16 mart 2026 11:49
96

Ötən həftənin xronikası

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

“İki sahil” xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 219 yanğına çıxış və 37 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 8 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, bağlı qapı arxasında 1 nəfərin meyiti aşkar olunub.