21 yanvar 2026 12:13
151

Anatoli Çubays barəsində yeni MƏHKƏMƏ İŞİ

Məhkəmə icraçıları “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubays barəsində əmlakın həbs edilməsi ilə bağlı daha bir icra icraatı başladıb.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS agentliyi məhkəmə və digər materiallara istinadla məlumat yayıb.

Agentliyin dəqiqləşdirdiyinə görə, müvafiq materiallar Moskva Arbitraj Məhkəməsindən daxil olub. Sənədlərdən məlum olur ki, Anatoli Çubaysın bank hesablarına 11,9 milyard rubl məbləğində təminat xarakterli həbs qoyulub. Məhz bu qərar əsasında məhkəmə icraçıları yeni icra icraatını açıb.

Xatırladaq ki, dekabrın 12-də “Rosnano” korporasiyası keçmiş rəhbərliyə qarşı Crocus layihəsi üzrə 11,9 milyard rubl məbləğində ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Layihənin məqsədi Rusiyada maqnitorezistiv operativ yaddaş (MRA) istehsalının yaradılması idi. Məhkəmə qərarı ilə Anatoli Çubaysın, eləcə də iş üzrə digər cavabdehlərin hesabları həbs edilib. Ümumilikdə iddia üzrə “Rosnano”nun fəaliyyəti ilə əlaqəli 13 nəfər məsuliyyətə cəlb olunub.

Bundan əlavə, aprelin əvvəlində Moskva Arbitraj Məhkəməsi “Rosnano”nun başqa bir iddiası çərçivəsində Anatoli Çubaysın və daha yeddi cavabdehin 5,6 milyard rubl dəyərində aktivlərini həbs etmişdi. Buna cavab olaraq Çubays təminat tədbirlərinin ləğvi ilə bağlı vəsatət qaldırmışdı.