22 aprel 2026 01:27
126

“Hibrid sürətli reaksiya qrupu” nəyə xidmət edəcək?

Brüssel Ermənistana yeni missiyanın göndərilməsində məqsədin "Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaq" olduğunu vurğulayır

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gündəmini zəbt edib. Seçkilərdə hazırki baş nazir Nikol Paşinyanın qarşısında revanşist mövqeyi ilə tanınan Koçaryan və Ermənistan Milli Konqresinin təmsilçisi Samvel Karapetyan dayanıb. Rusmeyilli qüvvələrin Paşinyana qarşı koalisiya şəklində birləşməsi höküməti qorxuya salıb. Rusiyanın Ermənistandakı maşaları Paşinyanın məğlubiyyəti üçün indidən “şərləmə kompaniyası”na da başlayıblar. Sirr deyil ki, vəziyyətin ciddiləşdiyini anlayan hökumət Avropa İttifaqından (Aİ), seçkilərə müdaxilənin qarşısını almaq üçün dəstək istəyib. Məhz buna görə Aİ Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlılığını gücləndirmək məqsədilə bu ölkəyə missiya göndərməəyə qərar verib. Bu barədə bir neçə gün öncə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb. Missiya strateji və praktik məsləhətlər təqdim edəcək, həmçinin aidiyyəti nazirliklərə və təhlükəsizlik qurumlarına dəstək göstərəcək. Məlumata görə, Brüsseldəki Avropa İttifaqı səfirləri Ermənistana mülki missiya göndərmək qərarını təsdiqləyiblər. Bu, Aİ-nin Ermənistanda ikinci missiyası olacaq. Missiyanın mandatı, strukturu və müddəti ilə bağlı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Komissarından təklif alınıb. Sənədə əsasən, missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji və praktik məsləhətlər və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirəcək.

Məlumdur ki, ötən ilin avqustunda Ermənistanla Azərbaycan arasında paraflanmış sülh müqaviləsinə birgə sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsinə dair müddəa salınıb. Prezident İlham Əliyev 2024-cü ilin 14 oktyabrında Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi məhz sözügedən missiyadan bəhs etmişdi. Ölkəmizin başçısı missiyanın bölgədə mövculuğunun Azərbaycan - Aİ münasibətlərinə də mənfi təsir etdiyini qeyd etmişdi. Bildirmişdi ki, 2023-cü ildə “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. “Buna nə ehtiyac var idi?!,” – deyə sual edən Prezident İlham Əliyev Brüsseli konstruktivliyə xələl gətirən addımlara son qoymağa çağırmışdı. Amma “binokl diplomatiyası”ına üstünlük verən Aİ illər sonra yenidən eyni səhvi təkrarlamaqdadır. Dövlətimizin başçısı bu missiyanın əslində kəşfiyyatçı dəstələrdən ibarət olduğunu açıq şəkildə bəyan edib. Ötən il keçirilən XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında isə dövətimizin başçısı demişdi ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır: “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.

Brüssel isə yeni missiyanın göndərilməsində məqsədin "Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaq" olduğunu vurğulayır. Bir neçə gün əvvəl Baltikyanı ölkələrdən və Moldovadan mütəxəssislərin artıq Ermənistana gəldikləri barədə Ermənistanın “Past” nəşri yazmışdı. Bildirilirdi ki, həmin şəxslər Ermənistanda faktiki olaraq anti-Rusiya yönümlü praktiki fəaliyyət aparırlar. Yaxın günlərdə bir sıra Baltikyanı KİV nümayəndələri və ekspertlərinin də Ermənistana gələcəyi, müxtəlif rayon hotellərində ictimai sektor və vətəndaş cəmiyyəti təmsilçiləri üçün dezinformasiya və “hibrid” təhdidlərə qarşı cəmiyyətin dayanıqlığının gücləndirilməsi adı altında xüsusi təlimlər keçirəcəyi bildirilib.

Cənubi Qafqazın digər mühüm aktoru Azərbaycan üçün əsas prioritet regionda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılmasıdır. Brüsseldə aparılan müzakirələrdə Aİ-nin Ermənistana dəstəyinin Azərbaycanla sülh prosesinə mənfi təsir göstərməməsinin vacibliyinin xüsusi vurğulanması da bunu təsdiqləyir. Yeni missiyanın qeyd olunduğu kimi, daha çox hibrid təhdidlərə və seçki prosesinin qorunmasına yönələcəyi doğrudan da regionda sabitliyi gücləndirən və sülh gündəliyini dəstəkləyən amilə çevrilərsə, bu, Cənubi Qafqaz üçün müsbət presedent olacaq.

Eyni zamanda, ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh təşəbbüsləri və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar yeni regional konfiqurasiyanın formalaşmasına xidmət edir. Ermənistan daxilində bəzi ekspertlərin təhlükəsizlik asılılığını azaltmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını vacib sayması göstərir ki, regionun gələcəyi qarşılıqlı düşmənçilik modelindən əməkdaşlıq modelinə keçiddən asılıdır. Bu isə yalnız birtərəfli geosiyasi seçimlərlə deyil, balanslaşdırılmış və praqmatik siyasətlə mümkündür.

Hazırkı mərhələdə əsas sual ondan ibarətdir ki, Ermənistan qarşıdan gələn seçkiləri daxili sabitlik və xarici balansı qoruyaraq keçirə biləcəkmi? Əgər seçki prosesi legitim və şəffaf şəkildə baş tutarsa, bu, ölkənin beynəlxalq mövqelərini gücləndirə bilər. Əks halda, daxili siyasi parçalanma və xarici təsir iddiaları Ermənistanı daha dərin geosiyasi qarşıdurma meydanına çevirəcək. Bu isə bütövlükdə Cənubi Qafqazda sabitliyə mənfi təsir göstərər.

Sevinc Azadi, “İki sahil”