26 sentyabr 2026 12:40
135

27 Sentyabr: Şəhidlərin müqəddəs xatirəsindən Zəfər salnaməsinə

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxmış, Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın müqəddəs xatirəsini yaşadan əlamətdar gündür. Bu tarix həm böyük itkilərimizin ağrısını, həm də həmin fədakarlıqların nəticəsində əldə etdiyimiz tarixi Zəfərin qürurunu özündə birləşdirir. Anım Günü şəhidlərimizin ruhu qarşısında baş əydiyimiz, onların Vətən naminə göstərdikləri misilsiz şücaəti bir daha xatırladığımız gündür. Eyni zamanda bu tarix Azərbaycanın hansı ağır sınaqlardan keçərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini dərk etmək baxımından mühüm mənəvi əhəmiyyət daşıyır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və mövqelərini atəşə tutması ilə başlayan genişmiqyaslı hərbi təxribat Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıq və qəhrəmanlıqla yerinə yetirdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini yazdı. Döyüş meydanında göstərilən qəhrəmanlıq, xalqımızın sarsılmaz həmrəyliyi və dövlətimizin qətiyyətli mövqeyi nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edildi.

Zəfərin təməlində dayanan dövlətçilik siyasəti

Bu Zəfər təsadüfi və bir günün nəticəsi deyildi. Onun arxasında Azərbaycan dövlətinin illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi və siyasi gücün artırılması, müasir ordu quruculuğu, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və ən əsası, milli iradənin formalaşdırılması dayanırdı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Azərbaycan bütün istiqamətlərdə gücləndi, ordumuz müasir silah və texnologiyalarla təchiz edildi, hərbi qulluqçuların peşəkarlığı və döyüş hazırlığı yüksəldildi. Dövlətimizin iqtisadi imkanlarının genişlənməsi isə güclü ordu quruculuğunun əsas dayaqlarından birinə çevrildi.

Azərbaycanın siyasi rəhbərliyi uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə etdi. Lakin Ermənistanın işğal siyasətindən geri çəkilməməsi, beynəlxalq hüququn tələblərinə məhəl qoymaması və yeni təxribatlara əl atması münaqişənin dinc yolla həlli imkanlarını getdikcə məhdudlaşdırdı. Ermənistanın 2020-ci ilin sentyabrında növbəti hərbi təxribatı isə Azərbaycanın özünümüdafiə hüququnu həyata keçirməsinə və işğala son qoymaq üçün hərbi əməliyyatlara başlamasına səbəb oldu.

Azərbaycan əsgərinin qəhrəmanlıq yolu

Vətən müharibəsinin hər günü Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığını nümayiş etdirdi. Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və digər yaşayış məntəqələrinin azad edilməsi ilə Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyü daha da möhkəmləndi. Lakin qarşıda ən çətin sınaqlardan biri dayanırdı. Azərbaycan hərbçisi yüksək dağlıq ərazilərdə, ağır relyef şəraitində, möhkəmləndirilmiş düşmən mövqelərinə qarşı döyüşərək irəliləyirdi. Bu mübarizənin ən möhtəşəm səhifələrindən biri Şuşanın azad edilməsi oldu. Şuşanın azadlığı Azərbaycan əsgərinin cəsarətinin, peşəkarlığının və Vətən sevgisinin simvoluna çevrildi.

Şuşanın azad edilməsindən sonra Ermənistanın müharibəni davam etdirmək imkanları tamamilə tükəndi. Ermənistan kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı Azərbaycan ərazilərindən çıxmağa məcbur oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Bununla Azərbaycan xalqının uzun illər davam edən torpaq həsrətinə son qoyuldu, işğal altında olan ərazilərimizin böyük hissəsi hərbi yolla, digər rayonlarımız isə razılaşma əsasında Azərbaycanın nəzarətinə qaytarıldı.

Şəhidlərin qanı ilə yazılan Zəfər

Bu tarixi prosesin ən böyük qəhrəmanları şəhidlərimizdir. Onlar Vətənin azadlığı naminə öz həyatlarını fəda etdilər. Şəhidlərimizin hər biri Azərbaycan tarixinin şərəfli səhifəsinə öz adını yazdı. Onların arasında müxtəlif yaşlarda, müxtəlif bölgələrdən olan insanlar vardı. Lakin onları bir amal birləşdirirdi – Azərbaycan torpaqlarının azadlığı. Hər bir şəhidimizin həyatında ayrıca bir qəhrəmanlıq salnaməsi, hər bir ailəsində isə Vətən müharibəsinin ağrısını və qürurunu yaşadan bir tarix var.

Şəhid analarının, atalarının, həyat yoldaşlarının və övladlarının çəkdiyi acı Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu insanlar ən ağır itki ilə üzləşsələr də, övladlarının Vətən uğrunda şəhid olması ilə fəxr edirlər. Azərbaycan dövləti şəhid ailələrinin sosial müdafiəsini daim diqqətdə saxlayır, onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Ərazi bütövlüyündən tam suverenliyə

Vətən müharibəsinin nəticəsi Azərbaycanın yalnız hərbi deyil, həm də siyasi Zəfəri oldu. Uzun illər ərzində Ermənistanın işğal faktını davam etdirmək üçün istifadə etdiyi imkanlar aradan qalxdı. Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn fundamental prinsiplərinin təmin olunması demək idi. Azərbaycan öz ərazisində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini özü həyata keçirdi və otuz ilə yaxın davam edən işğala son qoydu.

