06 noyabr 2026 17:10
129

Kimya İnstitutunda “Zəfərin izi: Qəhrəmanlıq dastanı” adlı tədbir keçirilib

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin izi: Qəhrəmanlıq dastanı” adlı tədbir keçirilib.

Tədbirdə institutun sabiq əməkdaşı, şəhid Manaf Manafovun bacısı Mina Manaflı, Vətən müharibəsi iştirakçısı Tural Məhərrəmov, institutun kiçik elmi işçisi və şəhid İsgəndər Müseyiblinin bacısı Könül Müseyibli qonaq qismində iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən institutun direktoru professor Əfsun Sucayev noyabr ayının Azərbaycan tarixində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Günü kimi əlamətdar tarixlərin qeyd olunduğu noyabr ayı 2020-ci ildən etibarən həm də Zəfər Günü ilə yadda qalır. Direktor 8 Noyabrın Azərbaycan xalqının birlik və mübarizə əzminin təntənəsi olduğunu vurğulayıb. Bildirib ki, bu Qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyub və tarixi ədalətin bərpası ilə nəticələnib.

Əfsun Sucayev Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi sabitliyin təmin olunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ordu quruculuğu istiqamətində xidmətlərindən danışıb. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Ordusunun gücləndirilməsi, ölkənin iqtisadi imkanlarının artırılması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi Vətən müharibəsində əldə olunan Qələbənin əsasını təşkil edən amillərdəndir. Direktor 44 günlük müharibə zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyin və ordumuza göstərdiyi dəstəyin Zəfərin qazanılmasında xüsusi yeri olduğunu qeyd edib. O, Qələbənin şəhidlərimizin canı, qazilərimizin fədakarlığı bahasına əldə edildiyini vurğulayaraq şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.

Daha sonra institutun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova çıxış edərək Zəfər Gününün xalqımızın tarixi yaddaşında xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, 2020-ci ildə qazanılan Qələbə Azərbaycan xalqının uzun illər davam edən mübarizəsinin nəticəsidir. Onun sözlərinə görə, Vətən müharibəsində hərbçilərimiz döyüş meydanında qəhrəmanlıq göstərdiyi kimi, mülki vətəndaşlar da müxtəlif sahələrdə fəaliyyətləri ilə ölkəmizə dəstək olublar. Sevinc Həsənova bu gün alimlərin və tədqiqatçıların da öz fəaliyyətləri ilə ölkənin inkişafına xidmət etdiklərini diqqətə çatdırıb. Bildirib ki, Zəfərin tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması, şəhidlərimizin xatirəsinin yaşadılması hər bir vətəndaşın mənəvi borcudur.

İnstitutun sabiq əməkdaşı, şəhid Manaf Manafovun bacısı Mina Manaflı çıxışında şəhidlərin xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib. O, şəhid ailələri üçün doğmalarının unudulmamasının xüsusi mənəvi dəyər daşıdığını qeyd edib. Mina Manaflı Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıb.

İnstitutun kiçik elmi işçisi, şəhid İsgəndər Müseyiblinin bacısı Könül Müseyibli çıxışında Birinci Qarabağ müharibəsi dövründə xalqımızın üzləşdiyi haqsızlıqlardan və torpaqlarımızın işğalından danışıb. Bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı azad etmək əzmini bir daha nümayiş etdirib. O, həmin döyüşlərdən sonrakı dövrdə ordunun döyüş qabiliyyətinin daha da gücləndirildiyini diqqətə çatdırıb. Könül Müseyibli 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərini də xatırladaraq general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər hərbçilərimizin şəhid olmasının xalqımızda böyük sarsıntı yaratdığını bildirib. Qeyd edib ki, həmin ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnib.

O, qardaşı İsgəndər Müseyiblinin də Vətən müharibəsində iştirak etdiyini, döyüşlərdən sağ-salamat qayıtdığını bildirib. Qeyd edib ki, qardaşı müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbi fəaliyyətini davam etdirib və nümunəvi gizir kimi xidmət göstərib. İki övlad atası olan İsgəndər Müseyibli 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri zamanı Xankəndi-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Könül Həsənova Qarabağa son səfərindən də danışaraq həmin torpaqları ziyarət etməyin onun üçün mənəvi baxımdan ağır olduğunu bildirib. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, eyni zamanda, müharibənin və işğalın izlərini əks etdirən bəzi dağıntılar tarixi sübut kimi qorunub saxlanılır.

Ardınca Azərbaycanın Zəfər tarixindən bəhs edən videoçarx nümayiş olunub.

İnstitutun böyük laborantı İlahə Şərifova “Tarixi ədalətin təntənəsi” mövzusunda məruzə ilə çıxış edib. O, 44 günlük Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi xalqımızın tarixi ədalət uğrunda mübarizəsinin nəticəsidir. Məruzəçi Zəfərin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığını və xalqın birliyini xüsusi vurğulayıb.

İnstitutun elmi işçisi Aygün İsazadə “Müzəffər müəllimim deyə bilənim” adlı məruzə ilə çıxış edib. O, Vətən müharibəsi dövründə Azərbaycan hərbçilərinin göstərdikləri qəhrəmanlıqdan, onların şəxsi həyat hekayələrindən və cəmiyyət üçün nümunə olan fədakarlıqlarından danışıb. Bildirib ki, müharibədə iştirak etmiş müəllimlərin, elm və təhsil işçilərinin həyat yolu gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından xüsusi məna daşıyır.

İnstitutun Həmkarlar Təşkilatının sədri Vüsalə Məcidzadə “Dəmir yumruq” adlı məruzəsində Zəfərin altıncı ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. O, “Dəmir yumruq” ifadəsinin Vətən müharibəsi dövründə Azərbaycan xalqının birliyinin və ordumuzun gücünün rəmzinə çevrildiyini bildirib. Qeyd edib ki, müharibə günlərində xalqın Prezident və Ordu ətrafında birləşməsi Qələbəyə olan inamı daha da gücləndirib. Vüsalə Məcidzadə şəhidlərin xatirəsinin yaşadılmasının və onların ailələrinə diqqət göstərilməsinin hər zaman cəmiyyətin diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayıb.

Daha sonra institutun ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Aysel Ağayeva “Zəfərdən sonra başlayan məsuliyyət” adlı məruzə ilə çıxış edib. O, 44 günlük Vətən müharibəsi dövründə informasiya mübarizəsindən, jurnalistlərin üzərinə düşən məsuliyyətdən və Qələbə günlərində yaşanan sevinc hisslərindən danışıb. Müharibədən sonra Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsini yad edib. Aysel Ağayeva şəhid ailələri ilə görüşlərindən də söz açaraq Zəfərin hansı itkilər və fədakarlıqlar hesabına qazanıldığını unutmamağın, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmağın hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.