22 aprel 2026 19:01
109

Türkiyə-Ermənistan yaxınlaşması sülhə təminatdır

Son illərdə Ermənistan rəsmiləri Türkiyədə keçirlən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, ikitərəfli görüşlərdə türkiyəli həmkarları ilə əməkdaşlığın sivil formada genişləndirilməsi yollarını müzakirə edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini deyib. İqtidar komandası baş nazirin mövqeyini tam dəstəkləyir. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir. Bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş bu ölkəyə onun üçün ən sərfəli Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil olmağı təklif edib. Spiker Alen Simonyan bu təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar. Əlbəttə, adıgedən üçlüyə daxil olmaq Ermənistanın daha bir təhlükəsizlik çətirinin altına girməsi deməkdir. Belə formata daxil olmaq zəif bir ölkə üçün böyük tarixi şansdır. Açıq hiss olunur ki, baş nazir Nikol Paşinyan bu fürsəti əldən qaçırmaq istəmir. Həmişə ölkənin Avropaya çıxışını yuxularında görən ermənilər artıq bu reallığın astanasındadırlar.

Burada başqa, bir nüans da diqqəti cəlb edir. Səfər ermənilərə sözlə ifadə olunmayan mesaj verir. Uydurma “genosid” gününə cəmi bir neçə gün qalmış Ermənistan və Türkiyə rəhbərlərinin görüşü, qarşılıqlı əməkdaşlıq barədə danışıqlar aparmaları daşnaklara, revanşistlərə və digər qızışdırıcı tör-töküntülərə ağır bir zəbədir. Nikol Paşinyan beş-on erməninin soyuqdəymədən və ya hansısa səbəbdən ölməsinin bu qədər şişirdilməsinin heç bir faydası olmayacağını söyləyib və bunun aradan qaldırılmasını tələb edib. Bu, o deməkdir ki, Ermənistan bundan sonra həm Türkiyə, həm də Azərbaycanla süni düşmənçiliyə son qoyaraq iqtisadi əməkdaşlıq və inteqrasiya yolu ilə gedəcək. Çünki bu yol ölkəni Avropa ilə birləşdirəcək ən sərfəli yol olacaq. Hər şeydən əvvəl Türkiyədə yaşayan və biznes quran 70 mindən artıq ermənilər Ermənistana sərbəst gəlib-gedəcək, yeni bazar əldə edəcək, qohum-əqrəbaları ilə əlaqə yarada biləcəklər. Ermənistan isə ticari münasibətlərini genişləndirəcək, öz mallarını daha bir ölkədə reallaşdıracaq, külli midarda vəsait qazanacaq. Bu minvalla “qollarına vurulmuş qandallar”dan tədricən xilas olacaq və tam müstəqiliyə qovuşacaqdır. Ona görə də ölkədə uzunömürlü sülh, daxili dinclik və iqtisadi inkişaf bərqərar edilməlidir. Parlament seçkilərinə hazırlaşan digər qüvvələr guya vətənpərliklərini göstəmək üçün yeni savaşa gedəcəklərini bildirirlər. Müharibə ritorikasına uymaq sonda Ermənistan dövlətinin məhvinə səbəb ola bilər. Qeyd edilməlidir ki, Nikol Paşinyanın Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışması ay yarımdan sonra daha çox səs qazanmasına hesablanıb. Çünki iki müharibədə minlərlə itki verən erməni ailələri yenə müsibət yaşamaq istəmədikləri üçün fəaliyyətdə olan baş nazirə səs verəcəklər. Bununla onlar müharibəsiz, ölümsüz-itkisiz Ermənistana səs vermiş olacaqlar.

Vəli İlyasov, “İki sahil”