29 oktyabr 2026 12:01
108

AMB-nin valyuta ehtiyatlarının artırılması ilə bağlı konkret hədəfi yoxdur

AMB ilin sonunadək 1 milyard dollar həcmində valyuta ala bilər
Azərbaycan Mərkəzi Bankı (AMB) ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirməyi və təxminən 1 milyard ABŞ dolları həcmində valyuta almağı gözləyir. Bankın valyuta ehtiyatlarının artırılması ilə bağlı konkret hədəfi və ya limiti yoxdur. Qərarlar valyuta alışlarının manat emissiyasına və inflyasiyaya mümkün təsirləri qiymətləndirildikdən sonra qəbul edilir.
Bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki, valyuta ehtiyatlarının müəyyən səviyyəyə çatdırılması və həmin həddə alış müdaxilələrinin dayandırılması nəzərdə tutulmur.
“Gözləntimiz odur ki, ilin sonunadək alışyönümlü müdaxilələrimiz davam edəcək. Təxminən 1 milyard ABŞ dolları həcmində alış həyata keçirə bilərik”, – deyə T.Kazımov qeyd edib.

AMB sədri bildirib ki, Mərkəzi Bank cari il ərzində 3,6 milyard ABŞ dolları həcmində valyuta alıb və bu əməliyyatlar müqabilində manat emissiyası həyata keçirilib. Bununla belə, emissiya edilən manat vəsaitlərinin iqtisadiyyata birbaşa təsiri onların hansı formada istifadə olunmasından asılıdır.
Onun sözlərinə görə, əlavə manat kütləsinin iqtisadiyyatda dərhal istifadə edilməsi inflyasiya proseslərini sürətləndirə bilər. Hazırda isə Mərkəzi Bank belə bir təsiri müşahidə etmir. Əlavə manat kütləsinin inflyasiyaya təsir göstərə biləcəyi əsas kanallardan biri kreditləşmədir. Kreditləşmənin artması isə iqtisadiyyatda kreditə olan tələbdən asılıdır.

“Hazırda valyuta ehtiyatlarının artırılması ilə bağlı müəyyən rəqəmdə dayanmaq kimi hədəfimiz və limitimiz yoxdur. Hər dəfə manat emissiyası həyata keçirdikdə onun inflyasiyaya təsirini qiymətləndiririk. Risk olmadığını gördükdə valyuta alışlarını davam etdiririk”, – deyə AMB sədri vurğulayıb.
T.Kazımov banklararası pul bazarında aktivliyin artırılması istiqamətində görülən işlərə də toxunub. O bildirib ki, Mərkəzi Bankın məqsədlərindən biri bankların sərbəst vəsaitlərini özündə yerləşdirmək əvəzinə, bir-birlərinə yönəltməsini təşviq etməkdir.

AMB sədrinin sözlərinə görə, əvvəllər banklar sərbəst vəsaitlərini digər banklarda yerləşdirməkdənsə, Mərkəzi Banka yerləşdirməyə üstünlük verirdilər. Sentyabrın 23-də qəbul edilən qərardan sonra Mərkəzi Bankın banklardan vəsait cəlb edərkən ödədiyi faiz dərəcəsinin 5 faizə endirilməsi banklararası bazarda əməliyyatları daha cəlbedici edib.
“Bizim məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini Mərkəzi Bankda yerləşdirməkdənsə, daha çox bir-birləri arasında yerləşdirsinlər. Təbii ki, kreditə tələb olduğu halda, banklar vəsaitlərini Mərkəzi Bankda saxlamaq əvəzinə kreditləşməyə də yönəldə bilərlər”, – deyə o bildirib.

T.Kazımov qeyd edib ki, bütün banklar banklararası pul bazarında iştirak edə bilirlər. Bununla yanaşı, bankların likvidlik ehtiyacları fərqlənir: bəzi banklarda sərbəst vəsaitlərin həcmi çox, digərlərində isə az olur.

Orxan Vahidoğlu, "İki sahil"