01 mart 2026 14:58
141

“İMZA” Birliyinin üzvləri üçün şəxsi imicin formalaşdırılması üzrə müasir yanaşmalar təqdim edilib

Azərbaycan İnnovasiya Mərkəzində “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən üzvlər üçün “Şəxsi brendin formalaşmasında yeni yanaşmalar” mövzusunda təlim-seminar təşkil olunub.

Qurumdan “İki sahil”ə verilən məlumata görə, təlimin əsas məqsədi iştirakçıların fərdi potensialını üzə çıxarmaq, şəxsi brend strategiyasını düzgün qurmaq, rəqəmsal və ictimai mühitdə effektiv mövqelənmə bacarıqlarını inkişaf etdirmək, reputasiya idarəçiliyi və şəxsi imicin formalaşdırılması istiqamətində müasir yanaşmaları təqdim etmək olub.

Təlimi peşəkar təlimçi Fəzilə Əsgərova keçib. O, iştirakçılara şəxsi brendin mahiyyəti, fərqlənmə strategiyaları, sosial platformalarda düzgün təqdimat üsulları və auditoriya ilə etibarlı ünsiyyət qurma mexanizmləri barədə həm şəxsi təcrübəsinə, həm də beynəlxalq praktikaya əsaslanan biliklər təqdim edib.

Seminar interaktiv formatda keçirilib. Praktiki tapşırıqlar və fikir mübadiləsi iştirakçıların öz brend mövqelərini müəyyənləşdirməsinə və gələcək inkişaf planlarını formalaşdırmasına imkan yaradıb.

Təlimin sonunda “İMZA” Birliyi tərəfindən təlimdə iştirak edən üzvlərə iştirakçı sertifikatları təqdim edilib və gələcəkdə də bu kimi maarifləndirici layihələrin davam etdiriləcəyi bildirilib.