27 noyabr 2026 19:58
56

44 günlük haqq savaşımızda tarix yazan Vahib

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda  sinəsini Vətənə sipər edib, qanı bahasına onu alınmaz qalaya döndərən igidlərdən biri də  Vahib Ramiz oğlu Əliyevdir.  Belə də olmalı idi. Çünki  yurd yanğısı, qeyrət, mərdlik ana südü ilə birgə hopmuşdu Vahibin canına. O, yetkinlik yaşına çatanda  insanlara gərək olmağı, Vətənini canından əziz tutmağı özünə  həyat amalı seçmişdi. Məhz buna görə də müharibə meydanında min əzab-əziyyətli  yollar keçsə də, son nəfəsə qədər erməni dığalara qan qusdurub.  Ölüm ayağında da  “Təki Vətən yaşasın”- deyə əbədi  olaraq gözlərini yumub.  Beləcə, qısa ömrü  tarixə yazılan hünər dastanı kimi dillərə düşüb. İndi Vahib öz xalqı üçün yolunda canını fəda etdiyi Vətən səmasını parlaq günəşidir. Həmçinin dövlət tərəfindən ölümündən sonra  layiq görüldüyü “Vətən uğrunda”, Qubadlının, Cəbrayılın azadlığına görə medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  Vahibin müharibə meydanında  göstərdiyi misilsiz şücaətinə gözəl nümunədir.

Ölümü əsl qəhrəmanlıq məktəbi olaraq  tarixə yazılan, özünə ürəklərdə əzəmətli abidə ucaldan  Vahib Ramiz oğlu Əliyev 24 mart 1997-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olub. Halal bir ailə ocağında boy atan   Vahib yetkinlik yaşına  çatıb müstəqil həyata qədəm qoyanda  kənddə hamı onun mədəniyyətinə, əxlaqına, bacarığına, fəal vətəndaşlıq  mövqeyinə, doğma yurduna ülvi məhəbbətinə   qibtə edib. Ən əsası hər əməlində xalq, Vətən üçün yararlı övlad olduğu bilinib.

Əsgərlik yaşı çatanda, yəni 2015-ci ilin iyun ayında  Vahib ordu sıralarına gedib. Azərbaycanın müqəddəsliyinə tapınan gənc cəbhə bölgəsində xidmətə başlayıb. Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşan  gənc nümunəvi xidmət göstərməklə çox keçmir əsgərlərin, zabitlərin dərin hörmətini qazanıb. Ən çətin sınaqlardan  uğurla çıxıb. Vahib hərbin sirlərinə bələd olmaq üçün qatıldığı təlimlərdə döyüş igidliyinə  görə fərqlənib. Düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edəndən ondan qisas almaqdan ötrü məqam gözləyib. Əsgər yoldaşlarına da deyib ki,  yağı əsarətində olan əzəli-əbədi yurd yerimiz Qarabağ illərdir xilaskar ərənlərin yolunu gözləyir. Bu şərəfli vəzifəni yerinə yetirmək  bizim üzərimizə düşür. Düşmənin başını əzmək gərəkdir.   Əminəm ki, tezliklə ordumuzun qeyrətli, mətin oğulları Vətən torpaqlarının azadlığı uğrunda odlardan, alovlardan keçərək işğalçı dığalara öz yerini göstərərlər. Mən də onların cərgəsində olmaqla, döyüşə gedib son qarış  torpağın azad olunacağı  günədək vuruşacağıma and içirəm. Fəqət, torpaq yolunda şəhid olmağı bacaran ərənlərin  çiynində Vətən olur.

Əsgərlikdən sonra Vahibin ailəsi ilə günləri nə qədər xoş keçsə də, Qarabağın düşmən əsarətində olması  onu rahat buraxmayıb. Xəyalı gecə-gündüz döyüş bölgələrində dolaşıb. Qəlbi düşməndən qisa almaq  arzusu ilə döyünən  Vahib  İkinci Qarabağ müharibəsinin başlanması xəbərini evdə eşidib. Damarlarındakı qeyrət qanı daha da coşub, düşməndən  doğma Azərbaycana yaşatdığı acıların əvəzini çixmaq üçün  könüllü olaraq  döyüşən  cəbhənin ən qaynar nöqtələrinə gedib,   canından artıq sevdiyi Vətəninin azadlığı uğrunda   ölümün üzünə dik baxa-baxa vuruşub,   dığalara ilk ağır  zərbəni vurub. Nəticədə  göstərdiyi misilsiz fədakarlığı yağını ciddi itkilər qarşısında qoyub. Mərdliyi, igidliyi əsgər yoldaşlarına da nümunə olub. Hər döyüşdə də dığalara qarşı  nifrəti alovlanıb. Silahdan  möhkəm yapışıb, cəsur  döyüşçü kimi səngər yoldaşlarını da qələbəyə doğru aparıb.

Vahib  Əliyevin düşmənə vurduğu ölümcül zərbələr günü-gündən artıb. Cəbrayılın, Füzulinin, Zəngilanın  azadlığı uğrunda  sözün əsl mənasında tarix yazıb. Polad sinəsini irəli verib düşmənin üstünə qartal tək şığıyan qəhrəman Vətən oğlu onun xeyli sayda canlı qüvvəsini məhv edib, texnikasını sıradan çıxardıb.

Vahibin son savaşı  Qubadlıya girən zaman olub.  4 noyabr 2020- cil ildə gedən şiddətli  döyüşdə  qəhrəmancasına şəhadətə yüksəlib.

Vətən, torpaq sevgisi ilə Vahib şüurlu sürətdə canını fəda edərək  vətənpərvərliyin ən ali məqamına yetişib.  Odur ki, sonsuz ehtirama, sevgi və məhəbbətə layiq olan Azərbaycanın qəhrəman oğlu əbədi xalqımızın qəlbində yaşayacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü