Müsahibimiz Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeynidir
- Rauf müəllim, Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud durumunu, inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?
-Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prioritet oldu. Xüsusilə də ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı sahəsində çox böyük tarixi addımlar atıldı. 1997-ci ildə Azərbaycan ilə BMT arasında Əməkdaşlıq Memorandumu imzalandı. Memorandumun nəticəsi olaraq 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumu yaranıb. 2000-ci ildə Forumun təşəbbüsü və Milli Məclisin dəstəyi ilə “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında” Qanun qəbul olundu. Bu gün ölkədə 3000-ə qədər qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Hazırda ictimai sektorun, vətəndaş cəmiyyətinin inkişafını məhz bu təşkilatlar təmin edir. Dövlət hər zaman vətəndaş cəmiyyətinin inkişafına dəstək verib. Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti, Azərbaycan dövlətinin inkişafı kimi müqəddəs bir işi ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ötən 13 ildə qeyri-hökumət təşkilatlarının inkişafında bir neçə önəmli məqamları xüsusi qeyd etmək istərdim. Bu da ondan ibarətdir ki, 2007-ci ildə Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndi, 2008-ci ildə ilk dəfə olaraq MDB məkanında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarandı. Daha sonra ardıcıl olaraq Prezident yanında Gənclər Fondu, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu, Elmin İnkişafına Dəstək Fondu, Bilik Fondu yaradıldı. Vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət vəsaitinin ayrılması məsələsi həllini tapdı. İl ərzində 30-40 milyon manata qədər vəsait bilavasitə bu fondlar vasitəsilə qeyri-hökumət təşkilatlarına, gənclər təşkilatlarına, kütləvi informasiya vasitələrinə və bütövlükdə vətəndaş cəmiyyətinə ayrılır ki, onlar da həmin vəsaitin hesabına öz layihələrini, təşəbbüslərini gerçəkləşdirirlər. Gənclər bu təşkilata müraciət edə bilir və öz düşüncələrinin, layihələrinin həyata keçirilməsinə dəstək qazanırlar. Bir sözlə, bu illərdə dövlət tərəfindən QHT-lərin inkişafına hər cür şərait yaradılıb və biz də buna görə daim dövlətimizə, ölkə rəhbərliyinə minnətdarlığmızı ifadə edirik. Bu da bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını təmin edən dəyərlər, amillərdir.
- Dövlət-vətəndaş cəmiyyəti münasibətləri hansı səviyyədədir?
- Milli Qeyri-Hökumət Təşkilatları Forumu yarandığı gündən prioritet istiqamətlərdən biri QHT-lərin yaranması, formalaşması və inkişafı olub. Ötən dövr ərzində qəbul olunan qanunlar əsasında müxtəlif nazirliklərlə birbaşa ikitərəfli əlaqələrin yaradılması, memorandumların imzalanması, Milli Məclislə, o cümlədən mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlığın qurulması, eyni zamanda inkişaf etdirilməsi imkan yaradır ki, Forum bütün rayonlarda öz layihələrini uğurla həyata keçirsin. Bütün rayonlarda Forumun koordinasiya mərkəzləri yaradılıb. Eyni zamanda 6 regional resurs, təlim mərkəzləri fəaliyyət göstərir ki, bunlar da Şəmkir, Mingəçevir, Qəbələ, Şirvan, Quba və Bakıdır. Bu illər ərzində bu resurs və təlim mərkəzlərində təlimlər, seminarlar təşkil olunub ki, bunlar da qeyri-hökumət təşkilatlarının inkişafına öz töhfəsini verir. Təbii ki, problemlər də var. Amma əldə olunan uğurlar bu problemlərin də həllini stimullaşdırır.
- Prezident yanında QHT Şurasının yaradılması, QHT-lərin layihələrinin maliyyələşdirilməsi vətəndaş cəmiyyətinin inkişafına nə kimi təsir göstərib?
-Bildiyiniz kimi, bizdə milli donor institutu demək olar ki yox idi. Azərbayacanda milli maraqlarımızı, dəyərlərimizi qoruyan, müdafiə edən qeyri-hökumət təşkilatları vardır ki, onlar beynəlxalq təşkilatlardan qrant ala bilmirdilər. Buna görə də milli donor institutunun, həmçinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranması, fəaliyyət göstərməsi, bu illər ərzində yüzlərlə, minlərlə qeyri-hökumət təşkilatlarına qrantların ayrılması vətəndaş cəmiyyətinin inkişafında yeni bir mərhələnin əsasını qoydu. Yaranmış bu imkanlardan səmərəli istifadə edərək, Azərbaycanın milli mənəvi dəyərlərinin qorunub saxlanması və inkişafı, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımına beynəlxalq dəstək və s. kimi biri-birindən əhəmiyyətli addımlara, təşəbbüslərə bütün soydaşlarımızın, qeyri-hökumət təşkilatlarının qoşulmasında milli donor institutlarının çox böyük rolu var.
