14 yanvar 2026 00:14
87

Bağımızın dadlı nemətləri gündoğar Yaponiyada sərgilənəcək

Ölkəmiz bir qayda olaraq beynəlxalq miqyasda keçirilən tədbirlərdə iştirak edir. Növbəti tədbir gündoğar ölkə olan Yaponiyada keçiriləcək və orada Azərbaycan bağçıları da iştirak edəcəklər.

Azərbaycan "Ekspo 2027 Yokohama" Beynəlxalq Bağçılıq Sərgisində iştirakını təsdiq edib. Bu barədə müqavilə Beynəlxalq Bağçılıq Sərgisi üzrə Yaponiya Assosiasiyası və Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Mərkəzi arasında imzalanıb. 

"Ekspo 2027 Yokohama" Beynəlxalq Bağçılıq Sərgisi gələn il martın 19-dan sentyabrın 26-na kimi Yaponiyanın Kanaqava prefekturasında yerləşən Yokohama şəhərində keçiriləcək. 

"Xoşbəxtlik naminə gələcəyin mənzərəsi" ("Scenery of the Future for Happiness") mövzusunu əhatə edəcək sərgiyə 15 milyondan çox ziyarətçinin gəlişi gözlənilir. Azərbaycan pavilyonu sərginin "Birgə mövcudluq" ("Co-existence") alt bölümü mövzusunda yaradılacaq. Ölkəmiz bağçılıq sərgisinə diqqətçəkən nailiyyətləri ilə gedəcək.

Qeyd etməliyik ki, Azərbaycanda qədimdən bağçılıq ənənəsi mövcud olub və bu gün də davam etdirilməkdədir. Ağac əkməyi və becərib böyütməyi, yaşıllıqlar salmağı aqil babalarımız xeyirxah bir əməl kimi qiymətləndiriblər. Xalq arasında bir rəvayətdə söylənilir ki, yaşı yüzə çatmış qoca bir kişi körpə ağac tingi əkir. Buradan keçən gənc oğlan baxıb gülür və maraqla soruşur: “Ay baba, sən bunun meyvəsindən yeyəcəksənmi?”

Kişi başa düşür ki, gənc onun yaşının çox olmasına işarə edir. Deyir: “Oğlum əkiblər yemişik, mən də əkirəm ki, meyvələrini siz yeyəsiniz.” Ümummilli Liderimiz Heydər Əliyev təbiətin qorunmasına və zənginləşməsinə daim qayğı göstərib. Dahi rəhbər ağacların kəsilməməsini, əksinə, artırılmasını dönə-dönə tapşırırdı. Ağacəkmə kampaniyalarında özü də iştirak edirdi. Prezident İlham Əliyev isə son iyirmi iki ildə Azərbaycanı yaşıllıqlar ölkəsinə çevirib. Meşə massivləri genişləndirilir, hər yerdə ağacəkmə kampaniyaları zamanı minlərlə ting əkilir, yeni yaşıllıqlar salınır. Bakının mərkəzində Qış parkı paytaxt sakinlərinə ən qiymətli töhfədir. Orada nadir meşə ağac növləri və gül kolları əkilib, hər yerə yamyaşıl qazon döşənib, təpələr və dərələr düzəldilib. Balacaların istirahəti üçün əyləncə yerləri inşa edilib, köşklər tikilib. İlin bütün fəsillərində park yaşlı adamlarla və uşaqlarla dolu olur. Onlar orada qoyulmuş skamyalarda əyləşib sərinləyirlər. Park uşaqların səs-küyü ilə canlanır. Bu, onlar üçün ən yaxşı istirahətdir.

Bakı kəndlərində əkilmiş badam, zeytun, ərik, üzüm plantasiyaları həm havanı saflaşdırır, həm də meyvəsi ilə gəlir yerinə çevrilir. Məktəblərin, xəstəxanaların, idarə və müəssisələrin dörd bir yanı yaşıllaşdırılır, oksigeni artıran iynəyarpaqlı ağaclar əkilir. Ancaq təkcə əkməklə hər şey bitmir. Yaşıllıq üçün su lazımdır. Qarabağda münaqişə gedən illərdə su mənbələrinin müəyyən hissəsi Ermənistan qoşunlarıın işğalı altında saxlanırdı. Onlar yazda, yayda suyu kəsib anbarlara yığır və ya işğal altında saxladıqları ərazilərə axıdırdılar. Nəticədə aran rayonlarında yaşıllıqlar, bağlar quruyur, bostan və tərəvəz susuzluqdan məhv olur və hətta çoxillik ağaclar belə yandırıcı istilərə dözmürdü.

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə su ilə təminat barədə danışıldı. Prezident İlham Əliyev dedi: “Bu gün isə "Suqovuşan" su anbarı, "Sərsəng" su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda "Köndələnçay" - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda "Xaçınçay" su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş "Zabuxçay" su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - "Həkəriçay", "Bərgüşadçay" su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq.

Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır - Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır.”

Su dirilikdir-deyiblər, o varsa, deməli, bağlarımızın meyvəsi bol olacaq, yaşıllıqlar göz oxşayacaq, maldarlığın inkişafı üçün etibarlı yem bazası yaranacaq.

Nümayəndələrimiz uzaq Yaponiyaya meyvələrimizin dadını aparacaq, şübhəsizdir ki, gündoğar ölkədə bağ məhsullarımız sərgi iştirakçılarının marağına səbəb olacaq. Nəticədə Yaponiyadan Azərbaycana gələn turistlərin sayını daha da artacaq. Sərgi Yaponiya ictimaiyyətinə Azərbaycanın maraqlı ölkə olduğunu aşılayacaq. Tədbir Uzaq Şərq ölkəsində Azərbaycanın imicinin daha da yüksəlməsinə xidmət edəcək ki, bu da bizim uğurumuz hesab olunmalıdır.

Vəli İlyasov, “İki sahil”