaşdırmır, eyni zamanda risklərin idarə olunması, analitik təhlil və qərarvermə proseslərinin dəstəklənməsində mühüm strateji istiqamətə çevirir. Qoşqar Əhmədov qeyd edib ki, bu baxımdan, kadr hazırlığı sistemində müasir tələblərə uyğun yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Litva Respublikasının Utenos Ali Təhsil İnstitutunun əməkdaşı Vilma Abdrasiene, Rumıniya Respublikasının Babeș-Bolyai Universitetinin  dosenti Eugenia Ramona Mara, Moldova İqtisadi Tədqiqatlar İnstitutunun dosenti Tatyana Qutium, Özbəkistanın Kokand Universitetinin nümayəndəsi Muhammadjonov Casurbek, eləcə də Türkiyənin Artvin Çoruh Universitetinin nümayəndələri Dr. Fikret Sözbilir və Dr. Berçem Yaman çıxışlarında dövlət–universitet–sənaye əməkdaşlığının təhsil, iqtisadiyyat, enerji dayanıqlılığı və innovasiya ekosisteminin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Plenar iclas başa çatdıqdan sonra konfrans işini bölmə iclasları çərçivəsində davam etdirib. Bölmələr üzrə keçirilən iclaslarda iştirakçılar dövlət–universitet–sənaye əməkdaşlığının səmərəliliyinin artırılması istiqamətində geniş fikir mübadiləsi aparıblar.