Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində sosial və humanitar istiqamətlər üzrə tədris olunan 3 təhsil proqramı beynəlxalq akkreditasiyadan uğurla keçərək müvafiq akkreditasiya sertifikatları ilə təltif olunub.
“İki sahil” xəbər verir ki, proqramların akkreditasiyası Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik (IQAA) tərəfindən həyata keçirilib. Qazaxıstanda fəaliyyət göstərən bu agentlik Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvüdür. Akkreditasiya prosesi çərçivəsində “Beynəlxalq hüquq”, “Konfliktologiya” və “Klinik psixologiya” ixtisaslaşmaları üzrə beynəlxalq ekspert komissiyaları tərəfindən Universitetdə kompleks qiymətləndirmə aparılıb. Prosedurlara uyğun olaraq keçirilən sahə səfəri zamanı ekspertlər tədris prosesini, idarəetmə mexanizmlərini və Universitetin ümumi fəaliyyətini yerində qiymətləndiriblər.
Ekspertlər akademik və inzibati heyət, tələbələr, məzunlar və işəgötürənlərlə görüşlər keçirərək təhsil proqramlarının məzmunu, tətbiq olunan müasir tədris metodları, keyfiyyət təminatı mexanizmləri və maddi-texniki baza ilə yaxından tanış olublar. Akkreditasiya prosesində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrinin iştirakı da təmin edilib.
Yekun qiymətləndirmənin nəticələrinə əsasən, sosial və humanitar istiqamətlər üzrə magistratura səviyyəsində tədris olunan 3 proqramın 5 il müddətinə (2031-ci ilədək) tam akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, bu akkreditasiya BDU-da həyata keçirilən təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləməklə yanaşı, Universitetin akademik mühitinin inkişafına və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.