05 mart 2026 00:27
96

Maka Boçorişvili: Mövcud münaqişələr kontekstində Orta Dəhlizin əhəmiyyətini görməmək mümkün deyil

Ukrayna ətrafında baş verən hadisələrin fonunda mühüm əhəmiyyət qazanan Orta Dəhlizin artan rolunu Yaxın Şərqdə davam edən proseslər kontekstində görməzdən gəlmək ağlasığmazdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Daily Chronicle” verilişində səsləndirib.

Nazir bildirib ki, region təkcə nəqliyyat bağlantıları baxımından deyil, həm də iqtisadi layihələr kontekstində ən vacib dəhlizlərdən və mühüm geosiyasi məkanlardan birinə çevrilmək üçün tarixi fürsətlə üz-üzədir.

Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə hətta təchizat zəncirləri belə dəyişir: “Geosiyasi vəziyyət transformasiya olunur. Orta Dəhlizin Ukrayna ətrafındakı proseslərdən sonra və ya Yaxın Şərqdə baş verən hadisələr fonunda artan əhəmiyyətini görməməzlikdən gəlmək mümkün deyil”.

Nazir əlavə edib ki, Ermənistan ilə Azərbaycan arasında onilliklər boyu davam edən münaqişənin başa çatması istiqamətində gedən proses və tərəflərin regional layihələr çərçivəsində əməkdaşlıq imkanlarını araşdırması region üçün yeni reallıq yaradır.

“Bu, həm region üçün yeni imkanlar deməkdir, həm də sülh və sabitliyin möhkəmlənməsi baxımından mühüm mərhələdir. Gürcüstan–Ermənistan, Gürcüstan–Azərbaycan və indi Azərbaycan–Ermənistan münasibətləri Orta Dəhlizin inkişafında həlledici rol oynayacaq”, – deyə Maka Boçorişvili vurğulayıb.

Nazir qeyd edib ki, Orta Dəhlizin inkişafı təkcə iqtisadi layihə deyil, həm də siyasi əhəmiyyət daşıyır: “Regionumuzun yalnız tranzit məkanı kimi deyil, həm də əsas geosiyasi mərkəzlərdən birinə çevrilməsi üçün tarixi şans yaranıb. İqtisadi layihələrin arxasında siyasi iradə dayanır və bu prosesin ciddi siyasi çəkisi var”.