- Bu gün QHT-lər həqiqətən də üçüncü sektor funksiyasını yerinə yetirə bilirmi?
-Əlbəttə, vətəndaş cəmiyyəti geniş məhfumdur və üçüncü sektor da bizə aid olan sahədir. Qeyri-hökumət təşkilatları da bilavasitə onun aparıcı qüvvələridir. Çünki qeyri-hökumət təşkilatları da bir vətəndaş təşəbbüsüdür, vətəndaşın hüquq və azadlıqlardan istifadə etməsi imkanlarıdır. Dövlət səviyyəsində bunun üçün bütün şərait yaradılıb. Qeyri-hökumət təşkilatları üçüncü sektorun avanqard qüvvəsidir. Diqqət yetirin, əvvəllər bir qeyri-hökumət təşkilatı Azərbaycanda çox geniş fəaliyyət göstərə bilmirdi. Amma indi dünya ölkələrində Xocalı soyqırımı, Azərbaycan həqiqətləri və digər məsələlərlə bağlı beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlər dünyaya səs salır. Bu məsələ çox ciddi məsələdir. 10 il bundan əvvəl biz bu imkanlara malik deyildik. İndi imkanlarımız artıb və biz də bu imkanlardan daha səmərəli şəkildə istifadə etməliyik.
- Bu sahədə mövcud problemlərin həlli istiqamətində hansı addımlar atılır?
-Bizim problemlərimiz daim keçirdiyimiz tədbirlərin Azərbaycan mətbuatında işıqlandırılması yolu ilə açıqlanır. İqtisadi, maliyyə, maddi-texniki bazanın gücləndirilməsi və s. kimi problemlər aradan qaldırılmalıdır. Bu illər ərzində özəl sektor da yüksəlişdə, inkişafdadır. Əsas üç sektor vardır- dövlət, özəl, ictimai. Məsələn, biz bu gün vətəndaş cəmiyyətini gücləndirmək, ölkəmizi daha da inkişaf etdirmək istəyiriksə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu öz əksini tapıb. Ona görə biz bunu düşünürüksə, vətəndaş cəmiyyətinin nailiyyətlərini, irili-xırdalı hər hansı problemləri, maliyyə problemlərini açıqlamalıyıq. Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə hökumət-vətəndaş cəmiyyətinin dialoq forması yarandı və bunun əsas məqsədi qeyri-hökumət təşkilatları ilə əhatə olunur. Hər hansı bürokratik əngəllər, məsələlər araşdırılır və aidiyyəti qurumlara təqdim olunur ki, öz həllini tapsın. Problemlər var. Əsas budur ki, onların həlli istiqamətində səy göstərilsin. Ölkə Prezidentinin Sərəncamı ilə QHT nümayəndələri bir çox dövlət təşkilatlarında fəaliyyət göstərirlər.
- Fırıldaqçılığı, xəyanəti özlərinə başlıca qazanc yolu seçmiş bir sıra QHT-lərin əsl siması və məqsədi cəmiyyətimizə bəllidir. Bəzi dairələr ölkədəki sabitliyə xələl gətirmək məqsədilə QHT-lərdən vasitə kimi istifadə edirlər. Bununla bağlı fikirlərinizi bilmək istərdik?
-Ümumiyyətlə, o məhfumu qəbul etmirəm. Çünki o niyyətli insanlar hər sahədə ola bilər. Bu da onun əqidəsindən, tutduğu yoldan qaynaqlanır. Azərbaycan azad, demokratik, insanın hüquqlarına hörmətlə yanaşan ölkə, o cümlədən multikulturalizmin, tolerantlığın mərkəzidir. Nəzərə alsaq ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də mövcuddur, bu halda hər bir Azərbaycan vətəndaşının borcu davamlı inkişafa dəstək olmaq, çalışdığı sahədən asılı olaraq öz töhfəsini verməkdir.
Azərbaycan dialoq mərkəzidir. Bu gün Azərbaycanda keçirilən humanitar forumlar bunu deməyə əsas verir ki, hazırda dünyamızın aparıcı beyin mərkəzləri, liderləri ölkəmizə toplaşaraq nəinki Azərbaycanda, həmçinin dünyada cərəyan edən prosesləri müzakirə edir, ortaq mövqe nümayiş etdirirlər. Azərbaycan bu kimi tədbirlərlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir.
Azərbaycana maraq günbəgün artır. Təbii ki, ölkəmizin uğurlarını qəbul edənlərlə yanaşı, həzm etməyənlər də var. Bu yanaşma qərəzli fikirlərin yaranmasına səbəb olmaya bilməz. Biz də gərək vətəndaş cəmiyyətini o qədər gücləndirək, inkişaf etdirək ki, bütün vətəndaşlar o cəmiyyətlərdə təmsil olunsunlar. Ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarını birliyimizi, həmrəyliyimizi ortaya qoymaqla cavablandıraq. Bu, bizim vətəndaşlıq borcumuzdur.
Şəmsiyyə Əliqızı, Röya Şahbazi,
Vüsal Cahanov (foto), “İki sahil”