Azərbaycan dövlətinin sosial siyasətində vətəndaşların rifahının yüksəldilməsi ilə yanaşı, ölkənin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında xüsusi xidmət göstərən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Son günlər hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatı ilə bağlı gündəmə gətirilən yeni islahatlar bu siyasətin növbəti mərhələsi kimi xüsusi diqqət çəkir.
Bu qərarın əhəmiyyəti yalnız əməkhaqqının artırılması ilə məhdudlaşmır. Təklif olunan yeni sistemdə hərbi qulluqçuların pul təminatının daha vahid və şəffaf mexanizm əsasında formalaşdırılması nəzərdə tutulur. Çoxsaylı əlavələrin və birdəfəlik ödənişlərin yenidən nəzərdən keçirilməsi, vəzifə və rütbə maaşlarının yeni prinsiplərlə müəyyənləşdirilməsi, xidmətin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığının nəzərə alınması planlaşdırılır.
İslahat paketinin mühüm tərəflərindən biri də hərbi qulluqçuların pensiya təminatı ilə bağlı yanaşmanın dəyişdirilməsidir. Təklif olunan mexanizmə əsasən, gələcəkdə pensiyanın yalnız sonuncu təminat xərcliyinə bağlılığı aradan qaldırılaraq fərdi şəxsi hesabda toplanmış pensiya kapitalının da əsas götürülməsi nəzərdə tutulur. Bununla hərbi qulluqçunun xidmət müddəti, əməkhaqqı və gələcək pensiya təminatı arasında daha sistemli əlaqənin yaradılması məqsədi qarşıya qoyulur.
Əslində, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi yeni başlayan proses deyil. 2025-ci il yanvarın 1-dən Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdı. Bu baxımdan, yeni islahat təşəbbüsü hərbi qulluqçuların maddi təminatının mərhələli şəkildə yaxşılaşdırılması siyasətinin davamı kimi nəzərdən keçirilə bilər.
Məsələnin digər mühüm tərəfi hərbi qulluqçuların ailələrinin sosial rifahıdır. Hərbi xidmət yalnız hərbi qulluqçunun özünün deyil, onun ailəsinin də həyatına birbaşa təsir edən xüsusi fəaliyyət sahəsidir. Bu səbəbdən əməkhaqqının və pensiya təminatının yaxşılaşdırılması ailələrin sosial sabitliyinə də müsbət təsir göstərə biləcək amillər sırasında yer alır.
Son illərdə şəhid ailələri, müharibə iştirakçıları və digər həssas sosial qruplarla bağlı həyata keçirilən tədbirlər də dövlətin sosial siyasətində xüsusi yanaşmanın formalaşdığını göstərir. Bu siyasətin hərbi qulluqçuların aktiv xidmət dövründən pensiya təminatına qədər bütün mərhələləri əhatə edən daha sistemli mexanizmlərlə tamamlanması sosial dövlət konsepsiyasının inkişafı baxımından əhəmiyyətlidir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər və sonrakı dövrdə ərazi bütövlüyünün və suverenliyin tam bərpası ordunun şəxsi heyətinin peşəkarlığının və fədakarlığının əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu baxımdan hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi yalnız sosial məsələ deyil, həm də peşəkar və dayanıqlı ordu quruculuğunun mühüm elementlərindən biridir.
Yeni islahatların maliyyələşdirilməsi üçün 550 milyon manatadək əlavə vəsaitin nəzərdə tutulması dövlətin bu istiqamətə verdiyi resurs əhəmiyyətini də göstərir. Əməkhaqqının artırılması ilə yanaşı, pensiya sisteminin yenilənməsi və pul təminatı mexanizminin sadələşdirilməsi hərbi qulluqçuların sosial müdafiəsini daha bütöv sistemə çevirmək məqsədi daşıyır.
Son günlər gündəmə gələn hərbi-sosial islahat paketi hərbi qulluqçuların yalnız bugünkü maddi təminatını deyil, onların gələcək sosial təminatını da nəzərə alan kompleks yanaşma ilə xarakterizə olunur. Əməkhaqqı artımı, pensiya kapitalının formalaşdırılması, ödəniş mexanizmlərinin sadələşdirilməsi və xidmətin xüsusiyyətlərinin təminat sistemində nəzərə alınması hərbi qulluqçuların sosial müdafiəsinin yeni mərhələyə keçirilməsi məqsədini ortaya qoyur.
Bu proses eyni zamanda dövlətin insan amilinə, xüsusilə Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında mühüm rol oynayan hərbi qulluqçulara münasibətinin sosial siyasətdə öz əksini tapmasının göstəricisidir.
Əminə Ağazadə,
Milli Məclisin deputatı