28 fevral 2026 14:27
154

Uşaqlar üçün təhlükəli hesab edilən kontentin yayılmasının qarşısı operativ mexanizmlərlə alınmalıdır - EKSPERT ŞƏRH EDİR

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətidir

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, internet və sosial şəbəkələrin həyatın bütün sahələrinə nüfuz etməsi cəmiyyət qarşısında yeni vəzifələr müəyyənləşdirir. Rəqəmsal mühit artıq yalnız ünsiyyət və məlumat məkanı deyil, eyni zamanda sosiallaşma, düşüncə və davranış modellərinin formalaşdığı platformaya çevrilib. Bu proses xüsusilə uşaqların inkişafına birbaşa təsir göstərir. Son illərdə dövlət tərəfindən uşaqların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar rəqəmsal təhlükəsizlik məsələsini də prioritet istiqamət kimi önə çıxarır. “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” qəbul edilmiş Sərəncam bu sahədə sistemli yanaşmanın formalaşdırılmasına xidmət edir və hüquqi çərçivənin daha da təkmilləşdirilməsini nəzərdə tutur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında psixoloq Səbinə İsmayılova bildirdi.

Sosial şəbəkələrdə nəzarətsiz vaxt keçirmə, uyğun olmayan məzmunla qarşılaşma, kiberzorakılıq halları, manipulyasiya və istismar təhlükəsi...

Psixoloq qeyd etdi ki, rəqəmsal mühitin genişlənməsi ilə yanaşı, uşaqlar üçün yeni risklər də meydana çıxır. Sosial şəbəkələrdə nəzarətsiz vaxt keçirmə, uyğun olmayan məzmunla qarşılaşma, kiberzorakılıq halları, manipulyasiya və istismar təhlükəsi uşaqların psixoloji rifahına mənfi təsir göstərir. Yeniyetməlik dövründə virtual mühitdə baş verən sosial müqayisələr, süni populyarlıq göstəriciləri və “bəyənilmə” asılılığı özünə inamın azalmasına, emosional gərginliyə və sosial təcridə səbəb ola bilər. Xüsusilə kiberzorakılıq problemi ciddi narahatlıq doğurur. Onlayn təhqir və təzyiq halları uşaqlarda qorxu, utanc və dəyərsizlik hissi yarada, bəzi hallarda isə ağır psixoloji fəsadlara gətirib çıxara bilər. Erkən yaşda uyğun olmayan məzmunla təmas isə uşağın psixososial inkişaf mərhələsinə zidd təsir göstərir. 

Sosial platformalar üçün yaş əsaslı məzmun tənzimlənməsi
sistemi daha effektiv şəkildə tətbiq olunmalıdır

Səbinə İsmayılova vurğuladı ki, mövcud çağırışlar fonunda hüquqi və institusional mexanizmlərin gücləndirilməsi zəruri xarakter daşıyır. Sosial platformalar üçün yaş əsaslı məzmun tənzimlənməsi sistemi daha effektiv şəkildə tətbiq olunmalı, uşaqlar üçün təhlükəli hesab edilən kontentin yayılmasının qarşısı operativ mexanizmlərlə alınmalıdır. Rəqəmsal xidmət göstərən platformaların məsuliyyəti konkret hüquqi çərçivədə müəyyənləşdirilməli və icra mexanizmləri təkmilləşdirilməlidir. Eyni zamanda, yaşın təsdiqi və identifikasiya mexanizmlərinin tətbiqi, xüsusilə azyaşlıların nəzarətsiz qeydiyyatının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət qurumları tərəfindən bu sahədə monitorinq və nəzarət mexanizmlərinin sistemli şəkildə həyata keçirilməsi də vacib amillərdəndir.

Valideyn nəzarəti yalnız məhdudlaşdırma ilə deyil,
maarifləndirmə və açıq ünsiyyət yolu ilə həyata keçirilməlidir

Ekspert hesab edir ki, rəqəmsal təhlükəsizliyin təmin olunmasında ailə institutunun rolu da xüsusi qeyd edilməlidir. Valideyn nəzarəti yalnız məhdudlaşdırma ilə deyil, maarifləndirmə və açıq ünsiyyət yolu ilə həyata keçirilməlidir. Uşaqlara internetdən təhlükəsiz istifadə vərdişlərinin aşılanması, risklərin izah olunması və düzgün davranış modellərinin formalaşdırılması uzunmüddətli qoruyucu təsir göstərir.

Sağlam və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması gələcək nəslin dayanıqlı inkişafının əsas şərtlərindən biridir

Məktəblərdə media savadlılığı və rəqəmsal təhlükəsizlik üzrə tədris elementlərinin gücləndirilməsi də aktualdır. Uşaqlar yalnız təhlükədən qorunmağı deyil, eyni zamanda təhlükəni tanımağı və adekvat reaksiya verməyi öyrənməlidirlər. Texnoloji mühafizə vasitələrinin – filtrasiya sistemlərinin, valideyn nəzarət proqramlarının və avtomatik bloklama mexanizmlərinin tətbiqi isə bu prosesin texniki dayağını təşkil edir.

Rəqəmsal mühit uşaqlar üçün geniş inkişaf imkanları açır. Lakin bu imkanların təhlükəsiz və sağlam mühitdə reallaşdırılması üçün hüquqi tənzimləmə, institusional nəzarət, texnoloji mühafizə və ictimai maarifləndirmə bir-birini tamamlamalıdır. Uşaqların təhlükəsizliyi və psixoloji rifahı dövlət siyasətinin mühüm istiqaməti olmaqla yanaşı, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Sağlam və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması gələcək nəslin dayanıqlı inkişafının əsas şərtlərindən biridir.

Yaqut Ağaşahqızı, “İki sahil”