Birləşmiş Ərəb Əmirliklərinin hava məkanında tətbiq olunan uçuş məhdudiyyətləri ən azı daha bir gün — martın 7-si günün ikinci yarısına qədər qüvvədə qalacaq.
“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyi regionun aviadispetçer xidmətlərindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölkənin hava məkanının qismən bağlanması hələlik davam edir və hazırda uçuşlar üçün yalnız altı xüsusi hava koridoru ayrılıb. Bütün təyyarələr məhz bu marşrutlar üzrə hərəkət etməlidir.
Bildirilir ki, hazırda BƏƏ-yə daxil olan bütün aviareyslər əsasən Səudiyyə Ərəbistanı və Oman istiqamətindən həyata keçirilir. Təhlükəsizliyin təmin olunması məqsədilə ölkənin hava məkanına girişdə müvəqqəti əlavə məhdudiyyətlərin də tətbiq oluna biləcəyi qeyd edilir.