Ukrayna üzərindən keçən “Drujba” neft kəməri ilə bağlı yaranmış vəziyyət texniki deyil, siyasi qərarın nəticəsidir.
“İki sahil” xəbər verir ki, bunu “Kossuth Rádió”suna açıqlaması zamanı Macarıstanın Baş naziri Viktor Orban deyib.
Orbanın sözlərinə görə, kəmərin işləməsinə mane olan texniki problem yoxdur və Macarıstana Rusiya neftinin tədarükü bərpa oluna bilər. Onun sözlərinə görə, Budapeşt bu vəziyyəti “siyasi təzyiq və şantaj” kimi qiymətləndirir və buna adekvat cavab axtarır.
Baş nazir vurğulayıb ki, Macarıstan heç bir təhdid və ya təzyiq qarşısında geri çəkilməyəcək. O əlavə edib ki, enerji təhlükəsizliyi ölkə iqtisadiyyatı üçün əsas məsələdir və hökumət lazım gələrsə enerji qiymətlərinə müdaxilə edə bilər.
Budapeşt daha əvvəl də Ukraynanı neft tranzitini dayandırmaqla Macarıstana qarşı “neft blokadası” tətbiq etməkdə ittiham etmişdi. Hökumətin qiymətləndirməsinə görə, Rusiya neftinin dayandırılması ölkə iqtisadiyyatı üçün ciddi risklər yarada bilər.
Orban həmçinin bildirib ki, məsələ ilə bağlı beynəlxalq səviyyədə addımlar atıla və kəmərin fəaliyyətinin bərpası üçün əlavə tədbirlər görülə bilər.