07 dekabr 2016 15:23
554

Həmsədrləri dəyişmək əvəzinə Ermənistana təzyiq mexanizmi gücləndirilməlidir

Arzu Nağıyev: Həmsədrləri dəyişmək əvəzinə Ermənistana təzyiq mexanizmi gücləndirilməlidir

Politoloq Arzu Nağıyevin “İki sahil” qəzetinə müsahibəsi

- Arzu müəllim, Tarif Şurasının kommunal xidmətlərin qiymətlərinin diferensiallaşdırılması barədə qərarını necə dəyərləndirirsiniz?

-Ölkəmizdə təbii qazın və elektrik enerjisinin qiymətinin artırılması əlbəttə ki, müəyyən bir təbəqəyə təsir edəcək. Amma əhalinin müəyyən qrupu da var ki, onun ailə büdcəsinə çox cüzi təsirini göstərəcək. Yəni diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Sadəcə olaraq gözlənilmədən bu qərarın verilməsi cəmiyyətdə bir qədər çaşqınlıq yaratdı. Dünya praktikasında belə bir tendensiya mövcuddur ki, gəlirləri çox yüksək olan iş adamlarından alınan vergi ilə kasıb təbəqənin  maddi problemləri həllini tapır. Belə bir şəraitdə imkanlı şəxslərin kommunal xərclərə ödədikləri vəsaitlər hesabına kasıb ailələrin kommunal xərcləri onlara ayrılan müəyyən kvota ilə hesablanacaq. Müəyyən kompromisə gəlib əhalinin rifah halını yüksəltmək üçün müvafiq addımlar atılmalı, iqtisadi reformalar həyata keçirilməlidir.

- Ermənistan ilə Rusiya arasında bağlanan hərbi müqavilə regiona, xüsusilə də Azərbaycana necə təsir edəcək?

-Unutmamalıyıq ki, Ermənistan Rusiyanın vassalıdır. Ermənistan iqtisadiyyatının idarə olunmasında Rusiya demək olar ki, 90 faiz iştirak edir, hər iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Yəni Ermənistan ilə Rusiya arasında növbəti hərbi müqavilənin bağlanması təsadüfi deyil. Özlərinin bəhanəsi odur ki, Rusiya-NATO sərhədinin məhz Türkiyə-Ermənistan sərhədindən keçməsidir. Bu sərhəd daim güclü silahlarla təchiz olunaraq gücləndirilməli, eyni zamanda NATO-ya qarşı həm 102 saylı briqadanı, İrəbuni aerodromu yaxınlığındakı qırıcı təyyarələrdən ibarət bazanı möhkəmləndirmək üçün silahların Ermənistana daşınmasının vacib olduğunu dilə gətirirlər. Baxmayaraq ki, son vaxtlar Rusiya ilə Türkiyə arasında yaxınlaşma var, amma bunlar ayrı-ayrı hərbi bloklarda təmsil olunduqları üçün işlərini möhkəm tutmağa çalışırlar. Qərb isə öz növbəsində tələb irəli sürür ki, regionda təhlükəsizliyə təhdid olan müəyyən problemlər aradan qaldırılmalıdır. Əks halda Rusiyaya tətbiq olunan sanksiyalar yığışdırılmayacaq, irimiqyaslı layihələrə qoşulmaq yasaqlanacaq. Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmalarının yaradılması Azərbaycan üçün birbaşa heç bir təhdid yaratmır, sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər.

- Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında imzalanan 2017-ci il üçün əməkdaşlıq müqaviləsi barədə nə deyə bilərsiniz?

- Azərbaycan hər zaman qonşu dövlət kimi Rusiya ilə münasibətləri normal şəkildə yürütməyə çalışır. Bir sıra sahələr üzrə ikitərəfli müqavilələrimiz mövcuddur ki, onlardan biri də hərbi sahəni əhatə edir. Hər hansı bir hərbi blokda birgə təmsil olunmasalar da, Azərbaycan da, Rusiya da MDB-nin üzvü kimi ümumi maraqlardan çıxış edir. Həmçinin Rusiya Dağlıq Qarabağ məsələsinin həlli üçün Ermənistana təsir edə biləcək dövlətdir və bu təsirin nəticəsində regional təhlükəsizliyə təhdid sayılan Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən müsbət addımlar atıla bilər. Azərbaycan heç bir təzyiq və ya təhdidlərə baxmayaraq bütün dövlətlərlə qarşılıqlı münasibətlərə hazırdır. Bunu həyata keçirilən xarici siyasətdən də müşahidə etmək olar.

