26 mart 2026 11:22
113

Novruz 2026” düşərgəsində təhsil işçiləri üçün süni intellekt mövzusunda təlim keçirilib

21–25 mart tarixlərində təşkil olunan “Novruz 2026” düşərgəsi çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzvləri üçün “Təhsildə süni intellekt: yeni perspektivlər” mövzusunda maarifləndirici təlim keçirilib.

“İki sahil” xəbər verir ki, təlim Mədəniyyət və İncəsənət Universitetinin Televiziya və Kino Studiyasının müdiri, süni intellekt üzrə mütəxəssis Azər Həsənov tərəfindən təqdim olunub. Tədbirin əsas məqsədi təhsil işçilərini süni intellekt texnologiyalarının imkanları ilə tanış etmək, onların tədris prosesində praktik tətbiq yollarını göstərmək və müasir rəqəmsal alətlərdən səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək olub.

Məlumat üçün bildirək ki, düşərgə iştirakçılarının çoxsaylı istəyi nəzərə alınaraq “Təhsildə süni intellekt: yeni perspektivlər” mövzusunda maarifləndirici təlim düşərgənin son günündə açıq hava şəraitində növbəti dəfə təşkil olundu.

Təlim zamanı iştirakçılara süni intellektin ümumi prinsipləri, müəllim və tələbələr üçün istifadəsi, dərs prosesinə inteqrasiyası, eləcə də məzmun yaradılması, vizual və video generasiya imkanları barədə praktiki nümunələr təqdim edilib. Bununla yanaşı, süni intellektdən istifadə zamanı etik qaydalar, akademik dürüstlük və plagiat məsələlərinə də xüsusi diqqət yetirilib.

Sessiya interaktiv müzakirələr və sual-cavab formatında davam edib. Təhsil işçilərinin fəal iştirakı ilə keçən görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu cür təlimlər təhsil işçilərinin rəqəmsal bacarıqlarının artırılması və müasir texnologiyaların tədris mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.