Rəqəmsal texnologiyaların gündəlik həyatımızda tutduğu yer genişləndikcə kompüter, telefon və planşet qarşısında keçirdiyimiz vaxt da artır. Bu dəyişiklik həyatımızı asanlaşdırsa da, göz sağlamlığı ilə bağlı bir sıra problemləri, xüsusilə göz yorğunluğu, quruluq və uşaqlarda yaxından görmə – miopiya riskini daha aktual edir. Bəs uzun müddət ekrana baxmaq görmə qabiliyyətinə hansı təsirləri göstərir, mavi işıqla bağlı narahatlıqlar nə dərəcədə əsaslıdır və göz sağlamlığını qorumaq üçün hansı qaydalara əməl etməliyik?
Bu və digər sualları “Caspianinfo”ya müsahibəsində Dünyagöz Xəstəxanasının cərrah-oftalmoloqu, uzman doktor Arif Məlikov cavablandırıb. Müsahibədə rəqəmsal göz yorğunluğunun əlamətləri, uşaqlarda miopiyanın yaranma və inkişaf riskləri, ekran istifadəsinin düzgün təşkili və göz sağlamlığının qorunması yolları barədə ətraflı danışılıb.
- Son illərdə kompüter, telefon və planşet istifadəsinin artması göz sağlamlığına necə təsir göstərib? Kliniki praktikada bununla bağlı hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Son illərdə rəqəmsal cihazlardan istifadə müddətinin ciddi şəkildə artdığını müşahidə edirik və bunun göz sağlamlığına təsiri də praktikada özünü göstərir. Xəstələr daha çox bizə göz quruluğu, yanma, batma, qızartı, gözlərdə ağırlıq hissi, baş ağrısı və günün sonunda görmənin müvəqqəti bulanıqlaşması kimi şikayətlər ilə müraciət edirlər.
Bu şikayətlərin başında astenopiya – yəni göz yorğunluğu gəlir. Uzun müddət yaxın məsafəyə fokuslanan, xüsusilə də ekrana fasiləsiz və yüksək diqqətlə baxan insanlarda daha sıx görülür.
Göz quruluğunun əsas səbəblərindən biri ekrana diqqətlə baxarkən göz qırpma sayının azalmasıdır. Normalda insan dəqiqədə təxminən 15–20 dəfə göz qırpır, ekran qarşısında isə bu göstərici əhəmiyyətli dərəcədə azalır. Nəticədə göz səthindəki gözyaşı təbəqəsi daha sürətlə buxarlanır və quruluq əlamətləri yaranır.
Uşaqlarda isə məsələ bir qədər fərqlidir. Uzun müddətli yaxın məsafəli fəaliyyətlər və açıq havada az vaxt keçirmək miyopiyanın(yaxından görmə) yaranması və proqressivləşməsi ilə əlaqələndirilir.
- “Rəqəmsal göz yorğunluğu” (Digital Eye Strain) nədir və insanlar bu problemin ilk əlamətlərini necə tanıya bilərlər?
- “Rəqəmsal göz yorğunluğu” uzun müddət kompüter, telefon, planşet və digər rəqəmsal ekranlardan istifadə nəticəsində yaranan göz və görmə ilə əlaqəli simptomlar toplusudur.
Ən çox rast gəlinən əlamətlər gözlərdə yorğunluq və ağırlıq hissi, yanma və batma, quruluq, qızartı, işığa həssaslıq, baş ağrısı və müvəqqəti bulanıq görmədir. Bəzi insanlarda boyun və çiyin nahiyəsində də narahatlıq yarana bilər. Pasiyentlər xüsusilə günün sonunda “gözlərim yorulur”, “sanki gözümün içində qum var”, “ekrandan ayrıldıqdan sonra uzağı bir müddət yaxşı görə bilmirəm” kimi şikayətlər bildirirlərsə, bu, “rəqəmsal göz yorğunluğu”nun əlamətləri ola bilər.
- Uzun müddət ekrana baxmaq görmə zəifliyinə və ya eynəkdən asılılığın artmasına səbəb ola bilərmi?

