04 mart 2026 16:31
110

Beynəlxalq hüquq çərçivəsində lazımi cavab veriləcək - Burhanettin Duran

İrandan atılan və İraq ilə Suriya hava məkanından keçərək Hatay istiqamətindən Türkiyənin hava məkanına yönələn bir raket NATO hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Qarşılayıcı raketin bir parçası Hatayın Dörtyol rayonunda açıq əraziyə düşüb, hadisə nəticəsində hər hansı insan itkisi və ya xəsarət qeydə alınmayıb.

“İki sahil” xəbər verir ki, bu fikirləri sosial çəbəkə hesabında Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanettin Duran yazıb.

O, qeyd edib ki, səlahiyyətli qurumlar prosesi anbaan və tam koordinasiya şəraitində izləyiblər. Ölkənin və xalqın təhlükəsizliyinin təmin olunması istiqamətində iradə və imkanların ən yüksək səviyyədə olduğu vurğulanıb. Ərazinin və hava məkanının müdafiəsi üçün zəruri olan bütün addımların tərəddüdsüz atılacağı bildirilib. Mümkün düşmən mövqelərə qarşı beynəlxalq hüquq çərçivəsində lazımi cavabın veriləcəyi qeyd olunub. Bu müddətdə NATO və müttəfiqlərlə məsləhətləşmələrin və əməkdaşlığın davam etdiriləcəyi açıqlanıb.

Bütün tərəflərə bölgədə gərginliyi artıracaq və qarşıdurmanın daha geniş əraziyə yayılmasına səbəb ola biləcək addımlardan çəkinmək çağırışı edilib. Tərəflərin məsuliyyətli davranmasının xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Media qurumlarından və sosial şəbəkə istifadəçilərindən daha həssas davranmaları xahiş olunub. Təsdiqlənməmiş, ictimaiyyətdə təşviş yarada biləcək və dezinformasiya xarakterli məlumatlara etibar edilməməsi tövsiyə olunub. Rəsmi qurumların açıqlamalarından kənar məlumatlara qarşı diqqətli olunmasının vacibliyi vurğulanıb: "Prezident Rəcəb Tayyip Ərdoğanın dəfələrlə qeyd etdiyi kimi, Türkiyə bölgədə sülhün, sabitliyin və dialoqun təmin olunması üçün fəal diplomatik səylər göstərir. Bildirilib ki, ölkə gərginliyin artmaması, mülki əhalinin qorunması və problemlərin beynəlxalq hüquq əsasında, sülh yolu ilə həlli üçün aktiv rol oynamaqda davam edəcək".

Bu cür hadisələr qarşısında milli birlik və həmrəyliyin ən böyük güc olduğu vurğulanıb və dövlətin bütün qurumlarının öz vəzifələrini yerinə yetirdiyi bildirilib. Türkiyənin bölgədə gərginliyin azaldılması və problemlərin sülh yolu ilə həlli istiqamətində məsuliyyətli və konstruktiv mövqe tutmağa davam edəcəyi qeyd olunub.