27 fevral 2026 19:10
125

Ehsan vermək dini zərurətdirmi?

Yas mərasimləri zamanı insanlar dəbdəbəli ehsan süfrələri açmaqla əlavə xərcə düşürlər. Bu da maddi imkanları zəif olanların, daha doğrusu, aylıq gəliri aşağı olanlara, ailəsini güclə dolandıranlara bu və ya digər mənada öz mənfi təsirini göstərir. Hətta təzə itki yaşamış ailələrin böyük əksəriyyəti “Ehsan verməmək eyib sayılar” deyib borca girir, kredit götürürlər. Bu məsələyə dəfələrlə parlamentdə, kütləvi informasiya vasitələrində də toxunulub. Elə bu səbəbdən bir sıra rayonlarımızda (Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və s.) ehsan süfrələrinin açılması dayandırılıb. Yas sahibləri mərasimlərdə yalnız çay süfrəsi açmaqla kifayətlənirlər. Bu da yas mərasimlərindəki israfçılığa tədricən son qoyulacağından xəbər verir. Artıq martın 1-dən Qax şəhərində və rayonun kəndlərində yas mərasimlərində ehsan verilməsi qadağan edilir. Bu gedişlə tezliklə bütün rayonlarımızda ehsan süfrələrinin açılmasının dayandırılması istisna olunmur. Şübhəsiz, belə bir addımın atılması olduqca önəmlidir, hətta alqışlanmalıdır. Sevindirici haldır ki, cəmiyyət bu prosesə özü başlayıb. Yəni, onlar artıq başa düşürlər ki, yas adı altında keçirilən "qonaqlıq” və "banketlər”in dünyasını dəyişən insana heç bir faydası yoxdur.  Bu, nə dinə, nə də mərhumun ruhuna xidmət etmir. Bu mənada ehsan vermək mənasız və yersiz xərclərdən başqa bir şey deyil. Yas yerində ehsan vermək dini zərurətdirmi, yoxsa bu cəmiyyətin özünün yaratdığı bir vərdişdir?

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, yas yerində ehsan verilməsi vacib deyil, bunun heç dini əsası da yoxdur: “Dinimizdə belə bir buyruq da yoxdur. Yəni bu, Qurani-Kərimdə nə bir ayədə, nə də bir hədisdə öz əksini tapmayıb. Heç Peyğəmbərimizin (s.ə.s) dönəmində də belə adət olmayıb. Hətta Peyğəmbərimiz (s.ə.s) deyərmiş ki, belə bir vəziyyətdə sadəcə yas sahibinin dərdinə şərik olmaq, ona dəstək olmaq kifayətdir. Dini baxımdan insan dünyadan köçdükdən sonra ona qusul verilməli, kəfənə bükülməli, meyit namazı qılınmalı və dəfn edilməlidir. Ölən şəxs üçün dinin hökmləri bundan ibarətdir.

Dinimizdə yas sahibinin yemək verməsi vacib deyil, əksinə, onun ətrafındakıların - qonşu və qohumların ona dəstək olması tövsiyə olunur. Bu mənada yas mərasimi təskinlik ocağı missiyasını yerinə yetirməlidir desək, səhv etmərik.  Hətta mən deyərdim ki, bu, yas sahibinə dəstəyin daha gözəl formasıdır. Bir də əgər, doğrudan da, mərhuma hörmət etmək istəyiriksə, bunu sadə çay süfrəsi arxasında dualarla da bildirmək olar. Bütün bunlar sonradan ortaya atılıb. Ona görə də ehsandan imtina etmək lazımdır. Əks halda, insanlarımız uzun illər bu problem altında əziyyət çəkməyə davam edəcəklər. Amma bir məsələni də qeyd edim ki, uzun illər bu adət-ənənə formalaşıbsa, bunu birdən-birə aradan qaldırmaq çətindir. Odur ki, bunun da zamana ehtiyacı var”.

Müsahibimiz söhbətinin sonunda bir məsələni də vurğuladı: “Təəssüf ki, yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin yığışdırılması məsələsi hələ ki paytaxta gəlib çatmayıb”.

Qvami Məhəbbətoğlu, “İki sahil”