22 aprel 2026 17:33
182

Latviya Azərbaycanla strateji tərəfdaş və dostdur - TƏHLİL

Dövlət başçısı İlham Əliyev  latviyalı həmkarı ilə  mətbuata birgə bəyanatında bir daha bu əminliyi ifadə etdi ki,  Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq        

Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa əsaslanan model üzərində formalaşıb. Xarici siyasətimizin  prioritet istiqamətlərindən biri olan müxtəlif dövlətlərlə  ikitərəfli əlaqələrimiz  uğurla inkişaf edir. Təbii ki, bu əməkdaşlıq həm ölkələrə malik olduqları potensialı təqdim etmək, həm də səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda gələcək üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq imkanı yaradır. Bunun üçün  təkcə cari ilin ötən dövründə  qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir.  Azərbaycan ikitərəfli əməkdaşlıqda   Baltikyanı ölkələrlə (Latviya, Litva, Estoniya) əlaqələrə də xüsusi önəm verir. Bu dövlətlərlə Azərbaycan  arasında  dostluq, iqtisadi və mədəni əməkdaşlıq  yeni mərhələyə qədəm qoyub. Bu əlaqələr müasir dövrdə yeni məzmun kəsb edərək xüsusilə mədəniyyət, parlamentlərarası dialoq və iqtisadi sahələrdə genişlənir. Azərbaycanın xarici siyasət uğurlarında tarixi Zəfərimizin və suverenliyimizin  bərpasının yaratdığı yeni reallıqlar əhəmiyyətli rol oynayır. Ötən ilin avqustunda Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə olunması ümumilikdə regionda dayanıqlı inkişafı və təhlükəsizliyi təmin edəcək əsas faktor kimi diqqətdədir.

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 21-də Azərbaycana rəsmi səfəri   Baltikyanı ölkələrlə əlaqələrimizin bugünkü inkişaf səviyyəsinin aydın mənzərəsini yaratdı. Səfərdə məqsəd təbii ki, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir. Hər bir səfər münasibətlərin tarixinə qısa nəzər salmağı bir zərurətə çevirir.  Qeyd edək ki, hər iki ölkə  keçmiş İttifaqın  tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.  SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr  1994-cü ilin yanvarında qurulmuşdur. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır ki, bu həm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb. İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir.  

Azərbaycanın Avropa ilə münasibətləri  strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulmuş dinamik bir modeldir. Rəsmi Bakı Avropa İttifaqı  və ona üzv ölkələrlə əlaqələrini Avrasiyanın logistik xəritəsini formalaşdıran mühüm geosiyasi aktor statusunda inkişaf etdirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Bu layihələr Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib.  Azərbaycan çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən  Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji xəritəsini şaxələndirən mühüm tərəfdaşdır. Xüsusilə qlobal enerji böhranı fonunda imzalanmış memorandumlar Bakını qitənin enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirib.  Hazırda tərəfdaşlıq karbohidrogen resurslarından bərpaolunan enerjiyə doğru transformasiya olunur. Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir.   Azərbaycanın Xəzər dənizindəki külək enerjisi potensialının Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya nəqli layihəsi əməkdaşlığın gələcək miqyasını və hədəfini müəyyən edir. 2024-cü ildə ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi və uğurlu nəticələrin əldə olunmasına imza atdığı COP29 iqlim konfransı çoxtərəfliliyin növbəti nümunəsi olmaqla yanaşı, ölkəmizin  yaşıl enerjiyə keçidinin təqdir edildiyini bir daha təsdiqlədi. Azərbaycanın  enerji və nəqliyyat imkanları hər zaman beynəlxalq səviyyədə qeyd edilir. Bu imkanlar Azərbaycanın yeni körpülər qurmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin tranzit imkanları beynəlxalq maliyyə qurumlarının, o cümlədən Davos İqtisadi Forumunun hesabatlarında liderliyini şərtləndirən əsas amillər sırasındadır. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin ən mühüm halqası kimi Avropanın Asiya bazarlarına təhlükəsiz və qısa çıxışını təmin edir. Bu, Bakını qitə üçün önəmli ticarət və logistika məkanına çevirir. Ölkəmiz Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir.