- Burada çox vacib bir məqamı ayırmaq lazımdır. Böyüklərdə uzun müddət ekrana baxmaq birbaşa olaraq gözü “korlamır” və insanı avtomatik olaraq eynək taxmağa məcbur etmir. Lakin uzun müddət yaxın məsafəyə baxmaq gözün fokuslama əzələlərinin (akkomodasiya) spazmına və nəticədə uzağı bulanıq görməyə (yalançı miopiya) səbəb olur. Uşaqlarda isə vəziyyət fərqlidir. Yaxın məsafəli fəaliyyətlərin çoxluğu miyopiyanın (yaxından görmə) yaranması və proqressivləşməsi üçün risk faktorudur.
- Uşaqlarda ekran qarşısında keçirilən vaxtın artması gələcəkdə hansı göz problemlərinin yaranma riskini yüksəldir?
- Uşaqlarda bizi ən çox narahat edən məsələlərdən biri miyopiyanın (yaxından görmə) daha erkən yaşlarda başlaması və zamanla proqressivləşməsidir. Müasir tədqiqatlar göstərir ki, uzun müddətli yaxın məsafəli fəaliyyətlərlə yanaşı, uşaqların açıq havada az vaxt keçirməsi miyopiya üçün mühüm risk faktorlarıdır. Açıq havada gündə ən azı təxminən 90 dəqiqə vaxt keçirmək miyopiyanın yaranma riskinin azalması ilə əlaqələndirilir. Yəni məsələ sadəcə “telefon göz nömrəsini artırır” qədər sadə deyil. Burada uşağın yaşı, genetik meylliliyi, yaxın məsafəli fəaliyyətlərin müddəti və açıq havada keçirdiyi vaxt kimi bir çox faktor rol oynayır.
Bundan əlavə, uşaqlarda uzun müddət ekrana baxmaq göz quruluğu və göz yorğunluğu kimi şikayətlərə də səbəb ola bilər.
Ona görə valideynlər üçün əsas mesajım budur: uşağın həyatından texnologiyanı tamamilə çıxarmaq deyil, ekran, yaxın məsafəli fəaliyyət, yuxu, fiziki aktivlik və açıq hava arasında sağlam balans yaratmaqdır.

- Ekrandan yayılan mavi işığın gözlərə təsiri ilə bağlı elmi araşdırmalar nə göstərir? Bu risklər nə dərəcədə realdır?
- Mavi işıq haqqında cəmiyyətdə müəyyən qədər şişirdilmiş fikirlər var. Mövcud elmi məlumatlara əsasən, gündəlik istifadə zamanı kompüter, telefon və planşet ekranlarından gələn mavi işığın gözə qalıcı zərər verdiyini göstərən kifayət qədər sübut yoxdur.
Lakin mavi işığın başqa bir təsiri var: xüsusilə gecə saatlarında və yatmazdan əvvəl ekran istifadəsi yuxu ritminə təsir göstərə bilər. Bu səbəbdən yatmazdan əvvəl ekran qarşısında uzun müddət qalmamaq tövsiyyə olunur. Yəni, burada əsas problem çox vaxt mavi işığın gözümüzü “yandırması” deyil, ekran qarşısında uzun müddət qalmaq, az göz qırpmaq və xüsusilə gecə saatlarında ekran istifadəsidir.
- Göz yorğunluğunu və quruluğunu azaltmaq üçün gündəlik həyatda hansı sadə, lakin effektiv qaydalara əməl etmək lazımdır?
- Ən sadə, amma effektiv qaydalardan biri 20-20-20 qaydasıdır: hər 20 dəqiqədən bir, ən azı 20 saniyə ərzində təxminən 6 metr (20 fut) uzaqdakı bir obyektə baxmaq.
Bundan əlavə:
* Ekrana baxarkən şüurlu şəkildə daha tez-tez göz qırpmaq;
* Ekranı gözə çox yaxın saxlamamaq: ekran göz səviyyəsindən 10-15 dərəcə aşağıda və 50-70 sm məsafədə yerləşdirilməlidir;
* Otağın işıqlandırmasını düzgün təşkil etmək: qaranlıq otaqda parlaq ekrana baxmayın;
* Uzunmüddətli fasiləsiz ekran istifadəsindən qaçmaq;
* Gözlərdə quruluq varsa, oftalmoloqun məsləhəti ilə uyğun süni göz yaşı preparatlarından istifadə etmək.

- Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə göz sağlamlığını uzunmüddətli qorumaq üçün cəmiyyətə əsas tövsiyələriniz nələrdir?
- Mənim fikrimcə, əsas məqsəd texnologiyadan imtina etmək deyil, ondan düzgün istifadə etməyi öyrənməkdir. Telefon, kompüter və planşet artıq həyatımızın bir hissəsidir və onlardan tamamilə uzaqlaşmaq real deyil. Böyüklər üçün əsas tövsiyəm ekran qarşısında uzun müddət fasiləsiz qalmamaq, mütəmadi gözləri dincəltmək, göz qırpmağı unutmamaq və hər hansı davamlı şikayət olduqda oftalmoloqa müraciət etməkdir.
Uşaqlarda isə məsələ daha ciddi yanaşma tələb edir. Onların gün ərzində açıq havada kifayət qədər vaxt keçirməsi, yaxın məsafəli fəaliyyətlərə fasilələr verilməsi və müntəzəm göz müayinəsindən keçməsi vacibdir. Ən əsası isə valideynlər uşaqlara nümunə olmalıdırlar. Uşağa “telefonu kənara qoy” deyib özümüz saatlarla telefondan istifadə ediriksə, verdiyimiz mesaj çox təsirli olmayacaq.
Unutmayaq ki, göz sağlamlığı yalnız ekrandan nə qədər istifadə etdiyimizlə deyil, ekrandan necə istifadə etdiyimizlə də bağlıdır.
Caspianinfo.az
FHN Sumqayıtda əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri keçirilib
Kənd Təsərrüfatı Nazirliyi: Fermerlərə 2025-ci il üzrə pambıq subsidiyaları tam ödənilib