Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Ermənistanın Avropa İttifaqına “sürətli reaksiya qrupu” göndərilməsi ilə bağlı müraciətini şərh edərək bildirib ki, bu addım “Moldova ssenarisinin” təkrarıdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Onun sözlərinə görə, əgər söhbət parlament seçkilərinin hazırlanması və təşkili ilə bağlı texniki yardımdan gedirsə, Rusiya tərəfi də Ermənistana öz ekspertlərini göndərməyə hazırdır.
Zaxarova brifinqdə deyib: “Seçkiqabağı dövrdə, eləcə də mümkün konstitusiya referendumu kontekstində Aİ ekspertlərinin fəal və digər ölkələrin təcrübəsinin göstərdiyi kimi, dərin şəkildə prosesə cəlb olunması Ermənistanın həqiqi suverenliyini möhkəmləndirəcəyinə inandırıcı görünmür”.
O əlavə edib ki, seçki prosedurları sahəsində yetərli təcrübəyə MDB malikdir və Ermənistan Avropa İttifaqından fərqli olaraq bu qurumun üzvüdür.
Zaxarova ötən il Moldovanın paytaxtı Kişinyovda analoji Avropa missiyasının fəaliyyət göstərdiyini də xatırladıb. Onun sözlərinə görə, həmin missiya rəsmi olaraq “Rusiya dezinformasiyasına qarşı mübarizədə hakimiyyətə dəstək” məqsədi ilə göndərilmişdi, lakin praktikada “narahatlıq doğuran informasiya resursları və kontent bloklanırdı” və bu, hüquqi əsaslandırma təqdim olunmadan həyata keçirilirdi.
Fevral ayında KİV-lər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə ünvanladığı məktub barədə məlumat yaymışdı. Bildirilirdi ki, məktubda 7 iyunda keçiriləcək parlament seçkiləri zamanı xarici müdaxilədən qorunmaq məqsədilə Aİ-nin sürətli reaksiya qrupunun göndərilməsi xahiş olunub.
Fevralın 26-da Ermənistan ədliyyə nazirinin müavini Tigran Dadunts açıqlayıb ki, 20 nəfərlik Aİ qrupu Ermənistan Mərkəzi Seçki Komissiyasına texniki dəstək göstərəcək. Onun sözlərinə görə, missiya, o cümlədən seçicilərin gizli şəkildə ələ alınması hallarının aşkarlanması mexanizmlərinin təkmilləşdirilməsinə kömək edəcək.