22 aprel 2026 09:36
174

Türk dövlətlərinin iqtisadi yüksəlişi: REGİONAL GÜCDƏN QLOBAL TƏSİRƏ

Son illər qlobal iqtisadiyyat müxtəlif geosiyasi risklər, enerji bazarlarındakı dəyişkənlik və ticarət zəncirlərində baş verən transformasiyalar fonunda yeni inkişaf mərkəzlərinin formalaşması ilə xarakterizə olunur. Bu kontekstdə Türk dünyası ölkələri - coğrafi mövqeyi, təbii resursları, gənc əhalisi və artan iqtisadi inteqrasiya səyləri ilə diqqət mərkəzinə çevrilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatı Katibliyinin birgə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci il üzrə yekun buraxılışı bu ölkələrin iqtisadi dinamikasını və qlobal iqtisadi sistemdə rolunu daha aydın şəkildə ortaya qoyur. İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin ilkin statistika əsasında hazırladığı icmalda 2025-cü il üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. Hesabat göstərir ki, Türk dövlətləri təkcə regional deyil, həm də qlobal iqtisadi balansda getdikcə daha çox söz sahibi olmağa başlayır.

Qlobal iqtisadiyyatda artan pay

2025-ci ilin yekunlarına əsasən, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,11 trilyon ABŞ dollarına çataraq qlobal iqtisadiyyatın təxminən 2%-ni təşkil edib. 178,8 milyon nəfərlik əhali isə dünya əhalisinin 2,8%-nə bərabərdir.

Bu göstəricilər ilk baxışda nisbətən kiçik pay kimi görünsə də, dinamik artım tempi ilə birlikdə qiymətləndirildikdə türk dövlətlərinin yaxın perspektivdə qlobal iqtisadi çəkisini daha da artıracağına işarə edir.

Hesabat dövründə dünya üzrə iqtisadi artım 3,2% təşkil etdiyi halda, türk dövlətləri üzrə bu göstərici 5,2%-ə çatıb. Bu fərq regionun daha sürətli inkişaf etdiyini göstərən əsas indikatorlardan biridir.

Xüsusilə Qırğızıstan (11,1%), Özbəkistan (7,7%) və Qazaxıstan (6,5%) kimi ölkələr yüksək artım tempinə nail olaraq sənaye və kənd təsərrüfatı sahələrində dayanıqlı inkişaf modelini formalaşdırıblar. Türkiyə 3,6% artımla ən böyük iqtisadiyyat statusunu qoruyub saxlayıb, Azərbaycan və Macarıstanda isə daha mülayim artım müşahidə olunub.

Ticarət və inteqrasiya: Yeni imkanlar

2025-ci ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,12 trilyon ABŞ dollarına çataraq qlobal ticarətin 3,6%-ni təşkil edib. Bu, regionun beynəlxalq ticarət sistemində rolunun gücləndiyini göstərir.

Türkiyə 638 milyard dollardan çox ticarət dövriyyəsi ilə lider mövqedədir. Qazaxıstan və Özbəkistan isə artan ixrac potensialı ilə seçilir. Xüsusilə bu ölkələrdə kənd təsərrüfatı və sənaye məhsullarının ixracında davamlı artım regional iqtisadi əməkdaşlığın genişlənməsi üçün zəmin yaradır.

Sənaye və kənd təsərrüfatında inkişaf

Sənaye sektoru iqtisadi artımın əsas drayverlərindən biri olaraq qalır. Qırğızıstan və Qazaxıstanda müvafiq olaraq 10,6% və 7,4% artım qeydə alınıb. Özbəkistan və Türkmənistanda da sənaye inkişafı davam edib.

Kənd təsərrüfatında isə Türkmənistan 7% artımla lider olub. Qazaxıstan, Özbəkistan və digər ölkələrdə də bu sahədə müsbət dinamika müşahidə edilir. Bu, ərzaq təhlükəsizliyi və ixrac imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Sabit kapitala yönələn investisiyaların artması uzunmüddətli iqtisadi dayanıqlığın əsas göstəricilərindən biridir. Qırğızıstan (18,4%) və Türkiyə (15,1%) bu sahədə liderlik edir. Qazaxıstan və Özbəkistan da ikirəqəmli artımla investisiya mühitinin cəlbediciliyini artırıb.

Bank sektorunda müşahidə olunan artım da diqqət çəkir. Xüsusilə Qırğızıstan və Türkiyədə aktivlərin sürətli artımı maliyyə vasitəçiliyinin genişləndiyini və real sektorun daha effektiv dəstəkləndiyini göstərir.

Büdcə siyasəti və fiskal dayanıqlıq

Dövlət büdcəsi göstəriciləri iqtisadi idarəetmənin effektivliyini əks etdirir. Şimali Kipr Türk Respublikasında və Qırğızıstanda büdcə gəlir və xərclərində yüksək artım qeydə alınıb. Azərbaycan, Türkiyə və Özbəkistan isə daha balanslı və sabit fiskal siyasət nümayiş etdirib.

Bu tendensiya göstərir ki, region ölkələri həm iqtisadi artımı təmin etməyə, həm də maliyyə sabitliyini qorumağa çalışır.

Ümumilikdə, 2025-ci ilin göstəriciləri türk dövlətlərinin qlobal iqtisadi artımı üstələdiyini, ticarət və investisiya sahəsində əhəmiyyətli irəliləyiş əldə etdiyini təsdiqləyir.

Artan inteqrasiya, genişlənən iqtisadi əməkdaşlıq və strateji layihələr fonunda Türk Dövlətləri Təşkilatı gələcəkdə daha güclü iqtisadi blok kimi formalaşa bilər. Bu isə həm region daxilində rifahın artmasına, həm də qlobal iqtisadi sistemdə yeni güc mərkəzinin yaranmasına şərait yaradır.

Orxan Vahidoğlu, “İki sahil”