Lakin 2020-ci il Zəfərindən sonra da Azərbaycanın qarşısında mühüm vəzifə qalırdı. Ölkəmizin suverenliyinin bütün ərazimizdə tam bərpa edilməsi təmin edilməli idi. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və dövlətimizin konstitusiya quruluşu bütün ərazidə bərpa edildi. Bununla Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, suverenliyini də tam təmin etdi. Bu hadisə 2020-ci ildə qazanılmış Zəfərin məntiqi davamı və dövlətçilik tariximizin mühüm mərhələsi oldu.

Qarabağ və Şərqi Zəngəzurda yeni həyat

Bu gün Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni mərhələ yaşanır. İşğal illərində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar çəkilir, hava limanları istifadəyə verilir, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Vaxtilə düşmən tərəfindən viran qoyulmuş ərazilər bu gün Azərbaycanın quruculuq və inkişaf məkanına çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının möhkəm təməlini formalaşdırır.

Bu prosesin ən mühüm istiqamətlərindən biri Böyük Qayıdış proqramıdır. Otuz ilə yaxın müddətdə doğma torpaqlarından ayrı düşmüş insanlar artıq öz yurdlarına qayıdırlar. Ağalıdan başlayan bu qayıdış bu gün müxtəlif yaşayış məntəqələrində davam edir. İnsanların doğma evlərinə qayıtması, övladlarının həmin torpaqlarda böyüməsi, məktəblərin fəaliyyətə başlaması, ailələrin öz ata-baba yurdlarında yeni həyat qurması Zəfərin ən mühüm nəticələrindən biridir.

Qarabağda aparılan quruculuq işləri yalnız dağıdılmış infrastrukturun bərpası deyil. Burada yeni şəhərsalma yanaşmaları tətbiq olunur, müasir yaşayış məntəqələri yaradılır, ərazilərin iqtisadi potensialının reallaşdırılması üçün şərait formalaşdırılır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilir. Bu torpaqlarda həyatın yenidən canlanması şəhidlərimizin uğrunda can verdiyi müqəddəs Vətənin daha da güclənməsi deməkdir.

Zəfərin siyasi iradəsi və xalq birliyi

Bütün bu proseslərin mərkəzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Vətən müharibəsi günlərində möhtərəm Prezident İlham Əliyevin xalqa müraciətləri, beynəlxalq mediaya verdiyi müsahibələr və diplomatik mövqeyi Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Prezident həm döyüş meydanında, həm də informasiya və diplomatiya cəbhəsində Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi.

Azərbaycan xalqı da həmin günlərdə cənab Prezidentin ətrafında sıx birləşdi. Ölkənin bütün bölgələrindən insanlar orduya dəstək göstərdi, gənclər könüllü olaraq cəbhəyə yollandı, ailələr öz övladlarını Vətənin müdafiəsinə göndərdi. Azərbaycan cəmiyyətində misli görünməmiş həmrəylik yarandı. Bu birlik Zəfərin mühüm mənəvi dayaqlarından biri oldu.

Şəhidlərə ən böyük ehtiram – qalib Azərbaycanın inkişafıdır

Anım Gününün mahiyyəti də məhz bu bütöv mənzərədə daha aydın görünür. Biz bu gün şəhidlərimizi yad edərkən yalnız onların keçdiyi döyüş yolunu xatırlamırıq. Həm də onların fədakarlığının nəticəsində hansı Azərbaycanın formalaşdığını görürük. Bu gün üçrəngli Azərbaycan bayrağı Qarabağda və Şərqi Zəngəzurda dalğalanır, həmin torpaqlarda yeni şəhərlər salınır, insanlar doğma yurdlarına qayıdır, Azərbaycan dövlətinin suverenliyi bütün ərazimizdə təmin edilir.

Bu gün şəhidlərimizin qarşısında ən böyük borcumuz onların əmanət etdiyi Azərbaycanın daha da güclənməsinə töhfə verməkdir. Şəhidlərimizin adı yalnız memoriallarda və abidələrdə deyil, xalqımızın yaddaşında, dövlətimizin tarixində və gələcək nəsillərin Vətən anlayışında əbədi yaşayacaq. Onların qəhrəmanlığı gənclərimiz üçün Vətənə sədaqətin, dövlətə bağlılığın və milli həmrəyliyin ən yüksək nümunəsidir.

Bu gün şəhidlərimizin canı bahasına azad edilmiş torpaqların qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın uğurla başa çatdırılması və Azərbaycanın qüdrətli dövlət kimi inkişafının davam etdirilməsi onların müqəddəs ruhuna ən böyük ehtiramdır.

Azərbaycan xalqı Vətən uğrunda canından keçən şəhidlərinin əziz xatirəsini daim uca tutacaq. Onların fədakarlığı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Zəfər tariximizin ən müqəddəs səhifələrindən biridir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız, Şuşada, Xankəndidə və digər azad edilmiş şəhər və rayonlarımızda bərqərar olan dövlət suverenliyi, doğma yurdlarına qayıdan insanların qurduğu yeni həyat şəhidlərimizin müqəddəs amalının gerçəkliyə çevrildiyini göstərir.

Səbinə Salmanova,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü