Şamaxı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası, qarşıda duran vəzifələr və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, yerli qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə məlumat verib. İcra Hakimiyyətinin başçısı Dövlət Proqramının rayon üçün əhəmiyyəti, fermer və sahibkarlar üçün dövlət dəstəyinin önəmini qeyd edib. Həmçinin təsərrüfat subyektlərinin təşəbbüslərinin dəstəklənməsi, onların üzləşdiyi çətinliklərin aradan qaldırılması və aqrar fəaliyyət üçün əlverişli şəraitin yaradılması istiqamətində görülən tədbirlərdən danışıb.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Qeyd edib ki, qarşıdakı dövrdə əsas diqqət məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə, istehsal-emal əlaqələrinin gücləndirilməsinə və fermerlərin gəlirlərinin artırılmasına yönəldiləcək. Nazir müavini fermerlərin ehtiyaclarının nəzərə alınması və Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin bu istiqamətdə müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. O, Aqrar Subsidiya Şurasının 2026–2027-ci illər üzrə müəyyənləşdirdiyi yeni dəstək şərtlərini izah edərək, tətbiq olunan güzəştlərin istehsalçıların maliyyə imkanlarının yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına və aqrar fəaliyyətin təşviqinə xidmət etdiyini bildirib.
Sonda rayonun aqrar sahəsində mövcud vəziyyət, fermer və sahibkarların qarşılaşdığı məsələlər, Dövlət Proqramından irəli gələn tədbirlərin icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.