27 fevral 2026 13:13
120

Elçin Zeynalov Hacıqabulda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov fevralın 23-də Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

“İki sahil” xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya, torpaq sahəsinin ayrılması, texnikalar üzrə borcun ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir müavini qəbuldan sonra Hacıqabul DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Elçin Zeynalov rayonun Meyniman kəndində yerləşən “Angus Heyvandarlıq və Aqro” MMC heyvandarlıq təsərrüfatına baş çəkib, heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi, həmçinin fermerlərə göstərilən aqrar xidmətlər barədə fikir mübadiləsi aparılıb, təsərrüfatların daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.