27 sentyabr 2026 09:00
82

27 Sentyabr: Qürur, ehtiram və tarixi Zəfərin başlanğıcı

27 Sentyabr - Vətən müharibəsində canlarını torpaqlarımızın azadlığı uğrunda fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz Anım Günüdür. Bu tarix təkcə təqvimdəki bir gün deyil, Azərbaycan xalqının birlik, iradə və zəfər ruhunun təcəssümü, qürur və kədərin qovuşduğu müqəddəs bir andır. 2020-ci ilin məhz bu günündən başlayan 44 günlük Vətən müharibəsi torpaq həsrətimizə son qoyaraq tariximizə qızıl hərflərlə yazılan Böyük Zəfərin təməlini qoydu.

Yaxın tarixə nəzər salsaq görərik ki, 1988-ci ildən başlayan Qarabağ hadisələri nəticəsində tarixi torpaqlarımız işğal olundu, on minlərlə günahsız insan, o cümlədən uşaqlar və qocalar öldürüldü, yüz minlərlə həmvətənimiz öz tarixi torpaqlarından didərgin düşdü. Şəhərlər, kəndlər dağıldı, tarixi və mədəniyyət abidələrimiz məhv edildi. Azərbaycan dövləti dəfələrlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, qarşı tərəf beynəlxalq hüquq qaydalarını kobud şəkildə pozur, məsələnin həlli üçün uzun illər aparılan danışıqları nəticəsiz qoyurdu. Bu müddət ərzində Azərbaycan tarixi torpaqlarının işğalı ilə barışmadığını dəfələrlə nümayiş etdirmişdi. 2016-cı ilin aprel ayında Lələtəpədəki, 2020-ci ilin iyul ayında Tovuzdakı döyüşlər və s. bunun bariz nümunəsidir.

İşğalçı Ermənistanın çirkin siyasətini davam etdirməsi, dinc əhaliyə mütəmadi atəş açması, ərazilərimizdə təxribatlar törətməsi dövlətin və xalqın səbr kasasını doldurmuşdu. 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyev cəbhə boyu əks-hücuma keçmək haqqında əmr verdi. Ali Baş Komandanın müdrik rəhbərliyi ilə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki əhali həmrəylik, əzm və iradə nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Həmin günlərdə Səfərbərlik və hərbi çağırış xidməti idarələrinin qarşısı gənclərlə, ehtiyatda olan zabitlərlə dolu idi. Hər bir azərbaycanlı əsgərlərimizin yanında olmaq, onlarla birgə döyüşmək istəyirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günündə Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətinə əməl edən əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-Xalq-Ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun “yenilməz ordusu” döyüş meydanında darmadağın edildi, diz çökdü. Beləliklə, 44 gündən sonra Müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, haqq savaşında ZƏFƏR çaldı.

Azərbaycan Ordusu 27 sentyabrdan noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

2023-cü il sentyabrın 19-da üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı, nəticədə erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Beləliklə, Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları alt-üst edərək torpaqlarına sahib çıxdı. Sovet dövründən miras qalmış “Dağlıq Qarabağ” söz birləşməsi leksikondan çıxarıldı, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidləri təsis olundu. Doğma torpaqlarımız öz sahibləri ilə bərabər, həm də öz tarixi adlarına qovuşdu. Vətən müharibəsi zamanı 3000-ə yaxın hərbçimiz şəhid oldu, 7 nəfər itkin düşdü, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi.

Azərbaycan xalqı, Azərbaycan Ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etmədi, həm də milli qürurunu, milli ləyaqətini bərpa etdi, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşdirdi. Bu həqiqət Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilmişdir. Dövlət başçısının 2021-ci ilin 27 sentyabr tarixində xalqa müraciəti buna sübutdur. Prezident İlham Əliyev həmin tarixi müraciətində demişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

44 günlük Vətən müharibəsinin başlamasından artıq altı il ötür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Biz sadəcə 27 sentyabr tarixində deyil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk. Çünki dövlətimizin ərazi bütövlüyü məhz onların sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılmışdır.

Sevinc Azadi, “İki sahil”