- Ümumiyyətlə, Azərbaycan və Rusiya münasibətləri yenidən gözdən keçirilə bilərmi?

-Rusiya dünyada super güclü dövlətlər sırasındadır. Onun regionda yürütdüyü siyasət heç bir halda Azərbaycandan yan keçə bilməz. İstər Azərbaycanın Rusiyada, istərsə də Rusiyanın Azərbaycanda öz maraqları var. Bundan başqa Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir və Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığı ilə seçilir. Dağlıq Qarabağ münaqişəsinin həllində açar Rusiyanın əlindədir. Ona görə də əgər iki ölkə arasındakı münasibətlər gözdən keçirilərsə, Azərbaycanın maraqları çərçivəsində baş verməlidir. Elə etmək lazımdır ki, Azərbaycan bundan xeyir götürsün. Azərbaycanla Qərbin həddən artıq yaxınlaşması Rusiyanı qıcıqlandıra bilər. Yəni Rusiya ilə də, Qərblə də ikitərəfli münasibətlər doğru şəkildə istiqamətləndirilməlidir. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin dünyada və regionda balanslı siyasət yürütməsi təqdirəlayiq qarşılanır.

- Sizcə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa rol oynayırmı?

-Düşünürəm ki, həmsədrlərin tez-tez dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir rol oynamır. ABŞ-ın həmsədri Ceyms Uorlikə nəzər salsaq görərik ki, bu insan hər şeydən öncə illərdir bu missiya ilə məşğul olan diplomat kimi  regionu çox yaxşı tanıyırdı. Sosial şəbəkələrdə mütəmadi olaraq regiona səfəri barədə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlara dair fikirlər paylaşaraq dünyanın diqqətini oraya çəkə bilirdi. Yəni əsas məsələ regionu yaxşı tanımaq, onun siyasətinə yaxından bələd olmaqdır. Digər məsələ isə odur ki, hər bir həmsədr öz dövlətinin mövqeyini sərgiləyir, şəxsi mövqeyini deyil. Burada təmsil olunan hər bir dövlətin öz məqsədi, siyasəti var. Bu baxımdan da hesab edirəm ki, həmsədrlərin dəyişdirilməsi heç də münaqişənin həllinə töhfə vermək deyil. Həmsədrləri dəyişmək əvəzinə, istər ABŞ, istər Fransa, istərsə də Rusiya Ermənistana təsir etmək mexanizmini gücləndirməlidir.

- Bilirsiniz ki, noyabrın 24-də Avropa Parlamenti Türkiyə-Avropa Birliyi arasında üzvlüklə bağlı müzakirələrin dondurulduğunu elan edib. Türkiyənin Avropa İttifaqına üzvlüyünün ləngidilməsinə səbəb nədir? Əgər Türkiyə İttifaqa üzv  olarsa nə baş verəcək?

-Birincisi, Türkiyə böyük aqrar dövlətdir. Əgər Türkiyə Avropa İttifaqına üzv olarsa, bununla da Avropada bir sıra dotasiya alan dövlətlər məhvə doğru gedəcək. Digər bir tərəfdən bu gün Avropaya miqrant axınının qarşısını alan məhz Türkiyədir. Başqa bir məsələ isə Türkiyə-Rusiya yaxınlaşmasının Avropada qıcıq yaratmasıdır. Əgər əvvəllər söhbət Türkiyənin Avropa bazarına girməsindən gedirdisə, bu gün Rusiya faktoru, miqrantlarla bağlı Türkiyənin atacağı addımlar, həmçinin ölüm hökmü və saxta insan haqlarının qorunması ilə bağlı ittihamlar ön plana çəkilir. Avropanın bu cür reaksiyası Ankara-Moskva yaxınlaşması və qardaş ölkənin verdiyi siyasi mesajların məntiqi nəticəsidir. Avropa Komissiyasının prezidenti Jan Klod Yunker dəfələrlə Ərdoğanla çox isti münasibətlərini və bölüşülməyəcək hər hansı bir problemlərinin olmadığını bəyan edib. Hiss olunur ki, bölüşülməyəcək problemlər var və bu, heç də xristian-islam qarşıdurması deyil. Təbii ki, prosesi bu məcraya yönəltmək istəyənlər də var. Hətta bir sıra Avropa skeptikləri Türkiyəni İŞİD və digər terror təşkilatlarını silahlandırmaqda ittiham edirlər. Hesab edirəm ki, Avropa İttifaqı və Türkiyə konkret nəticəyə gəlməli, bütün açıq qalan sualları cavablandırmalıdırlar.

İntizarə Məmmədova, 
Şəmsiyyə Əliqızı, “İki sahil”