 Azərbaycan və Latviya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları, həmçinin  əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması  bütün bu məqamlara bir daha işıq saldı. Qeyd etdiyimiz kimi, dövlətlərarası əlaqələrin inkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır.  Azərbaycan ilə Latviya arasında bugünədək 50-yə yaxın sənəd imzalanıb.  Sözügedən səfər çərçivəsində  Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış bir sıra sənədlərin  mübadiləsi mərasimi oldu. Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və  “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı” mübadilə edildi.

Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında  Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafı üçün mövcud imkanlar geniş müzakirə edildi. Geniş tərkibdə görüşdə cənab İlham Əliyev bildirdi ki, iki ölkə  arasında  çox yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik. Latviya Prezidenti Edqars Rinkeviçs  Bakıya sonuncu səfərindən, 9 il ötdüyünü, həmin səfərin  2017-ci ildə baş tutduğunu önə çəkərək bildirdi ki, şəhəri tanımaq olmur. Bu vaxta qədər şahidi olduğumuz inkişaf böyük təəssürat bağışlayır. Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir. Siyasi və iqtisadi əməkdaşlığımızın real dəyərini görürük.

Mətbuata bəyanatında “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq” söyləyən dövlət başçısı İlham Əliyev latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğuladı.  Prezident İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verərək  iki ölkə  arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırdı. O da qeyd edildi ki, həmin  vaxtdan bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında  Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu, bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğuladı.

Latviya Prezidenti Edqars Rinkeviçs bu gün çox pozitiv, praqmatik və gələcəyə yönəlmiş müzakirələr apardıqlarını  söyləyərək onu da əlavə etdi ki, ölkəsi Azərbaycanla strateji tərəfdaşdır. Bakıda keçiriləcək biznes-forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək.  Dövlətimizin  başçısı İlham Əliyevi və  Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edən  Edqars Rinkeviçs  bu inamı ifadə etdi ki,  sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq. Latviya Prezidenti keçirilən  görüşlərdə regional proseslərin ətraflı müzakirə edildiyini də vurğuladı: “Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir.”

Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu da keçirildi.

Latviya Prezidentinin ölkəmizə səfəri hər iki tərəfdə geniş şərh edilir, əlaqələrin gələcək inkişafına böyük töhfə kimi dəyərləndirilir. Edqars Rinkeviçsin  9 ildən sonra Azərbaycana növbəti səfərini etməsi artıq tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda regionda və dünya siyasətində dəyişikliklərin, yeniliklərin baş verdiyi mərhələyə təsadüf edir.  Latviyanın azərbaycanlı  deputatı Amil Səlimov  müsahibəsində bildirib ki, Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Latviya-Azərbaycan əlaqələri olduqca isti və dostluq xarakteri daşıyır. Mən Latviya Respublikasının parlamentinin üzvü kimi bu münasibətlərin qorunması və möhkəmləndirilməsi istiqamətində daim çalışmışam, bundan sonra da çalışacağam. Azərbaycan və Latviyanın coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, onları birləşdirən ortaq tarixi təcrübə mövcuddur.  İkitərəfli əməkdaşlıq üçün də geniş potensial mövcuddur. Bu əməkdaşlıq ticarət, siyasət və təhsil sahələrini əhatə edir. Hazırda Latviyada yüzlərlə azərbaycanlı tələbə təhsil alır və bu da humanitar əlaqələrin inkişafına töhfə verir. Eyni zamanda, Azərbaycanın Latviyaya verdiyi töhfələr də yüksək qiymətləndirilir. Bundan başqa, son dövrlərdə qarşılıqlı səfərlər və parlamentlərarası əlaqələr də münasibətlərin inkişaf etdiyini göstərir. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti və yüksəksəviyyəli görüşlər, o cümlədən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun son səfəri əməkdaşlığımızın davamlı xarakter daşıdığını sübut edir.

Ümumilikdə hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. İmzalanan sənədlər əlaqələrin gələcək inkişafının aydın mənzərəsini yaradır. Tərəflər əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlıdır.

Yeganə Əliyeva, “İki sahil”