Layihənin məqsədi əmək bazarından uzun müddət kənarda qalan və sosial cəhətdən həssas olan qadınların dayanıqlı məşğulluğuna dəstək göstərməkdir.
“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Zərif iş gücü” layihəsinə qeydiyyat başlayıb.
“Zərif iş gücü” layihəsinin əsas məqsədi əmək bazarından uzun müddət kənarda qalan və sosial cəhətdən həssas olan qadınların iqtisadi müstəqilliyini gücləndirmək, peşə bacarıqlarının inkişafını təmin etməklə onları müasir əmək bazarının tələblərinə cavab verən kadr kimi yetişdirmək və dayanıqlı məşğulluğa çıxış imkanlarını artırmaqdır.
Layihənin əsas diqqət mərkəzində iqtisadi müstəqillik əldə etməkdə çətinlik çəkən və dəstəyə ehtiyacı olan qadın qrupları (şəhid ailəsi üzvləri, tək valideyn, sosial məzuniyyətdən qayıdan və iş tapmaqda çətinlik çəkən qadınlar və s.) dayanır.
Layihəyə qoşulmaq istəyən namizədlər bir neçə mərhələdən keçəcəklər. Onlayn qeydiyyat mərhələsində layihəyə uyğun olduqları təsdiqlənən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Yekun seçim mərhələsində uğurlu olan namizədlər peşə təlimlərinə cəlb olunacaqlar, həmçinin karyera məsləhəti xidmətlərindən faydalanacaqlar.
Qeydiyyatdan keçmək üçün link: https://survey.sosial.gov.az/zerifisgucu
Son qeydiyyat tarixi 15 apreldir.