Bu islahat dövlət qulluğunda əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü olmasına, dövlət idarəçiliyində şəffaflığın artırılmasına xidmət edir
Bu gün yalnız bölgənin deyil, həm də dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün zəruri olan siyasi, sosial və iqtisadi prioritetləri yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmizin iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürürvericidir-dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb.
Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin çox diqqətçəkici istiqamətlərindən biri də sosial sahədir. Prezident İlham Əliyevin modern sosial siyasətinin əhəmiyyəti ondadır ki, inikşafyönümlü prinsiplərə söykənir. Bu prinsiplərdən biri də dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlardır.
Sözügedən islahata əsasən, ilk növbədə mükafatlandırma mexanizmi ləğv edilir, əvəzində maaşdarın baza hissələri artırılır. Məhz bununla bağlı dəyişikliklər «Dövlət qulluğu haqqında» Qanunda öz əksini tapıb.Bu dəyişikliklər həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Məlumdur ki, əvvəlki qanunda dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsindən əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi. Lakin yeni dəyişikliklərlə bunlar aradan qaldırılaraq əməkhaqqının daha sabit və əvvəlcədən hesablanması təmin ediləcək. Yəni, dövlət qulluqçularının gəlirləri daha çox sabit maaş üzərində formalaşacaq.
İqtisadçıların qənaətinə görə, bundan öncəki qaydalarda dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız 35-45 faizini təşkil edirdi. Yerdə qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv, fərdi mükafatlar və digər ödənişlərdən ibarət olurdu. Bu isə əməkhaqqı sistemində qeyri-müəyyənliyə gətirib çıxarırdı.
Tətbiq olunan yeni qaydalara görə, sadlələşmə baş verib. Belə ki, aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Xüsusilə yeni sistemdə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45 faiz deyil, orta hesabla 95 faizdən yüksək olacaq. Nəticədə əməkhaqqının baza hissəsi əhəmiyyətli dərəcə də artacaqdır.
Bundan başqa, sözügedən dəyişikliklərin tətbiqindən sonra mükafatlandırma mexanizmi də yenilənəcək. Yəni, əvvəllər hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Həmin vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. Yeni qaydalarda isə mükafatlar ləğv edilir.
Dəyişikliklərdə digər məsələ müalicə müavinətinin ləğv olunmasıdır. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə biraylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq.
Bununla da inzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılır. Bir sözlə, bu dəyişikliklərdən sonra inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə təbiq olunur. Staja görə isə 7 ödəniş pilləsi saxlanılır.
Sözügedən dəyişikliklərdən sonra belə bir sual yaranır ki, bunun əmək haqqı sisteminə və sosial siyasətə hansı müsbət təsirləri müşahidə olunacaq? İqtisadçıların fikrincə, bu islahat dövlət qulluğunda stmullaşdırıcı tendensiyaları artıracaq və korrupsiya risklərini minumuma endirəcək. Bildirilir ki, məhz beynəlxalq təcrübə də bunu təsdiqləyir.
Belə ki, Estoniya və Gürcüstan kimi ölkələrdə də oxşar sadələşdirmələr dövlət idarəçiliyinin keyfiyyətini yüksəldib. Həmçinin bir sıra Avropa ölkələrində bu sisitem vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə yenilənib.
Sözügedən dəyişikliklərdə nəzərəçarpan digər önəmli məsələ odur ki, əvvəlki sistemdə dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşı əlavələrə görə aşağı olurdu. Bu səbəbdən də gənc kadrların dövlət qulluğuna deyil, özəl sektora axını sürətlənirdi. Yeni qaydalarda isə yüksək baza maaşı dövlət qulluğunu daha cəlbedici edəcək.
Elçin Zaman, "İki sahil"
Dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid - SABİT VƏ RƏQABƏTQABİLİYYƏTLİ ƏMƏKHAQQI SİSTEMİ YARADILIR
İstedadların kəşfi, akademik mükəmməllik və İNSAN KAPİTALININ STRATEJİ İNKİŞAFI - MÜSAHİBƏ