10 aprel 2026 12:15
159

Müəllimlik səbr, məsuliyyət və sevgi tələb edən müqəddəs bir peşədir

Təhsil insanlığın ən böyük mənəvi sərvəti, müəllim isə bu sərvəti nəsildən-nəslə ötürən ən etibarlı körpüdür. Müəllimlik sadəcə bir peşə deyil, insanın düşüncəsini, xarakterini və gələcəyə baxışını formalaşdıran müqəddəs bir missiyadır. Bu missiyanı böyük məsuliyyət, sevgi və peşəkarlıqla daşıyan müəllimlərdən biri də Şüvəlan qəsəbəsində yerləşən İlqar Muradov adına 237 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səmayə Vəliyevadır.

O, coğrafiyanı şagirdlərinə xəritələr və statistik məlumatlar kimi deyil, həyatın özü kimi təqdim edən, hər dərsi bir düşüncə səyahətinə çevirən pedaqoqlardandır.Onun pedaqoji yoluna baxdıqda sadə bir başlanğıc deyil, məqsədyönlü bir formalaşma görünür. 6 ildir coğrafiya müəllimi kimi çalışan Səmayə müəllimə 1 il Füzuli rayonunda, daha sonra isə 237 saylı tam orta məktəbdə fəaliyyət göstərib. Onun üçün müəllimlik yalnız peşə deyil, insan həyatına yön verən bir missiyadır. Şagirdlərində dünyanı anlamaq, hadisələri analiz etmək və ətraf aləmə daha geniş baxış bucağından baxmaq bacarığı formalaşdırmaq onun əsas pedaqoji hədəfidir.

İnsan sevdiyi sahəni yalnız hobbi kimi deyil, həyat yolu kimi seçməlidir

Coğrafiyaya marağının yaranması isə çox erkən dövrlərə təsadüf edir. Məktəb illərindən xəritələrə, ölkələrə və təbiət hadisələrinə xüsusi maraq göstərən Səmayə müəllimə zamanla bu marağın təsadüfi olmadığını anlayır. Səyahətə olan həvəsi bu marağı daha da dərinləşdirir və nəticədə coğrafiya onun gələcək peşəsinə çevrilir. Onun düşüncəsinə görə, insan sevdiyi sahəni yalnız hobbi kimi deyil, həyat yolu kimi seçməlidir.

Müəllim təkcə bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran bir gücdür

Müəllimlik peşəsinə gətirən yol isə sadəcə seçim deyil, daxili bir çağırış kimi formalaşıb. O, müəllimliyi səbir, məsuliyyət və sevgi tələb edən müqəddəs bir sənət kimi dəyərləndirir. Eyni zamanda, bu peşəni daim öyrənmək və özünü yeniləmək prosesi kimi görür. Onun fikrincə, müəllim təkcə bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran bir gücdür.

Bu peşənin çətinlikləri də az deyil. Hər şagirdə fərdi yanaşmaq, onların psixoloji dünyasını anlamaq və eyni zamanda tədrisin keyfiyyətini qorumaq müəllimdən böyük məsuliyyət tələb edir. Səmayə müəllimə bu prosesi pedaqoji sənətin ən mürəkkəb, amma eyni zamanda ən dəyərli tərəfi hesab edir.

Füzulidə keçilən ilk dərslər: həm həyəcan, həm də böyük məsuliyyət hissi...

Onun ilk dərs təcrübəsi isə yaddaşında xüsusi yer tutur. Füzuli rayonunda, Vətən müharibəsinin yaratdığı həssas dövrdə keçdiyi ilk dərslər həm həyəcan, həm də böyük məsuliyyət hissi ilə yadda qalıb. O günlərdə şagirdlərlə yaranan emosional bağ zamanla güclənərək daha dərin bir pedaqoji münasibətə çevrilib.

Müəllimlik yolunda onu formalaşdıran amillərdən biri də öz müəllimlərindən aldığı dəstək olub. Kənd məktəbində oxumasına baxmayaraq, onun potensialına inanan müəllimlərin yanaşması bu gün onun pedaqoji üslubuna təsir göstərib. O, bu dəstəyi heç vaxt unutmur və bunu öz müəllimlik yolunun əsas dayaqlarından biri kimi qiymətləndirir.

Texnologiyanın təhsilə inteqrasiyası

Müasir təhsil mühitini dəyərləndirərkən Səmayə müəllimə qeyd edir ki, indiki şagirdlər daha informasiyalıdır, lakin diqqət dağınıqlığı daha çoxdur. Buna görə müəllim artıq təkcə bilik mənbəyi deyil, həm də istiqamətverici şəxsiyyət olmalıdır. Onun fikrincə, müəllim daha yaradıcı, daha ədalətli və daha çevik olmalıdır ki, şagirdin dünyasında yer tuta bilsin.

Texnologiyanın təhsilə inteqrasiyası onun dərslərində də öz əksini tapır. Süni intellekt alətlərindən istifadə etməsi, hətta dərs üçün xüsusi avatar yaratması onun innovasiyaya açıq olduğunu göstərir. Amma o, bütün bunlara baxmayaraq, müəllimin rolunun heç vaxt əvəz olunmayacağını qəti şəkildə vurğulayır. Çünki məktəb yalnız bilik deyil, həm də tərbiyə mühitidir və bu mühiti formalaşdıran əsas fiqur müəllimdir.

Səmayə müəllimənin ən böyük motivasiyası şagirdlərinin uğurlarıdır. Ali məktəbə qəbul olan, yarışlarda qalib gələn şagirdlər onun üçün ən böyük qürur mənbəyidir. Xüsusilə çətinlik yaşayan bir şagirdin zamanla dəyişməsi və inkişaf etməsi onun pedaqoji fəaliyyətində ən unudulmaz hadisələrdən biri kimi qalır.

Onun fikrincə, coğrafiya sadəcə bir fənn deyil, dünyanı anlamaq üçün açar rolunu oynayır. Bu elmin insanı daha geniş düşünməyə vadar etdiyini, həyatın hər sahəsi ilə bağlı olduğunu xüsusi vurğulayır. Buna görə də coğrafiyanın həm nəzəri, həm də praktik tərəfi gücləndirilməlidir.

Gələcəyə baxışında isə daha innovativ tədris metodlarının tətbiqi dayanır. O, şagirdlərinə yalnız bilik verməyi deyil, onları düşünən, analiz edən və ədalətli insan kimi yetişdirməyi əsas məqsəd hesab edir. Müəllimlik onun üçün sadəcə bir peşə deyil, gələcək nəsillərə yön verən bir həyat missiyasıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”